525.Az

Botanika bağında səhər düşüncələri


 

Botanika bağında səhər düşüncələri<b style="color:red"></b>

... Axşamçağı idi. Quzuları çəpərə qatdıqdan sonra, dayım mənə dedi ki, "eşşəyimiz obada deyil, get gör hardadı, tap gətir!"

Cin vurdu başıma. "Axı mən yorulmuşam, indicə quzuları otarmaqdan gəlmişəm. Səhər də quzuya mən getmişəm! Sən bütün günü obada qalıb kef etmisən! Mələk-dümbələk oynamısan! Həbə çillo oynamısan! Xaş-xaşa getmisən! Saqqıza getmisən! Meşəyə gəzməyə getmisən! Niyə məni gözləyirdin ki, vaxtında gedib o eşşəyi gətirərdin də!" -dedim. Amma ürəyimdə dedim. O, məndən üç yaş böyük olduğu üçün, qorxudan bunları deyə bilmirdim. Məni vurardı, döyərdi... Mən o boz heyvanı tapıb gətirənə kimi, beləcə ürəyimdə ona çox sözlər deyər, onu söyər, həm də əsəbdən az qala ağlayardım... Növbəti bu cür hadisə təkrarlananda, yenə ürəyimdə onunla dalaşmağa başladım.. əsəbiləşdim... O, bunu hiss edirdi və deyirdi: "İçini yeyə-yeyə getmə! Ona görə kökəlmirsən!"

Və mən yolda öz-özümə düşünürdüm. "Bir halda ki, mən onun dediyini edirəm, bu əziyyəti çəkirəm, üstəlik, həm də niyə əsəbiləşim? Elə olmaz ki, gülə-gülə, fit çala-çala gedim o boz heyvanı tapım, bir az da minib o yan-bu yana cüt ayaq qaçırdım, kefi kök obaya gəlim?" Və belə də etdim. Bunu özümə vərdiş etdirdim. Öz mənfi xüsusiyyətimi tərbiyə edə bildim.

Və uzun illər keçsə də, bu, mənim yadımda qaldı. Özüm dərk etdiyim mənfi xüsusiyyətlərimi tərbiyə etməyi, faydalı vərdişlər qazanmağı qarşıya məqsəd qoydum. İndi səhər-səhər Botanika bağında gəzirəm, o hadisəni xatırlayıram... Düşüncə və xəyallarımın müsbət və mənfi müstəvilərdə dolaşdığını hiss edirəm. Ümumiyyətlə, insanın düşüncələri və buna uyğun olaraq da əməlləri ömrü boyu gah sıfırın solunda - şeytan tərəfdə, gah da sağında - mələk tərəfdə gəzişir. Və bəlkə də bu yürüşün riyazi ortaq rəqəmi İLAHİ qiymətləndirmənin əsas meyarıdır... Özümə sual verirəm ki - axı nə üçün bu cür sağlam havada, bir-birindən əsrarəngiz bitkilərin arasında mən mənasız düşüncələrlə gəzməliyəm? Xəyallarım şeytani hisslərin qanadları ilə uçmalıdır? Sağlamlıq təkcə təmiz havada sürətli piyada yerişlə möhkəmlənir?.. Xeyr! Belə deyil, REAL SAĞLAMLIQ - ruhun, mənəviyyatın, düşüncə və hisslərin fiziki sağlamlıqla vəhdətindədir. Yəni biz fiziki tərbiyə ilə mənəvi tərbiyəni birgə aparanda effektli, real sağlamlıq əldə edə bilərik. İbn Sina deyirdi ki, "bizim sağlamlığımızı daha çox idarə edən, gözlə görünməyən böyük qüvvə vardır. Bu, bizim hisslərimiz və düşüncələrimizdir"... Mən bunu çoxdan, lap uşaq vaxt bir aptekdə divardakı yazıdan oxumuşdum. Görünür, o aptekçi də dərman satmaqdan bezmiş, dərmanların faydasız olduğu fikrini divardan asmışdır... Necə ki, biz çox vaxt düşüncə və hisslərimizi nəfsimizdən asırıq. Bax elə bu səbəblərdən orucluq real sağlamlığa aparan - ruhi, mənəvi, düşüncə və fiziki pəhriz, tərbiyə faydalı vərdişlər sistemini özündə ehtiva edən yollardan biridir...

