525.Az

Beynəlxalq səviyyədə Qarabağ münaqişəsinin həllinə maraq artıb


 

"AZƏRBAYCAN DANIŞIQLARDA DİPLOMATİK VƏ PSİXOLOJİ ÜSTÜNLÜYƏ MALİKDİR"

Beynəlxalq səviyyədə Qarabağ münaqişəsinin həllinə maraq artıb<b style="color:red"></b>

Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda baş tutan görüşü ictimaiyyətin diqqət mərkəzindədir.
 
İsveçrədəki danışıqlar Düşənbə və Sankt-Peterburqda MDB zirvə toplantısı çərçivəsində keçirilən qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilir. Əgər sentyabrın 28-də Tacikistan paytaxtında tərəflər Ermənistan-Azərbaycan sərhəddi və qoşunların təmas xəttində insidentlərin qarşısının alınması üçün atəşkəsin möhkənləndirilməsi və operativ rabitə əlaqəsinin yaradılması ilə bağlı şifahi razılaşma əldə etmişdilərsə, dekabrın 6-da Rusiyanın şimal paytaxtındakı görüşdə görüşdə danışıqlar prosesinin davam etdirilməsi, əsir və girovların "hamının hamıya" prinsipi ilə tam dəyişdirilməsi məsələsi gündəmə gətirilmişdi. Davosda isə tərəflər 1 saatdan çox Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyətini müzakirə ediblər.

Ümumilikdə, Düşənbə və Sankt-Peterburqda əldə olunan razılaşmalar Nikol Paşinyana hakimiyyəti formalaşdırmaq imkanı yaradıb ki, nəticədə, bu, Ermənistan rəhbərliyindən cinayətkar "Qarabağ klanı"nın tamamilə uzaqlaşdırılmasına imkan verib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev açıq şəkildə çıxışlarında bildirib ki, "Qarabağ klanı" - cinayətkar rejimin ifşa olunması, hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycanın da rolu var. Həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə atılan addımlar cinayətkar rejimin dalana dirənməsinə səbəb olmuşdu ki, nəticədə gözlənilən hadisə baş verdi: Ermənistanda günlərlə davam edən geniş etiraz aksiyaları nəticəsində Serj Sarkisyan hakimiyyəti təhvil verməyə məcbur oldu. "Qarabağ klanı"nın hakimiyyətdən qovulmasında Azərbaycanın həyata keçirdiyi təcridetmə siyasəti ilə yanaşı, 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibə zamanı düşmənə endirilən sarsıdıcı zərbələrin də böyük, həm də həlledici təsirləri olub. Ermənistan rəhbərliyin hərbi-müdafiə sahəsində buraxdığı boşluqları üzə çıxaran, düşmən ordusunda korrupsiya və rüşvətxorluğun geniş vüsət aldığını ortaya qoyan bu döyüşlər qorxu, xof içində olan erməni cəmiyyətində şok effekti yaratdı. Nəhayət, işğalçı ölkə əhalisi, eləcə də Dağlıq Qarabağda separatçı rejimin təsiri altında yaşayan ermənilər "keçilməz Ohanyan səddi"nin mif olduğunu, özünümüdafiəyə gücü olmayan ərazidə məskunlaşdıqlarının fərqinə vardılar. Ona görə də, erməni əhalisi müdafiə və digər sahələrə ayrılan pulları mənimsəyərək varlanan, onları qorxu altında yaşamağa vadar edən hakimiyyətə öz nifrətini ortaya qoydu.

Nəticədə, düşmən ölkədə uzun illər zor gücü ilə hakimiyyəti əlində saxlamış, Azərbaycana qarşı işğalçılıq siyasətinə rəhbərlik etmiş Koçaryan-Sarkisyan cütlüyünün siyasi səhnədən qovulması münaqişə ilə bağlı danışıqların artıq kontruktiv məcrada inkişaf edəcəyinə dair ümidləri bir qədər də artırıb. Prezident İlham Əliyevin də son çıxışlarında qeyd etdiyi kimi, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində əlverişli şərait yarana bilər. Regionun iqtisadi güc mərkəzinə çevrilən, qonşu ölkələrin mütləq əksəriyyəti ilə unikal əməkdaşlıq platformaları yaradan və təbii ki, bu fəaliyyətin uğurlarını siyasi müstəviyədə daşıya bilən Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıq Ermənistanın işğal siyasətindən geri çəkilməsini şərtləndirir.

