525.Az

Azərbaycan Avrasiyada mühüm strateji nəqliyyat mərkəzinə çevrilir


 

ELÇİN ƏHMƏDOV: "PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA ÖLKƏMİZ ÇOX BÖYÜK UĞURLARA İMZA ATIR"

Azərbaycan Avrasiyada mühüm strateji nəqliyyat mərkəzinə çevrilir<b style="color:red"></b>

Məlum olduğu kimi, yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfrans keçirilib.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev ötən dövr ərzində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan üçüncü dövlət proqramın icrası istiqamətdə görülən işlərlə bağlı hesabat xarakterli çıxış edib.

Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramı artıqlaması ilə yerinə yetirilib, qarşıya qoyulan bütün vəzifələr icra uğurla olunub.

Prezident qeyd edib ki, bu proqram regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verib.

Son 15 ildə Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini deyən prezident vurğulayıb ki, dünyada mövcud olan mənfi mənzərə fonunda Azərbaycan öz inamlı dinamik inkişafını davam edir. Son 15 ildə Azərbaycanda ümumi daxili məhsulun 3,3, sənaye potensialının 2,6, valyuta ehtiyatlarının 24 dəfə artdığını diqqətə çatdıran prezident nəticədə ölkənin valyuta ehtiyatlarının 45 milyard dollara çatdığını qeyd edib. Ölkə rəhbəri son 15 ildə Azərbaycana 250 milyard dollar sərmayə qoyulduğunu, bu müddət ərzində 2 milyon yeni iş yerinin yaradıldığını, maaşların 7, pensiyaların 9 dəfə artdığını bildirib.

Ötən 15 il ərzində sosial infrastruktur tədbirlərin uğurla həyata keçirildiyini deyən prezident qeyd edib ki, son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi inşa olunub və ya yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb.

Son 15 ildə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləğinin 2 milyard manatı ötdüyünü deyən İlham Əliyevin sözlərinə görə, Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkədə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Azərbaycan sabitlik, təhlükəsizlik məkanı olduğunu bildirən prezident qeyd edib ki, həyata keçirilən siyasət xalqın rifah halının yaxşılaşmasına hesablanıb. Eyni zamanda, dövlət başçısı bildirib ki, həyata keçirən siyasət Azərbaycanın güclü dövlətə çevrilməsini təmin edir: "Azərbaycanın güclü dövlətə çevrilməsi ona dünyada gedən riskli proseslərdən özünü qorumağa imkan yaradıb".

Son 15 il ərzində Azərbaycan xalqının əmin-amanlıq şəraitində yaşadığını deyən İlham Əliyev bu illər ərzində Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atılıb: "Azərbaycan Avrasiyada mühüm strateji nəqliyyat mərkəzinə çevrilir. Bu, onun geosiyasi əhəmiyyətini artırır".

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini Elçin Əhmədov qeyd edib ki, 2003-cü ildən keçən 15 il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlər öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib: "Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolunu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bütün sahələrdə davamlı inkişaf strategiyasının uğurla həyata keçirilməsidir".

E.Əhmədov bildirib ki, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair 5 il bundan əvvəl qəbul edilmiş üçüncü dövlət proqramının artıqlaması ilə yerinə yetirildiyini və icrasının təmin edildiyini diqqətə çatdıraraq vurğulayıb ki, son 5 il ərzində qarşıya qoyulan bütün vəzifələr icra olunub: "Dövlət başçısı üçüncü proqramın çox böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirib ki, bu proqram regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verib".

Professorun sözlərinə görə, Prezident İlham Əliyev son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salaraq deyib ki, bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir: "Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini, ümumi daxili məhsulun 3,3 dəfə artdığını diqqətə çatdıran dövlət başçısı sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarının isə 24 dəfə artaraq bu gün 45 milyard dollar təşkil etdiyini bildirərək qeyd edib ki, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik".

Azərbaycana 15 il ərzində təxminən 250 milyard dollar sərmayə qoyulduğunu və bu sərmayənin yarısının xarici investisiya olduğunu vurğulayan prezident bildirib ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir və mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir. İlk dəfə Azərbaycan Dünya Bankının "Doing Business" hesabatında 2006-cı ildə qeyd olunub və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşıb. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni bu deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Bu sərmayə bundan sonra da iş yerlərinin, yeni müəssisələrin yaradılmasına və ölkəmizin inamla inkişaf etməsinə imkan verəcək".

E.Əhmədov qeyd edib ki, məcburi köçkünlərin problemlərinin həmişə diqqət mərkəzində olduğunu bildirən prezident son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikildiyini və köçkünlərə təqdim edildiyini söyləyib: "Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir".

Siyasi elmlər doktoru deyib ki, Azərbaycan prezidenti son 15 il ərzində dünyada müxtəlif proseslərin getdiyini və dünyanın çox dəyişdiyini vurğulayaraq 15 il əvvəl vəziyyətin tam fərqli olduğunu, bu gün isə risklərin, təhdidlərin, münaqişə, müharibə ocaqlarının artdığını və bu meylin əfsuslar olsun ki, gücləndiyini diqqətə çatdırıb: "Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və bu meyl əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır".

Eyni zamanda, E.Əhmədov bildirib ki, dövlət başçısı Azərbaycanın sabitlik, təhlükəsizlik məkanı olduğunu diqqətə çatdırıb: "Yaxın tarix əyani şəkildə göstərib ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur".

Professor qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir: "Bu baxımdan, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsini çox böyük tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev vurğulayıb ki, əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik: "Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir".

Siyasi elmlər doktorunun sözlərinə görə, hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisinin sürətlə getdiyini vurğulayan dövlət başçısı bildirib ki, 4 elementdən ibarət olan bu meqalayihə artıq son mərhələdədir, onlardan üçü istifadəyə verilib: "Neft və qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdiyimizi bildirən dövlət başçısı qeyd edib ki, artıq Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin tarixi hadisə olduğunu söyləyən dövlət başçısı vurğulayıb ki, bu, bizə Azərbaycan ərazisindən böyük həcmdə yüklərin Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilməsinə imkan verir və bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq."

E.Əhmədov hesab edir ki, bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.

Professor bildirib ki, tədbirdə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının da böyük önəm daşıdığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, bu istiqamətdə də böyük işlər görülür: "Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi".

"Beləliklə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu son 15 ildə Prezident İlham Əliyevin dinamik şəkildə və novatorcasına inkişaf etdirməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Bütün bu uğurlar bu gün dövlətimiz və xalqımız üçün çox vacib olan problem - işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpa olunacağına olan ümidləri daha da artıraraq perspektivdə Azərbaycanın ən qüdrətli dövlətlər sırasında duracağını şərtləndirir", - deyə siyasi elmlər doktoru fikirlərini tamamlayıb.

Qeyd edək ki, artıq regionların sosial iqtisadi inkişafına dair 4-cü dövlət proqramı qəbul olunub. Prezidentin verdiyi fərmana əsasən, 2019-2023-cü illəri əhatə edən dövlət proqramı bu istiqamətdə fəaliyyətin ardıcıl olaraq həyata keçiriləcəyini deməyə əsas verir. İmzalanan müvafiq sərəncamda qeyd olunduğu kimi, Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Ceyhun ABASOV

 





31.01.2019    çap et  çap et