Sonuncu fikir, mənə müəyyən qərar çıxarmağa kömək edir... Bağda yürüş zamanı ancaq ALLAHı dərk etməyə yönəlik düşüncələrlə beynimi məşğul etmək... Belə etməyi özümdə vərdişə çevirmək istəyirəm. Təkrar-təkrar "Fatihə" surəsini ürəyimdə deyirəm. Amma ana dilimizdə. Nə qədər etdimsə, bu 7 cümləni ərəbcə əzbərləyə bilmədim. Yadımda qalmadı. Ümumiyyətlə, mənasını başa düşmədiyim mətinləri yadımda saxlaya bilmirəm. Eyni zamanda, hadisələri və insanları da... O şeyi ki, dərk edirəm, həmişəlik yadımda qalır.. Bunu faydalı xüsusiyyət hesab edirəm. Mənasız şeyi yadda saxlamağın nə mənası vardır?

Sürətlə yeriyirəm. Yaradanı düşünmək, dərk etməyə çalışmaq. Bunu ürəklə etmək, necə gözəl, sakit, möhtəşəm hisslərdir. Bu hisslər kimi möhtəşəm bir çinar ağacının yanından keçirəm. Onun çox kiçik, təxminən küncüd boyda toxumunu gözlərinizin önünə gətirin. Deyək ki, əlli il.. bu əlli ili nəzərə almayın. O kiçik toxum bu boyda nəhəng ağaca çevrilir. Və bu qədər biokütlənin hamısı təkcə torpaqdan udulmuş su, mineral maddələr və havadan udulmuş oksigen və karbon qazının, fotosintez nəticəsində əmələ gələn üzvi maddələrin birgə məcmusundan ibarət deyil. Bu biokütlənin müəyyən hissəsi günəşdən gəlmişdir. Yarpaqlar tərəfindən udulan işıq kvantlarının enerjisi mürəkkəb üzvi birləşmələrin kimyəvi rabitələrindəki enerji formasında toplanmışdır. İnsan da bu enerjidən istifadə edir. Ya bir başa, ya da heyvan mənşəli qidalar vasitəsi ilə... Demək, canlılar üçün yeganə enerji mənbəyi günəşdir. Enerji yığını isə kütlə, kütlə özü isə enerji yığınıdır. Böyük alim Eynşteynin məşhur düsturu da bunu sübut edir. Deməli, bütün canlıların, o cümlədən də insanın biokütləsinin bir hissəsi günəşdən gəlmişdir (ALLAH eləməsin ki, bir də ora qayıdaq)... Necə möhtəşəm sistem, nizam intizamlı aləm... "Həmd olsun aləmlərin Pərvardigarına" - deyirəm. Nə qədər aləmlər vardır? - ALLAH bilir. Və hamısı ALLAHIN qüdrəti, istəyi, məqsədi ilə nizamlanmış, bir-biri ilə vəhdətdə olub, onun nəzarətindədir. Hökmünə tabedir. Quranda deyilir ki, hər nə yaradılıbsa, ALLAHa ibadət edir. Təkcə bəzi insanlardan başqa.

Bütün bunları düşündükcə, yaradılanlar haqqında, təbiətin qayda-qanunlarını az da olsa dərk etdikcə, həm təəssüflənirsən, həm də xoşbəxtlik - elə bir zövq ki, dünyəvidən çox İLAHİ zövqə yaxın - hiss edirsən. Təəssüflənirsən ona görə ki, həqiqətlərin, elmin çox cüzi hissəsini bilirsən. Amma Tanrının öz elminin az da olsa bir hissəsini dərk etməyə icazə verdiyini anlayınca, bənzərsiz zövq alırsan.

Diqqətimi gəzintiyə çıxmış, beli bir az bükük, yaşlı kişi cəlb edir. Onu müşahidə etməyə başlayıram. O, daha çox sərvlərin, şamların yanı ilə gəzir. Az qalır ki, özünü bu həmişəyaşıl, bu vaxtlar daha çox oksigen verən ağaclara yapışdırsın. Deməli, ağaclardan sağlamlıq dilənir. Onlara pənah aparır. Qocalıqdan, əzrayıldan qaçıb, ağacların oksigen dənizində üzmək, güc toplamaq istəyir... Pis qoca! Buna bax, canının qədrini nə bilir! Bəlkə də güclü vaxtı bir ağac əkməyib. Gücsüz pöhrəyə heç bir kömək etməyib! Su verməyib. Onlara yaxşlıq etməklə ALLAHa ibadət etməyib. Bəlkə də necə vəzifələr tutub, haram pullarını kefdə-damaqda keçirməyə, mülk yığmağa sərf edib! Ölməmək üçün inildəyən, yarpaqlarının bir hissəsi ilə vidalaşan tinglərə mənasız insan qüruru ilə baxıb. İndi ağaclar bu qoca insanı niyə yaşatmalıdır?! Ona oksigen verməlidir, gəncləşdirməlidir?! Deyəsən, bu ağaclar da, hərdəmxəyal, vecsiz, etibarsız bir şeylərdir... Yaxşını pisdən, sahibi düşməndən ayıra bilmirlər. Belə olmasıydı indi Cıdır düzündə xarı bülbül bitməzdi. Şuşada alçalar eyni   tərzdə çiçəkləməzdi. Niyə ağaclar insanlara fərq qoymurlar?

