525.Az

Şəhid adına böyük ehtiram


 

ŞƏHİDLƏRİMİZİN AİLƏLƏRİ DAİMA DÖVLƏTİN DİQQƏTİNDƏDİR

Şəhid adına böyük ehtiram <b style="color:red"></b>

Azərbaycan prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşləri cəmiyyətdə bir daha göstərdi ki, ölkə rəhbəri xüsusilə həssas təbəqədən olan insanlara çox böyük diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsi istiqamətində çox mühüm qərarlar qəbul edir və bu qərarların icrasına özü birbaşa nəzarət edir.
 
Dövlət başçısının qeyd edilən görüşdə şəhidlərimizin ailə üzvlərinə göstərdiyi dərin hörmət və ehtiram, onlara həssas münasibəti duyğusal hisslər yaratmaqla yanaşı, ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilib.

Prezident görüşdə 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal altına, bir milyondan çox soydaşımızın isə qaçqın, məcburi köçkün vəziyyətinə düşdüyünü xatırlatmaqla yanaşı, ölkəmizin minlərlə şəhid verdiyini, on minlərlə insanın yaralandığını, əlil olduğunu söyləyib.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycan prezidenti daim müharibədən əziyyət çəkən vətəndaşların yanında olub, məcburi köçkünlər üçün son illər ərzində yüzdən çox şəhərcik və qəsəbə tikilib. Təkcə keçən il 5900 məcburi köçkünə mənzillər, fərdi evlər verilib. Bu proses bu il də davam etdiriləcək. Bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilmişdir. Yəni bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür.

Prezident İlham Əliyev çıxışı zamanı orada olan şəhid ailələrinə daha bir sevindirici xəbəri də çatdırdı. Bildirdi ki, həmin gün imzaladığı yeni fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən, 11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə artıq həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam etməkdədir.

Qeyd edək ki, Prezident İlham Əliyev cəmiyyətimizin həssas təbəqəsi olan şəhid ailələrinə, eləcə də qaçqın və məcburi köçkünlərə qarşı hər zaman yüksək diqqət və qayğı ilə yanaşır. Dövlət başçısı öz çıxışlarında dövlətin siyasətinin sosial yönümlü olmasını və bu siyasətdə şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, eləcə də əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasının mühüm yer tutduğunu dəfələrlə bəyan edib. Prezident dediklərini həm də əməldə göstərməklə hər kəsin böyük sevgisini, rəğbətini qazanıb.

Prezident İlham Əliyevin doğum gününü məcburi köçkünlərlə keçirməsi isə artıq ənənə halını alıb. Belə ki, artıq neçə ildir ki, dövlət başçısı onun üçün əlamətdar olan gündə məcburi köçkünlər üçün tikilən yaşayış qəsəbələrinin açılışında iştirak edir. Yeni mənzillərlə tanış olan Prezident İlham Əliyev həm də məcburi köçkünlərlə səmimi söhbət edərək onların qayğı və problemləri ilə maraqlanır, onların həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verir.

2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən prezident seçilən İlham Əliyevin imzaladığı ilk fərmanın şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması isə onun bu təbəqədən olan insanlara diqqət və qayğısını bir daha göstərmiş oldu. Sözügedən fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq etməklə yanaşı, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.

Qeyd edək ki, ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.

Yaxın zamanlarda isə bütün şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar. Belə ki, dövlət başçısı şəhid ailələri ilə görüşündə bundan sonra da şəhid ailələrinin sosial məsələlərinin daim diqqət mərkəzində olacağını, onların yeni mənzillərlə təmin olunacağını xüsusi vurğulayıb.

Cəmiyyətin sosial qayğıya daha çox ehtiyacı olan hissəsinin maddi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də dövlət tərəfindən zəruri addımlar atılır. Belə ki, şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri: I qrup əlillər üçün 182 manata, II qrup əlillər üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar.

Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin, şəhid ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Ölkəmizdə icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.

Digər sahələrdə də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcək.

Qeyd edək ki, dövlətin və şəxsən Prezident İlham Əliyevin əhalinin həssas təbəqəsinə, o cümlədən, şəhid ailələrinə qarşı göstərdiyi diqqət və qayğı şəhid ailələri tərəfindən yüksək qiymətləndirilir.

