525.Az

Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri (davamı)


 

Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri <b style="color:red">(davamı)</b>

Məqtəl janrında olan əsərlər əsasən nəzm, nəsr, habelə  nəzm-nəsr formasında olub qəm dolu hadisələri, xüsusən də Kərbəla faciəsini özündə əks etdirir. “Məqtəl” ərəb sözü olub məsdər, zaman və məkan formalarından asılı olaraq üç mənada işlənir. Məsdər halında “qətl”, zaman formasında “qətl olunan zaman” və məkan formasında isə “qətl baş verən yer” mənalarını verir. Bu əsərlər əsasən iki dövrü; Məhəmməd Peyğəmbərin (s) anadan olmasından İmam Həsənin (ə) vəfatına qədər və İmam Hüseynin (ə) Mədinə şəhərindən çıxmasından Kərbəla əsirlərinin Şamdan Kərbəlaya qayıtmasına qədər olan dövrü əhatə edir.

Məqtəl janrının mənbəyi ərəb ədəbiyyatıdır. Bu ənənə uzun əsrlər boyu davam etmiş, kamil və çox gözəl məqtəl örnəkləri meydana gəlmişdir. Fars və türk şairləri ərəb məqtəllərindən nümunə götürərək çox gözəl əsərlər yaratmışlar.

Məhəmməd Füzulinin nəzm və nəsr ilə yazdığı “Hədiqətüs-süəda” əsəri məqtəl janrında yazılan əsərlər arasında şah əsər sayılır. “Hədiqətüs-süəda” Kərbəlada baş vermiş faciəni əks etdirir. Müəllifin dini düşüncə, əqidə və duyğularının bədii əksi burada yer almışdır. Şair bu əsəri yazmağa milli-dini borcu kimi baxmış və bunu özünəməxsus şəkildə əsaslandırmışdır: “Bütün çağlarda məclis və yığıncaqlarda Kərbəla vaqiəsi və şəhidlərin müsibəti ərəblərin şərəfli adamları və əcəmin böyükləri tərəfindən söylənilir. Ancaq aləmin tərkibi və bəşəriyyətin böyük bir hissəsi olan türklər kitabların səhifələrinin artıq sətirləri kimi məclislər səfindən kənarda qalıb həqiqətlərin idrakından məhrum qalırdılar. Bu səbəbdən matəm macərası işarə ilə mən zəlilə müraciət etdi və əli ilə yaxamdan tutaraq dedi ki, Kərbəla şahının nemətinin süfrəsində böyüyən vurğun Füzuli! Nola ki yeni tərzdə yaradan olasan və comərdlik tutub türkcə bir məqtəl yaradasan ki, fəsihlər türk dilində dinləyərək fayda tapalar və məzmunu anlayaraq ərəb və əcəm dillərinə möhtac olmayalar”.

“Hədiqətüs-süəda”dan sonra Azərbaycan dilində olan kamil məqtəllərdən biri Molla Məhəmməd Naxçıvaninin “Sihabud-dumu” (Ağlayan buludlar) əsəridir. Bu kitab üç cilddən ibarətdir. “Qurrətul-əbrar və Durrətul-əbrar” adlanan birinci cilddə Həzrət Muhəmməd (s), Əli (ə), Fatimə (ə) və İmam Həsənin (ə) həyatından bəhs edilir. “Sihabud-dumu” adlanan ikinci cilddə Kərbəla hadisəsi qələmə alınmışdır. “Məzaşirul-ənvar fi əqaidul-əxyar” adlı bölümdə isə əqidə əsasları və imamət barəsində bəhs olunur.

Molla Məhəmməd Hüseyn Marağeyi Dəxilin səkkiz cilddən ibarət yazdığı “Kulliyati-Dəxil” əsəri nəzm-nəsr formasındadır. Bu məqtəl sadə və eyni halda təşbih və təsvirlərlə dolu olan sənət nümunəsidir.

Molla Məhəmməd Təqi Qumrinin “Kənzül-məsaib” əsəri Azərbaycanda ən çox yayılan məqtəldir. Bu əsər iki hissədən ibarətdir. “Kənzül-məsaib” adlanan birinci hissə ağılla eşqin mükaliməsi ilə başlayır, saqinamələr və Allah-Təalanın tərifi haqqında qəsidə ilə davam edir və İmam Həsənin (ə) vəfatı ilə sona çatır. İkinci hissə isə “Gülzari-Hüseyni” adlanmış İmam Hüseynin (ə) Mədinədən Məkkəyə tərəf köç etməsindən başlayır və İmam Hüseynin (ə) şəhadəti ilə yekunlaşır.

