525.Az

Ləyaqətli insanları ləkələməyə çalışmayın!


 

Ləyaqətli insanları ləkələməyə çalışmayın!<b style="color:red"></b>

Bakı Avrasiya Universitetinin professoru

Azərbaycandan uzaqda olsam da Vətəndəki hadisələri İnternetdən izləməyə çalışıram. “Azadlıq” qəzetinin rəsmi saytında 7 sentyabr tarixli “Təhsil Nazirliyində qohumbazlıq edirlər? 69 yaşına qədəm qoymuş Quluyevin yenidən köhnə işinə qaytarılmasının təhsilimizə nə xeyri ola bilər?!” başlıqlı bir yazı oxudum. Neçə illər birgə oxuduğum və çalışdığım, əməksevərliyinə, yüksək mənəvi keyfiyyətlərinə və vətənpərvərliyinə görə dərin hörmət bəslədiyim bir insanın ictimaiyyətə tam əksinə təqdim edilməsindən heyrətə gəldim. Bu cavabı öncə “Azadlığ”ın özünə göndərmək istədim, ancaq onun elektron ünvanını qəzetin saytından da, başqa yerlərdən də tapa bilmədim, buna görə də həmişə çıxış etdiyim “525”-ə üz tutmalı oldum.

Bu başdan deyim ki, qaynağını günbatandan götürən bir qrup qaragüruhçu “alim” həm Firidun Cəlilovun, həm rəhmətlik Lidiya Rəsulovanın, həm də Misir Mərdanovun nazirlikləri dönəmində Təhsil Nazirliyinin işinə əngəl olmağa, görülən yaxşı işlərə də ləkə yaxmağa çalışıb, yeri gəldikcə böhtan və iftiradan belə çəkinməyib. Bu zaman onların ən çox diqqət yetirdiyi məsələ dərslik sahəsi olub. Bunun səbəblərini, məncə, Nazirlikdə çalışanların çoxu bilir. Məni təəssüfləndirən odur ki, vaxtilə rəhmətlik Nəcəf Nəcəfovla birgə çiyin-çiyinə çalışdığım “Azadlıq” qəzeti də, nə yazıqlar ki, bu gün həmin qaragüruhçuların ruporlarından birinə çevrilib.

Mən Təhsil Nazirliyinin kadr siyasətinə əsla qarışmıram və onu müdafiə etmək niyyətim də yoxdur. Ancaq Əsgər Quluyevin ünvanına deyilmiş haqsız fikirlərə münasibət bildirməyi özümə insanlıq borcu sayıram.

Qətiyyətlə deyirəm ki, Əsgər Quluyev xalqımızın ən savadlı, bacarıqlı və qeyrətli oğullarından biridir. Belə bir işçisinin olmasıyla istənilən nazirlik fəxr edə bilər. O, ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını uğurla başa vurub və akademik Məmmədağa Şirəliyevin rəhbərliyi altında dilçilik elmimizdə seçilən bir dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb. Mərhum Aydın Məmmədov onun savadını görərək öz şöbəsinə dəvət edib və o, Dilçilik İnstitutunun tarixində ən gənc böyük elmi işçi olub. Bu şöbədə birgə çalışırdıq.

1992-ci ildə təhsil nazirinin müavini kimi dərslik və proqram məsələləri ilə məşğul olduğum zaman mənə yardım göstərməyi ondan xahiş etdim. Sözümü yerə salmayıb Nazirliyə gəldi, az sonra Nəşr İşləri İdarəsinin rəisi təyin edildi. Hüseyn Quluyevin, Esmira Şıxəliyevanın və başqa əməkdaşlarının da layiqli xidmətini unutmadan cəsarətlə deyirəm ki, müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan yeni proqram və dərsliklərinin yaradılmasında Əsgər Quluyevin əvəzsiz xidmətləri oldu. O zaman Təhsil Nazirliyi 82 adda yeni dərslik yaratdı ki, bir ildə belə nəhəng həcmli işin öhdəsindən hətta Rusiya və Türkiyə kimi qüdrətli dövlətlər belə gələ bilməzdi! Bu mühüm uğurun qazanılmasında Əsgər Quluyevin olduqca böyük əməyi var və bunu yalnız allahsızlar dana bilər!