Şəhid anası İbadət Əliyeva Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə çıxışı zamanı daim dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss etdiklərini söyləyib: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşdə çıxışı zamanı daim dövlətin, ölkə başçısının diqqət və qayğısını hiss etdiklərini söyləyib: "Sizin şəhid ailələrinə göstərdiyiniz qayğını biz daim öz üzərimizdə hiss edirik. Şəhid ailələri mənzillərlə, pensiyalarla, müavinətlərlə təmin olunurlar və biz bunu öz üzərimizdə də görürük. Sizin imzaladığınız humanist Fərmanla verilən 11 min manat məbləğində birdəfəlik ödəməni bizim ailəmiz də alıb. Bu, bizim ailəyə böyük köməkdir, dayaqdır. Biz inanırıq ki, bu tədbirlər daha da çox, daha da uzunmüddətli olacaq".

Mövzu ilə bağlı danışan deputat Elman Nəsirov deyib ki, şəhid ailələri ilə keçirilən görüşün çox böyük əhəmiyyəti var. İlk növbədə bu görüş bir daha göstərdi ki, cənab İlham Əliyev xüsusilə həssas təbəqədən olan insanlara çox böyük diqqət və qayğı ayırır. Burada söhbət şəhid ailələrindən, müharibə veteranlarından, müharibə əlillərindən, qaçqın və məcburi köçkünlərdən gedir. O bildirib ki, 2018-ci ilin aprel ayının 11-də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçildikdən cəmi 8 gün sonra, yəni aprel ayının 19-da cənab prezidentin ilk fərmanı məhz şəhid ailələri ilə bağlı oldu. Cənab prezidentin yeni verdiyi fərmanla daha 2725 şəhidə 11 min manatın verilməsi ilə bağlı qərar icra olunacaq.  Deputat deyib ki, birinci vitse-prezident Mehriban Əliyeva da şəhid ailələrinə, məcburi köçkünlərə, qaçqınlara, müharibə veteranlarına, əlillərinə çox böyük diqqət ayırır və cənab prezidentin bu istiqamətdə atdığı addımları tamamlayır, həmçinin, daha da möhkəmləndirir. E.Nəsirov qeyd edib ki, Azərbaycan prezidentinin və ölkənin birinci vitse-prezidentinin şəhid ailələri, müharibə veteranları və əlilləri, qaçqın və məcburi köçkünlərə göstərdiyi bu yüksək diqqət və qayğı bütövlükdə Azərbaycan cəmiyyəti ilə hakimiyyət arasında münasibətlərin göstəricisidir.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə hesab edir ki, həmin görüşlə prezident xalqla öz arasında heç bir məsafə qoymadığını bir daha göstərdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Şəhid ailələri üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına yeniliklər edərək, dövlət yardımının bütün kateqoriyalardan olan şəhid ailələrinə şamil edilməsinə qərar verməsi ən müxtəlif kontekstlərdən şərh edilməsi mümkün olan hadisədir: "Bu, ilk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxslərə, onların ailə üzvlərinə, vərəsələrinə göstərilən qayğının, verilən dəyərin, hörmətin bariz nümunəsidir: "Amma məsələnin birbaşa məzmunu ilə yanaşı, digər çalarları da var. Yanvarın 28-də Fərmanın elan olunması ilə yanaşı, Prezident İlham Əliyev şəxsən özü və birinci xanım Mehriban Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşdülər, onları dinlədilər, hörmətlərini ifadə etdilər. Görüş çərçivəsində dövlətimizin başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunacaq plastik kartları şəhid vərəsələrinə öz əlləri ilə təqdim etdi. Prezidentin plastik kartları şəhid vərəsələrinə hansısa dövlət qurumu vasitəsilə deyil, öz əlləri ilə təqdim etməsi ciddi mesajdır. Məsələnin diqqət çəkən ikinci tərəfi şəhid ailələrinin birbaşa Prezident Administrasiyasının binasında qəbul edilməsidir. Prezidentin belə yanaşması və bu yanaşma ilə verdiyi mesajı bənzəri olmayan, çox yüksək hadisədir, dəyərdir. Bu o deməkdir ki, bu dövlətdə şəhid adı və şəhid ailələri ən üst qatda tutulurlar və prezidentin nəzərində ən yüksək səviyyədədirlər. Demək olar ki, cənab prezident xalqla, şəhid ailələri ilə öz arasında heç bir məsafə saxlamadığını bir daha nümayiş etdirmiş oldu".

PƏRVANƏ

 





31.01.2019    çap et  çap et