Azərbaycan prezidenti İlham Əliyevin Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə fikirlərini bildirən "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin Davos görüşü qeyri-rəsmi xarakter daşısa da, bir sıra məqamlara görə maraqlı və diqqətçəkicidir. O, "Trend"ə bildirib ki, ötən il müxtəlif vaxtlarda Sankt-Peterburqda və Düşənbədə keçirilmiş qeyri-rəsmi görüşlərin davamı olan axırıncı Davos görüşündən sonra Ermənistanda baş nazirə qarşı hücumların güclənməsi təsadüfi deyil və əslində, görüşə sadəcə qeyri-rəsmi görüşlərin davamı kimi baxmağa əsas verməyən ciddi amillərdən biridir: "Forumun rəhbəri bu görüşün baş tutmasını niyə vacib bildi və vasitəçilik etdi? Əsasən dünyanın iqtisadi problemlərinin birbaşa müzakirəsi üzrə ixtisaslaşan Davos Forumunda belə bir görüşə təşəbbüs göstərilməsi həqiqətən düşündürücüdür və müəyyən diplomatik mənaları var. Dünya İqtisadi Forumunun rəhbərliyi bizim regionda, xüsusilə də Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən iqtisadi, ticarət, investisiya, nəqliyyat-tranzit layihələrinin böyük nəticələrini sözsüz ki, izləyir və Dağlıq Qarabağ probleminin həlli ilə regionumuzda inkişaf və rifah proseslərinin yeni mərhələsinin başlayacağına əmindir. Bu mənada forum rəhbərliyinin təşəbbüskarlığını Azərbaycan prezidentinin regional təhlükəsizlik və infrastruktur layihələr siyasətinə birbaşa dəstək jesti kimi başa düşmək lazımdır. Həm də forum rəhbərliyi Ermənistanın qeyri-konstruktiv mövqeyinin regional inkişaf yolunda böyük maneə olduğunu erməni liderə anlatmaq istəyib".

A.Quliyev qeyd edib ki, bu faktor sülh danışıqları prosesində Azərbaycan prezidentinin səyləri ilə yaradılmış mühüm diplomatik üstünlük kimi nəzərdən keçirilə bilər: "Azərbaycanın diplomatik üstünlüyünü göstərən başqa bir amil də var. Bu, ondan ibarətdir ki, axırıncı görüş sıra ilə üçüncü olsa da, Paşinyan və onun komandasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdlərinin tam süquta uğradığı bir dövrdə baş verdi. Yəni danışıqların ancaq Azərbaycanla Ermənistan arasında aparılmasından ibarət format tam qalib gəldi".

Ekspert əlavə edib ki, Davosda Prezident İlham Əliyevlə Paşinyan arasında görüş Azərbaycanın bu qəti qələbəsinin son akkordu kimi çox dəyərlidir: "Dünyaya bir daha göstərildi ki, danışıqların başqa formatı yoxdur. Onu da deyək ki, bu görüş daha çox Ermənistanın baş nazirinə lazım idi. Çünki o, sülh danışıqları prosesində yeni simadır, bir çox məsələlərdən tam xəbərdar deyil. Paşinyana yüksək danışıqlar üçün hərtərəfli hazırlaşmaq lazımdır. Bu mənada Davos görüşünü Paşinyanın rəsmi danışıqlara hazırlaşması yolunda onun ehtiyac hiss etdiyi vacib pillə saymaq olar. Bütün hallarda Azərbaycan prezidenti diplomatik və psixoloji üstünlüyü öz əlində saxladı. Fikrimcə, Ermənistanda Paşinyana qarşı görüşdən sonra başlanmış kampaniyada bu amilin rolu az deyil".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin Davosda Dünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüşü daha öncəki planlaşdırılmamış görüşlərin davamı olaraq qəbul edilməlidir.

