|
|
|
|
ABŞ və "Taliban" radikal hərəkatının nümayəndələri arasında Qətərin paytaxtı Dohada danışıqlar keçirilib.
Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı tərəflər Əfqanıstandan xarici qoşunların çıxarılması ilə bağlı layihəni razılaşdırıblar.
Bildirilir ki, layihədə xarici qoşunların 18 ay ərzində ölkədən çıxarılmasına dair çağırış yer alır.
Xatırladaq ki, dekabr ayının sonunda "The Wall Street Journal" qəzeti bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp Pentaqona Əfqanıstandan 7 min hərbçinin çıxarılması üçün plan hazırlamağı tapşırıb. Lakin daha sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarret Marki bildirmişdi ki, ölkə rəhbəri Pentaqona bu barədə tapşırıq verməyib və belə qərar qəbul etməyib.
Rəsmi məlumatlara əsasən, hazırda Əfqanıstanda 14 min ABŞ hərbçisi var. Onlar "Taliban" terror hərəkatına qarşı əməliyyatlarda iştirak etməkdən əlavə Əfqanıstan Silahlı Qüvvələrinin təlimləri ilə də məşğul olurlar.
Bundan əlavə, ölkədə 16 min NATO-ya üzv ölkələrin hərbçisi də var. Lakin onlar hərbi əməliyyatlarda iştirak etmirlər və hərbi məsləhətçi rolunu həyata keçirirlər.