Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik. Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşə
m mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!
Esmira Fuad
Filologiya elmləri doktoru
1969-cu ildə Təbrizdə dünyaya göz açıb. İlk və orta təsilini Miyanada bitirib. 1989-cu ildə Tehran Tibb Universitetinə daxil olub. Tələbəlik illərində dostlarının təşəbbüsü ilə qurulmuş "Azərbaycan türkcəsi dil bilgisi" kurslarında iştirak edib və professor Hüseyn Sədiqdən dərs alıb. O illərdə Quzey Azərbaycanın müstəqilliyini əldə etməsi, Dağlıq Qarabağ uğrunda Ermənistanın Azərbaycana qarşı apardığı elan olunmamış müharibə, savaşda yaralananların bir qrupunun rəhmətlik doktor Cavad Heyətin yardımı ilə Tehran xəstəxanalarına gətirilib müalicə olunması və onları görüb ünsiyyət etməsi qəlbində və yaradıcılığında dərin izlər buraxıb. 2016-cı ilin əvvəllərində "Gül axıtdı" adlı ilk öykülər (hekayələr) kitabı işıq üzü görüb. Kitaba onun iyirmi üç adda kiçik həcmli - minimal öyküsü daxil edilib. İyirmi yeddi minimal öyküsünün yer aldığı "Dilmanc" adlı yeni toplusu Təbrizdə yayın evinə çap edilib.
Bu gün Rəsul Qədiri, demək olar ki, yaradıcılığının ən məhsuldar dövrünü yaşayır və dərin anlam daşıyan ilginc şeir və nəsr əsərləri - öykü qələmə alaraq çağdaş dövr Güney Azərbaycan ədəbiyyatına, bütövlükdə mədəniyyətimizə öz töhfələrini verir. Səlis, aydın bir dillə, şirin Təbriz şivəsində oxucularına sunduğu şeir və öyküləri ilə vətəndaş şair ana dilinin gəlişməsində müstəsna xidmətlər göstərir...
Acı əfsanə
Yaradan, insanların hamısını
özü kimi yalnız yaradıb...
Sevgi - uzaqdan görünən bir tablo,
uzaqda çalınan təbil!
Çiyinlərimizdən iki göyərçin uçdu,
Göyün şeh beşiyində
dimdik-dimdiyə dayandılar,
Külək buludları itələyirdi,
Rəhmsiz ovçu bir gözünü yummuşdu,
İki lüləli tüfənginin
dar dəliyindən baxırdı onlara,
Lülələr qaranlıq dalan kimi,
Dalanın dibində bir cüt köpək gizlənmişdi,
Barmaq tətik üstündə,
Göyərçinlər gözlərini yummuşdular,
Zaman bir an dayanmışdı,
Ovçu tətiyi çəkdi,
Yırtıcı köpəklərin zəncirini açdı,
Hürmək səsi buludları da diksindirdi,
Lələklər ovçunun başına sovruldu,
Qan yağışı yağdı başımıza,
Sevgi beşiyinə azadlıq qanı damdı,
Ax, ağılsız ağıl, ax...
Nə qazanırsan sevgi qanına yerikləməkdən,
Sevgi meydanını qanla suvarmaqdan?!
Kaş ki heç yetişməyəydik bir-birimizə,
Sevgili olaydıq, Sevgili qalaydıq,
Heç birimiz bilmədən...
Uydurma eşq acı əfsanədir,
Xoş özlərini tovlaya bilənlərin halına...
Bura Orta Şərqdi
Burası Şərqdi,
Bitmək bilmir burada ölüm karnavalları,
Körpələr bombalarla əmizdirilir,
Analar mərmilərlə döşlərini doldurur,
Atalar da, güllələrin mahnısı ilə tans edir...
Xirosima körpələri, yurdumuzun Şərqi Xocalıda,
Naqasaki yeniyetmələri Türkmən dağında
quylansaydı,
bizim uşaqlar da məzarlarında qorxmazdılar, bəlkə...
Körpələrimiz yalnız, Analarımız kimsəsiz,
Hindistanda ildə bir gün boyalar karnavalı olar,
İspaniyada pomidor şənliyi vardır,
Ancaq Şərqdə gündə bir tarix, ildə bir ömür,
lalələr bitir üzü qara torpaqlardan.
Artıq heyvanlar da, bir-birilərini alçaldanda
"adam balası, adam" deyirlər...
Bura Şərqdi,
Hər gün rus ruletkası oynayırlar burada,
Güllə darağının yalnız bir xanası boşdur,
Göylərində boşbeyinli,
daşürəkli dəmir quşlar uçur,
Dimdiklərində bomba,
Adresləri yanlış,
Tarlalarında güllər yerinə güllələr əkilir,
Xanlar suvarır tarlalarını,
Çaylarının hamısı Qızılüzəndir,
Nəhəng qızılalalar
o çaylardan tutulur,
Bütün qara torpaqlarına
qırmızı xalçalar döşənməyincə,
karnaval bitməyəcək sanıram...
Bura Şərqdi...
Ölülər də savaşırlar burada,
Məktəblər bir-birinin üstünə qusur,
Polislər də kədərlənir bəlkə,
Tanrım, harada gizlənibsən?