O xatırladıb ki, görüşün keçirilməsi üçün ölkələrin müvafiq xarici siyasət qurumları arasında hər hansı bir təşəbbüs olmayıb və qeyri-rəsmi görüş yalnız Dünya İqtisadi Forumunun prezidenti B.Brendenin şəxsi təşəbbüsü ilə baş tutub: "Qeyri-rəsmi görüşlər problemin həllinə doğru atılmış addımdır. Belə təmaslar həm Düşənbədə, həm də Sankt-Peterburqda olub ki, burada da ölkə liderləri gələcəkdə danışıqların rəsmiləşdirilməsi yönündə ortaq məxrəcə gəlinməsi üçün müəyyən detallar ətrafında fikir mübadiləsi aparıblar. Bu vaxta qədər, daha dəqiq desək, Ermənistanın siyasi hakimiyyəti dəyişdikdən sonra rəsmi danışıqlar ancaq Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində aparılıb. Ötən ilin sonlarında Milanda, bu ilin əvvəlində isə Parisdə baş tutmuş görüşləri buna misal çəkə bilərik. Ümumiyyətlə, xarici işlər nazirləri səviyyəsində görüşlərin yaxın gələcəkdə də keçiriləcəyi istisna deyil".

Baş redaktorun sözlərinə görə, ölkə liderləri arasında qeyri-rəsmi görüşlərin təşkili göstərir ki, beynəlxalq səviyyədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə maraq artıb: "Artıq işğalçı tərəf də dərk edir ki, istər beynəlxalq konvensiyalar, istərsə də BMT-nin məlum qətnamələri baxımından ədalət onun, yəni işğalçının tərəfində deyil. Düşünürəm ki, bu kimi detallar bəhs etdiyimiz qeyri-rəsmi görüşlərdə müzakirə mövzusu olub. Gələcəkdə ölkə liderləri səviyyəsində hər hansı görüşün keçirilməsi üçün yəqin ki, ATƏT-in Minsk qrupu da səylərini göstərəcək. Çünki rəsmi görüşlərin təşkili məhz bu qurum tərəfindən həyata keçirilir. Belə qeyri-rəsmi görüşlərin baş tutması gələcəkdə rəsmi görüşlərin keçirilməsi üçün münbit şərait yaradır".

Qeyd edək ki, 2018-ci ilin dekabrın 3-də İtaliyanın Milan şəhərində, 2019-cu ilin yanvarın 16-da Fransanın paytaxtı Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar olub. Müəyyən fasilədən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə bərpa olunan təmaslar qarşı tərəfin heç bir əlavə şərti qəbul edilmədən prosesə cəlb edildiyini bir daha təsdiqləyir. İnqilab nəticəsində düşmən ölkədə hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın bundan əvvəl səsləndirdiyi separatçı rejimin də danışıqlara cəlb olunması kimi qeyri-məqbul şərtlər nəticə verməyib, sülh prosesindən yayınma cəhdləri baş tutmayıb. Nəticədə, növbəti dəfə Parisdə görüşən xarici işlər nazirləri 4 saatdan çox danışıq aparıb, qarşılıqlı anlayış və etimada dair müəyyən razılığa gələ biliblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Bildirilib ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən, hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Şübhə yox ki, Dağlıq Qarabağ danışıqlarının davam etməsi, düşmən ölkənin prosesdən yayınma cəhdlərinin qarşısının alınması Azərbaycanın apardığı xarici siyasət - hücum diplomatiyası nəticəsində mümkün olub. Eyni zamanda, beynəlxalq, o cümlədən, regional əlaqələrdə balanslı siyasət həyata keçirən rəsmi Bakının yaratdığı əməkdaşlıq formatları, inkişaf etdirilən əlaqələr Ermənistanı məsələyə baxışını dəyişməyə vadar edir. Çünki Azərbaycan, Rusiya, Türkiyə, İran və Gürcüstanın iştirakı ilə həyata keçirilən ayrı-ayrı layihələr, o cümlədən, "Cənub Qaz Dəhlizi", "Şərq-Qərb" və "Cənub-Şimal" nəqliyyat dəhlizləri bütün tərəfləri qane edən əməkdaşlıq platformalarının yaranması ilə nəticələnib ki, bu da işğalçı ölkənin regionda təklənməsinə gətirib çıxarıb. Nəticədə, küncə sıxışdırılan düşmən vəziyyətinin daha da ağırlaşacağının fərqinə vararaq aqressiv mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb. Ona görə də Ermənistanda Nikol Paşinyanın formalaşdırdığı yeni hökumət iqtisadi problemlərin girovuna çevrilməməsi üçün çıxış yolunun Azərbaycanla əlaqələri bərpa etmək olduğunu dərk etməyə başlayıb. Münasibətlərin bərpası isə Dağlıq Qarabağ münaqişəsinin həlli - işğal olunmuş torpaqların geri qaytarılmasından keçir.

Ceyhun ABASOV

 





29.01.2019    çap et  çap et