525.Az

Azərbaycanda beyin mərkəzləri şəbəkəsi yaradılır


 

“BEYİN MƏRKƏZLƏRİ VƏ VƏTƏNDAŞ CƏMİYYƏTLƏRİ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB

Azərbaycanda beyin mərkəzləri şəbəkəsi yaradılır <b style="color:red"></b>

Yanvarın 31-də “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi ABŞ-ın Pensilvaniya Universitetinin Menecment və Beynəlxalq Araşdırmalar üzrə Lauder İnstitutunun “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyətləri” proqramı çərçivəsində dəyirmi masa olub.

“Araşdırma mərkəzləri niyə vacibidir?” mövzusunda keçirilən tədbirdə Azərbaycanda fəaliyyət göstərən araşdırma yönümlü vətəndaş cəmiyyəti təssisatlarının 20-dək seçilmiş nümayəndəsi iştirak edib.

Dəyirmi masada “Beyin Mərkəzləri” adlanan təşkilatların müasir dövrümüzdə əhəmiyyəti və əsas funksiyaları barədə məlumat verilib, Azərbaycanda bu cür qurumların mövcud vəziyyəti, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı araşdırma mərkəzlərinin yaranma tarixi, məqsəd və funksiyaları, eləcə də Azərbaycan Ombudman təsisatının araşdırma və təhlil yönümlü fəaliyyəti barədə iştirakçılara məlumat verib.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli öz çıxışında qeyd edib ki, hazırda Azərbaycanda iqtisadi, sosial, hüquq sistemi, dövlət idarəçiliyi və digər sahələrdə aparılan islahatlar ölkədə mövcud olan araşdırma mərkəzlərinin təhlil və təkliflərinə, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək göstərməsinə, bu cür qurumlar arasında informasiya mübadiləsinə ehtiyac yaradıb.

Tədbirdə, həmçinin, “Araşdırma Mərkəzləri və Vətəndaş Cəmiyyəti” proqramı tərəfindən hər il hazırlanan dünya beyin mərkəzlərinin illik qlobal reytinq cədvəli (Global Think Tank İndex 2018) barədə məlumat verilib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Almaniya Texniki Əməkdaşlıq (GİZ) təşkilatının və QHT-lərə Dövlət Dəstək Şurasının, o cümlədən, fəaliyyətində araşdırma istiqamətinə xüsusi önəm verən QHT nümayəndələri, elmi tədqiqatlar və praktik araşdırmalarla məşğul olan ekspertlər - Ramil Məmmədli, Zaur İbrahimov, Sübhan Talibov, Elmari Məmişov, İsmayıl Kərimov və Kəmalə Aşumova müzakirələrdə iştirak ediblər.

Tədbirdə “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin göstərdiyi təşəbbüsün davamı olaraq beyin mərkəzlərinin əlaqələndirmə sisteminin formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Bundan başqa, ekspertlər barədə onlayn məlumat bazasının yaradılması, periodik olaraq beyin mərkəzlərinin iştirakı ilə kommunikasiyanın qurulması və informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə şəbəkənin yaradılması məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, sözügedən proqram 200-dək ölkədə icra olunur.

C.ABASOV

 





31.01.2019    çap et  çap et