Ya özünü yaratmayaydın, ya da Orta Şərqi,
Bu karnavalın cavabdehi kimdir?..
Heç mənim yolumu gözləyirdinmi?
Mən səni gözlədim bilirsən, necə,
Şüşəyə qoyulmuş bir məktub kimi,
Bir zaman atıldı avtomobildən,
Qurumuş dənizin dalğalarına,
İndisə quylanıb duza torpağa...
Mən səni gözlədim bilirsən, necə,
Bələkdə ağlayan bir körpə kimi,
Atası getmişdi savaşa bir gün,
Otuz il ötüb də savaş da bitib,
Hələ də gözləyir atası gəlsin...
Mən səni gözlədim bilirsən, necə,
Dodağı çatlamış tarlalar kimi,
Yağışın nağılın gündə eşidər,
Susamış ağacdan qurumuş çaydan...
Bu günlər, bu aylar, bu illər sən də,
Heç mənim yolumu gözləyirdinmi?...
Biri açıb oxusun məni
Beli bükülü qaldım şüşənin içində,
Kimsə qatımı açmadı,
Hərdən,
sabah-sabah böyrümə toxunan gəmilər,
diksindirir canımı...
Dalğalarla tans edirəm,
Fırtınalar acıdır yolunu azmış ruhumu...
Dənizin eniş-qalxmasına çarəsizəm,
İllərdir günəşi Şərqdə salamlayıram,
Qərbdə əl yelləyirəm ona hər axşam,
Yakamoz beşiyində yatıram gecələr,
Dəniz quşlarının səsinə ayılıram səhərlər,
Günlərin sayını itirmişəm,
itkin varlığım kimi...
Bəzən udur məni naqqalar bir dəlikdən,
buraxır başqa dəlikdən,
Hansı okeandayam bu an?
Haraya baxıram sudur,
Nə məni təkinə cumduran,
nə də sahilə çatdıran dəniz...
Sahilin adresini bilən varmı?
Mən, Donduran ayın ortalarında,
Naməlum bir sahildən,
mantarlı şüşə içində,
burum-burum burulub,
dənizə atılan oxunmamış məktubam...
Biri açsın oxusun məni, nə olar!
Qurtarsın ruhumu didərginlikdən,
Mən dənizdən qorxuram artıq..
Ağlama, gözəlim
Sil gözlərini, ağlama gözəlim,
"Urmu gölü"nü də boş ver, məni də,
Qoy sevincini görə bilməyənlərin
göz yaşı doldursun gölü.
Mən qəhqəhənə vurğunam.
Ağlama,
Dünyaya yazığın gəlmirmi heç?!
Ağlarsan dünyanı sellər aparar...
Bircə bizim yurdumuzdan yaz qoxusu uçub gedib
Barmaqlarımda siqaret, ürəyimdə sən,
Başımda xəyalın, bir də sənsizliyim!
Yerin boş idi!
Biz dördümüz ulduzsuz bir gecədə
Səndən danışırdıq...
Nə mutlu mənə, daha yalnız deyiləm!..
Bahar gəldi, ətəyini yığışdırıb şaxta qaçdı.
Günəş buludları yana çəkib güldü,
İşıq saçdı, qaranlıqlar axşamına çıraq oldu,
Sərçələr də himləşdilər, budaqlara qonuşdular,
Səs bir olub ağacların qulağına oxudular,
Nə yatıbsız? Bahar gəlib durun artıq!
Ağac dərin yuxusundan oyanaraq,
gərnəşərək, gözlərini ovuşdurdu,
Yağış yağdı, budaqları yuyundurdu,
Qaranquşlar qayıtdılar,
Bəy göyərçin budaqların zirvəsində y uva qurdu,
Qığıldayıb yoldaşını danışdırdı.
Şəlalələr qayaların qucağında züy gedərək,
ətəyinə tökülərək
dağın-daşın sinəsini ovuşdurdu.
Bircə bizim yurdumuzdan
yaz qoxusu uçub gedib,
Flaminqo küsüb gedib,
Qonşuların sahilinə köçüb gedib,
Əynimizə qəm donunu biçib gedib,
Torpağımız yad əlində,
Ermənilər əsgərinin çəkməsinə ayaqlanır.
İgidləri əsgər olan anaların
iki gözü yolda qalıb,
"Xocalı"da şəhid olan körpələrin
intiqamı yerdə qalıb,
Fəsil-fəsil arxasından gəlir keçir,
Amma nədən qara günlər bizi seçir?
Xalqımızın üzü gülmür,
Ana dili anaların dodağından asılıbdır...
Bayram adlı adi bir gün,
Yaz deyilən yaşıl fəsil,
Qara günün xatirəsin silə bilməz,
Azadlığa həsrət qalan,
parça-parça tikələnən
xalqın üzü gülə bilməz...
Yapışmışam dustağımın məftilindən,
Qonşuların Bayramını izləyirəm...
keşkə mən də quş olaydım,
Yoxsa bircə qarçiçəyi,
Xoş halına sərçələrin, ağacların, çiçəklərin...
Təbiətin fəsilləri sınırsızdır...
Rəsul QƏDİRİ
çap et