Əsəbiləşirəm, yoruluram! Necə oldu düşüncələrim gəlib insanın üzərinə çıxdı? Axı mən onları tərbiyə etmək istəyirdim? Pis düşüncələr insan görəndə ortaya çıxır? Ya elə günəşin dalğa və zərrəcik kimi dualizm xüsusiyyətləri insan düşüncələrində də təzahür edib? Axı insanın bir hissəsi günəşdəndir... Düşücələrdə ikiüzlülük, şeytan və mələk xisləti təbiidir, qaçılmazdır? Xəstəlik və sağlamlıq kimi. Xeyr! Möhtəşəm tənzimləyici vardır. İradə. Ancaq İNSANda olan iradə... O, düşüncə və hissləri istiqamətləndirə, paklaşadıra bilər. Çirklənmiş havasını təmizləyə bilər. İradə elə mənəviyyatımızın ağaclarıdır... Bərkidir, eroziyadan qoruyur, sağlamlaşdırır. Necə ki, fiziki xəstəlikləri sağaltmaq mümkündür.

Bəlkə o yaşlı insan çox xeyirxah insandır? Ömrü zəhmətlə keçib? İndi-indi ağ günə çıxıb, özü üçün gəzir... Həm də görünür iradəli, nizam-intizamlı insandır ki, yuxusuna haram qatıb, alatoranda burda gəzir. Bəlkə də vaxtı ilə nə qədər tinglər əkib. İndi ağaclardan ayrıla bilmir, onları sevir. Heç onu oksigen filan maraqlandırmır..

Şuşadakı Xarı bülbül, alçalar çiçəkləyirlər ki, yaşasınlar. Çoxalsınlar. Bu, elə mübarizədir. Və o çiçəklər öz sahiblərini gözləmək ümidindən alınan gücün gözəlliyinin, ətrinin daha pak aləmdə təzahür formalarıdır...

Kefim kökəlir bu hisslərdən, düşüncələrdən. Elə bil ayaqlarıma güc gəlir. Yeriş sürətini artırıram. Fikirləşirəm ki, məşq etməklə, sağlamlaşmaqla, faydalı vərdişlər etməklə, fiziki və mənəvi aləmin həmrəyliyini yaratmaqla insan, elə cəmiyyətin özü də çox şeyə nail ola bilər.. Çox uzaqlara gedə bilər. Dincəlmədən birbaşa Şuşaya da gedə bilər...

Birdən ağlıma gəlir ki, o yaşlı kişi, xarı bülbül, alçalar barədə təzadlı qənaətlərim sıfırın sağındakı və solundakı düşüncələrimdən doğan təxmini məntiqin məhsullarıdır. Hər şey çox sadədir? İnsan qocalanda sağlamlığı haqqında düşünməsi və bitkilərin vaxtında çiçəkləmisi təbii haldır..? Qoca üçün cavanlıqda nə etdiyinin, bitkilər üçün isə kimlərə çiçəkləyib meyvə verməyin heç bir fərqi yoxdur?

Bu fikirlər məni gəzmək həvəsindən salır... Neytral düşüncələrin hərəkətverici qüvvəsi olmur. Onlar elə özlər kimi sıfır hisslər, heçlik yaradır. Elə bil mələklə şeytan mərkəzdə görüşüb sıfırlaşırlar.

Bax bu sıfırlaşmadan sonra, yaranacaq yeni düşüncələrin istiqamətini əvvəlcədən sağa və ya sola yönləndirmək üçün yeni güc, yeni iradə lazımdır... Hər mənada sağlamlığımız bundan asılıdır. Sağlamlıq isə böyük nemət və həqiqi uğurdur.

"Bizi doğru yola hidayət et. Nemət verdiklərinin yoluna. Qəzəbinə uğramışların və sapqınların yoluna yox!"

Sadıq QARAYEV
Biologiya üzrə fəlsəfə doktoru, dosent

 





25.01.2019    çap et  çap et