525.Az

"Paşinyan Azərbaycanın haqlı mövqeyini qəbul etmək məcburiyyətindədir"


 

DÜNYA İQTİSADİ FORUMU ÇƏRÇİVƏSİNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN LİDERLƏR SƏVİYYƏSİNDƏ MÜZAKİRƏ OLUNMASI DÜNYANIN DİQQƏTİNİ BİR DAHA BU MƏSƏLƏYƏ YÖNƏLDİR

"Paşinyan Azərbaycanın haqlı mövqeyini qəbul etmək məcburiyyətindədir"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, yanvarın 22-də Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib.

Bu görüş Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilir. Əgər sentyabrın 28-də keçirilən görüş Ermənistan-Azərbaycan sərhəddi və qoşunların təmas xəttində insidentlərin qarşısının alınması üçün atəşkəsin möhkənləndirilməsi və operativ rabitə əlaqəsinin yaradılması ilə bağlı razılıq əldə olunmasıyla yadda qalmışdısa, dekabrın 6-dakı görüş danışıqlar prosesinin davam etdirilməsi, əsir və girovların "hamının hamıya" prinsipi ilə tam dəyişdirilməsi məsələsi gündəmə gətirilmişdi.

Davosda isə tərəflər 1 saatdan çox Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyətini müzakirə ediblər.

Düşənbə və Sankt-Peterburqda əldə olunan razılaşmalar Nikol Paşinyana hakimiyyəti formalaşdırmaq imkanı yaradıb ki, nəticədə, bu, Ermənistan rəhbərliyindən cinayətkar "Qarabağ klanı"nın tamamilə uzaqlaşdırılmasına imkan verib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev açıq şəkildə çıxışlarında bildirib ki, "Qarabağ klanı" - cinayətkar rejimin ifşa olunması, hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycanın da rolu var. Həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə atılan addımlar cinayətkar rejimin dalana dirənməsinə səbəb olmuşdu ki, nəticədə gözlənilən hadisə baş verdi: Ermənistanda günlərlə davam edən geniş etiraz aksiyaları nəticəsində Serj Sarkisyan hakimiyyəti təhvil verməyə məcbur oldu.

Düşmən ölkədə uzun illər zor gücü ilə hakimiyyəti əlində saxlamış, Azərbaycana qarşı işğalçılıq siyasətinə rəhbərlik etmiş Koçaryan-Sarkisyan cütlüyünün siyasi səhnədən qovulması münaqişə ilə bağlı danışıqların artıq kontruktiv məcrada inkişaf edəcəyinə dair ümidləri artırıb. Prezident İlham Əliyevin son çıxışlarında qeyd etdiyi kimi, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində əlverişli şərait yarana bilər. Regionun iqtisadi güc mərkəzinə çevrilən, qonşu ölkələrin mütləq əksəriyyəti ilə unikal əməkdaşlıq platformaları yaradan və təbii ki, bu fəaliyyətin uğurlarını siyasi müstəviyə daşıya bilən Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıq Ermənistanın işğal siyasətindən geri çəkilməsini şərtləndirir.

Bu mənada, 2018-ci ilin dekabrın 3-də İtaliyanın Milan şəhərində, 2019-cu ilin yanvarın 16-da Fransanın paytaxtı Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında baş tutan görüşlər müəyyən fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların başladığını göstərir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan Dağlıq Qarabağ danışıqları qarşı tərəfin heç bir əlavə şərti qəbul edilmədən prosesə cəlb edildiyini bir daha təsdiq edir. İnqilab nəticəsində düşmən ölkədə hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın bundan əvvəl səsləndirdiyi separatçı rejimin də danışıqlara cəlb olunması kimi qeyri-məqbul şərtlər nəticə verməyib, sülh prosesindən yayınma cəhdləri baş tutmayıb. Nəticədə, növbəti dəfə Parisdə görüşən xarici işlər nazirləri 4 saatdan çox danışıq aparıb, qarşılıqlı anlayış və etimada dair müəyyən razılığa gələ biliblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Bildirilib ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən, hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Şübhə yox ki, Dağlıq Qarabağ danışıqlarının davam etməsi, düşmən ölkənin prosesdən yayınma cəhdlərinin qarşısının alınması Azərbaycanın apardığı xarici siyasət - hücum diplomatiyası nəticəsində mümkün olub. Eyni zamanda, beynəlxalq, o cümlədən, regional əlaqələrdə balanslı siyasət həyata keçirən rəsmi Bakının yaratdığı əməkdaşlıq formatları, inkişaf etdirilən əlaqələr Ermənistanı məsələyə baxışını dəyişməyə vadar edir. Çünki Azərbaycan, Rusiya, Türkiyə, İran və Gürcüstanın iştirakı ilə həyata keçirilən ayrı-ayrı layihələr, o cümlədən, "Cənub Qaz Dəhlizi", "Şərq-Qərb" və "Cənub-Şimal" nəqliyyat dəhlizləri bütün tərəfləri qane edən əməkdaşlıq platformalarının yaranması ilə nəticələnib ki, bu da işğalçı ölkənin regionda təklənməsinə gətirib çıxarıb. Nəticədə, küncə sıxışdırılan düşmən vəziyyətinin daha da ağırlaşacağının fərqinə vararaq aqressiv mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb. Ona görə də Ermənistanda Nikol Paşinyanın formalaşdırdığı yeni hökumət iqtisadi problemlərin girovuna çevrilməməsi üçün çıxış yolunun Azərbaycanla əlaqələri bərpa etmək olduğunu dərk etməyə başlayıb. Münasibətlərin bərpası isə Dağlıq Qarabağ münaqişəsinin həlli - işğal olunmuş torpaqların geri qaytarılmasından keçir.