Hörmətli “Azadlıq” qəzeti yazır: “Vaxtilə respublikamızda dərslik işini pis günə salmış və 69 yaşına qədəm qoymuş Quluyevin yenidən köhnə işinə qaytarılmasının təhsilimizə nə xeyri ola bilər?!”. Görünür, keçmiş işdaşlarımın yadından çıxıb ki, hazırlanmasında Əsgər Quluyevin də başlıca rol oynadığı yeni proqramlar 1992-1993-də öncə həmin “Azadlıq” qəzetində ən azı 10 min nüsxə dərc edilirdi. Onda Ə.Quluyev yaxşı idi, indisə “dərslik işini pis günə salmış” olub?!

Yuxarıda xatırlatdığım qaragüruh 1993-də yeni nazir Lidiya Rəsulovanın dövründə də dərslik və proqramlara aramsız hücumlar etdi. Əlimi Qurana basaraq and içərəm ki, yüzlərcə alim, müəllim və metodistin gerçəkdən qəhrəmancasına əməyi sayəsində yaradılmış yeni dərslik və proqramlarımız o zaman məhz Əsgər Quluyevin prinsipiallığı sayəsində məhv olmaqdan və məktəblərimiz hələ uzun illər dərsliksiz qalmaq təhlükəsindən qurtardı! Təcrübəli idarəçi Lidiya Rəsulova bir çox sınaqlardan sonra ona tam inandı, bədxah ağızları susdurdu və bunun sayəsində dərsliklər həyata vəsiqə alaraq məktəblərimizdə on ildən artıq keçildi. Ölkəmizin ən ağır siyasi-iqtisadi böhran içində yaşadığı bir dönəmdə yeni yaradılan milli dərsliklər üçün 750 ton kağızın Qazaxıstandan gətirilib Nazirliyin anbarlarına yığılmasında, Nazirliyin özünün “Öyrətmən” (sonrakı “Təhsil”) nəşriyyatının yaradılmasında Əsgər müəllim yeddi qat qabıq qoyub. Yenicə hazırlanmış dərsliklərin Türkiyədə nəşri də yalnız Əsgər Quluyevin bacarığı, cəfakeşliyi, vətənpərvərliyi sayəsində gerçəkləşib. Sonrakı illərdə də o, yeni dərsliklərin yaradılması işində savad və bacarığını əsirgəməyib. Bütün bunları məndən yaxşı bilən yoxdur.

Əlbəttə, vəzifə heç bir məmurun adına daimi yazılmayıb. Ə.Quluyev də istisna deyil. Onun vəzifəsi illər ötdükcə kiçildilib. Səbəbi də Ə.Quluyevin şəxsiyyətcə çox müstəqil adam olmasında, prinsipiallığında, heç kəsdən çəkinmədən sözü üzə deməsindədir. O, kiminsə kölgəsinə sığınmağı, “dayı” axtarmağı kişiliyə sığışdırmayan qürurlu birisidir. Bu gün yeni nazir ona yüksək vəzifə təklif edirsə bunun heç bir başqa amilə görə deyil, yalnız Əsgər müəllimin idarəçilik, iş yarıtmaq bacarığına görə edildiyinə inanıram. Bu üzdən də qəzetdə onun guya hansı qohumunsa sayəsində irəli çəkilməsini oxuduqda məni həm gülmək, həm də ağlamaq tutur.

Bir şey də aydındır – Ə.Quluyevin prinsipiallığına, güzəştsizliyinə çoxdan bələd olan həmin qaragüruh və o qaragüruhun işbirlikçiləri onu “elə bu başdan” gözdən salmaq yolu seçiblər. Onlar belə bir ağ yalana əl atırlar ki, guya Əsgər müəllimin 69 yaşı var. Mən bu gün 63 yaşın içindəyəm və o, məndən 4-5 yaş kiçikdir. Bəs bu 69 haradan çıxdı?! Bəlkə 59-a qəsdən 69 demək kimlərinsə işinə yarayıb?!

“Azadlıq”dakı yazı müəllif imzası altında deyil, “İnformasiya şöbəsi” adından verilib. Aydındır ki, redaksiya ona kənardan ötürülmüş hazır materialı dərc edib və bu zaman gerçəyi araşdırmaqda maraqlı olmayıb. Təəssüf, çox təəssüf! Qatığa qara demək Nəcəf bəydən qalma qəzetə əsla yaraşmır!

8 sentyabr 2013-cü il. Krım. 

 





10.09.2013    çap et  çap et