Füzulidən sonra XVII-XVIII əsrlər klassik ədəbiyyatla şifahi xalq poeziyası arasında qarşılıqlı əlaqə və təsirin gücləndiyi dövrdür. Qoşma, gəraylı, bayatı yazan şairlər klassik poeziyanın da bir sıra xüsusiyyətlərindən istifadə edərək folklor nümunələri yaradırdılar. Dövrün realizmə meyl edən Vaqif, Vidadi, Saleh Şirvani, Baba Şirvani kimi nümayəndələri bu yeni ədəbi sistemin əsas sütunları idi. Klassik poeziyanın mütərəqqi ənənələri ilə xalq yaradıcılığı amillərinin birləşməsi nəticəsində formalaşan bu dövr XIX əsrdə yeni tipli ədəbiyyatın , realizm və maarifçilik ideyalarının bərqərar olmasına şərait yaradırdı.

XIX əsrin ilk illərindən ictimai-siyasi həyatda baş verən əsaslı dəişikliklər, Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğal olunması ölkənin mədəni həyatına, o cümlədən ədəbi-estetik fikrin inkişafına da təsir göstərdi. XIX əsrdə klassik poeziya üslubunda yazan şairlər fanatizmə, yalançı ruhaniliyə qarşı çıxır, dini mərasimlərdə oxunan mərsiyə, növhə, sinəzən, mədhanələr yazırdılar. Bu dövr həm də yalançı din xadimlərinin ifşası ilə xarakterizə olunmalıdır. Yeni dövrün əsas simaları Abbasqulu Ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Aşıq Ələsgər idi.

XIX əsrdə mərsiyyə ədəbiyyatının geniş yayılmasına təkan verən amillər var idi. Çar hökumətinin sünni-şiə ziddiyyətlərini kəskinləşdirməyə çalışması bu dövrdə geniş ədəbi-ictimai hərəkat səviyyəsinə qalxan maarifçiliyin yeni bədii-estetik çalarlar qazanması ilə əlaqədar idi. Beləliklə, əxlaqi təmizlik, mənəvi ucalıq uğrunda mübarizə yollarından biri də saf islama qayıtmaq arzusu idi. İslam müqəddəslərinin igidliyi, ədalətli mübarizədə şərəfli ölümü, haqq yolunda şəhidliyi barədə mərsiyə və növhələr oxunurdu. Mirzə Məhəmməd Tağı Qumri, Mirzə Kərim Şüai, Mirzə Cəbrail Süpehri, Mirzə Həsib Qüdsi kimi şairlər ruhani poeziya nümunələri yaradırdılar. Bu kimi şeirlərdə Kərbəla hadisələri təsvir edilir, Məhəmməd peyğəmbər (s), Əli ibn Əbu Talib (ə) təriflənir, İmamların ölümü haqq, ədalət uğrunda şəhidlik kimi mənalandırılırdı. Tarixi–dini şeirlər məscidlərlə bərabər, yas məclislərində də oxunur, beləliklə, xalqın məişətinə daxil olurdu.

Məlum olduğu kimi mənəvi təmizliyə, əxlaqi saflığa çağıran mərsiyə şeiri ədəbiyyatımıza yad deyildi. O, öz köklərini xalq ədəbiyyatından, oxşama və ağılardan götürmüşdü. Mərsiyyə şeirlərində humanizm ideyaları geniş təbliğ olunurdu.

XIX əsrin I yarısında Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Abbasqulu Ağa Bakıxanov qərbçilik ideyaları ilə ənənəvi Şərq  sənətini üzvi surətdə birləşdirməyə nail olmuşdu. O, tarix, fəlsəfə, sərf-nəhv, etikaya dair qiymətli əsərlərlə yanaşı, ilahiyyat sahəsində əsərlər yaratmış, dini mövzulara müraciət etmişdir. Bakıxanovun ilk əsərlərindən olan “Riyazül Qüds 14 məsuma və Əhli-beytə (yəni Məhəmməd peyğəmbər (s), Həzrət Fatimə (ə), Həzrət Əli (ə) və onların 11 övladına) həsr edilmiş bu əsər Kərbəla faciəsinə aid Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə yazılmış nəzirədir. Bakıxanov “Riyazül-Qüds”in yazılma tarixini müsəlman xalqlarının geniş istifadə etdiyi “əbcəd” hesabilə (əsərin adındakı hərflərlə) göstərmişdir. Bu sözləri rəqəmə çevrildikdə hicri 1236 (miladi 1820)-ci ili göstərir ki, buradan da müəllifin həmin əsəri  26 yaşında ikən yazdığı aşkar olur. Əsərdə Vaiz-Kaşifinin “Rövzətüş-şühəda”, Məhəmməd Füzulinin “Həqiqətüs-süəda” və Məhəmməd Bağır Məclisinin “Cilail-üyün” əsərlərinin təsiri vardır.

 





10.09.2013    çap et  çap et