Azərbaycan prezidenti İlham Əliyevin Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ilə bağlı "525"ə fikirlərini bildirən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı bütün çıxışlarında, beynəlxalq tribunalarda Dağlıq Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistanın işğal altında olan torpaqları dərhal azad etməsini bəyan edir: "Bu cür qəti mövqe və sərt bəyanatlar atılan uğurlu addımlar sayəsində daha da möhkəmlənir".

Baş redaktor vurğulayıb ki, Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. O hesab edir ki, işğalçı Ermənistan rəhbərliyi də artıq bunu başa düşüb: "Düşmən ölkə torpaqları geri qaytarmaqdan başqa çıxış yolu olmadığını anlayır. Bu mənada, Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar müsbət meyllərin olduğunu göstərir və gələcəyə nikbin baxmağa əsas verir".

Politoloq Elşad Mirbəşiroğlu isə qeyd edib ki, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş təmasların intensivləşdirilməsi və ölkəmizin ədalətli mövqeyinin ardıcıl müdafiə olunması istiqamətində növbəti bir addım idi. O, "Trend"ə bildirib ki, Davos Forumu çərçivəsində Prezident İlham Əliyevlə N.Paşinyan arasında sayca üçüncü görüş baş tutub: "Bundan öncə Düşənbə görüşü zamanı tərəflər sərhəddə vəziyyətin nəzarətdə saxlanılması, təmasların davam etdirilməsi və münaqişənin dinc tənzimlənməsi prinsiplərinə sadiq qalacaqları barədə şifahi razılıq əldə ediblər. Elə Düşənbə görüşü zamanı müşahidə etdik ki, Paşinyan əvvəlki sərt ritorikasından tamamilə imtina edib. O, hakimiyyəti yeni ələ keçirdiyi vaxtlarda Dağlıq Qarabağın Ermənistanın tərkibinə birləşdirilməsi, danışıqlar prosesində qondarma rejimin də ayrıca tərəf kimi iştirakının vacibliyi ilə bağlı pafoslu çıxışlara üstünlük verirdi. Məqsəd kütlənin şüuruna yenə də Ermənistanın əvvəlki rəhbərləri kimi "Qarabağ" kartı ilə təsir etmək və onların dəstəyini qazanmaq idi. Çünki Paşinyanın elektorat qazanmaq üçün təklif edəcəyi başqa bir şey yox idi".

Politoloq qeyd edib ki, Düşənbə görüşü zamanı N.Paşinyan əvvəl səsləndirdiyi sərsəm fikirlərdən heç birini dilə gətirmədi: "Bu isə o demək idi ki, onun Azərbaycanın mövqeyi haqqında dəqiq məlumatı var və bu haqlı mövqeni qəbul etmək məcburiyyətindədir".

E.Mirbəşiroğlunun sözlərinə görə, Davosdakı görüş də planlaşdırılmadığı üçün əvvəlcədən anonsu verilməmişdi: "İstənilən halda bu görüş bir neçə prizmadan əhəmiyyətli kimi qiymətləndirilə bilər. Hər şeydən öncə münaqişə tərəfləri arasında ali səviyyədə ümumi vəziyyətlə bağlı müzakirələrin aparılması əhəmiyyətlidir".

Politoloq əlavə edib ki, Azərbaycan prezidentinin ölkəmizin mövqeyini bir daha bəyan etməsi həm Ermənistana, həm də Dünya İqtisadi Forumu kimi mötəbər tədbirin iştirakçılarına növbəti işarədir: "Davos Forumu dünyanı kiçik bir məkana sığışdıran tədbirdir. Belə bir forum çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin liderlər səviyyəsində müzakirə olunması dünyanın diqqətini bir daha bu məsələyə yönəldir. Həmçinin hesab edirəm ki, Davos görüşü işğalçı Ermənistanın rəhbərində müəyyən qədər məsuliyyət hissini artıra bilər. Çünki xatırladım ki, Düşənbə görüşündən sonra Paşinyan özünün "Facebook" səhifəsində görüşün nəticələri ilə bağlı dərhal qondarma rejimin rəhbəri Bako Saakyanla danışdığını bildirib. Yəni Paşinyan işarə edib ki, cəbhədə atəşkəs rejiminə əməl olunması ilə bağlı üzərinə götürdüyü şifahi öhdəliyə əməl etmək istəyir. Aydın məsələdir ki, təmas xəttində atəşkəs rejimini pozan və insidentlər törədən işğalçı Ermənistandır. Bu baxımdan bütün hallarda Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri arasında baş tutmuş görüş təmasların intensivləşdirilməsi və Azərbaycanın ədalətli mövqeyinin ardıcıl müdafiə olunması istiqamətində növbəti bir addım idi".

Ceyhun ABASOV

 





25.01.2019    çap et  çap et