525.Az

Erməni xalqının məyusluğu: Paşinyandan istefası tələb olunur


 

Erməni xalqının məyusluğu: <b style="color:red">Paşinyandan istefası tələb olunur</b>

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məntiqsiz, bir-birinə uyğun gəlməyən, təzadlı bəyanatlar verməkdədir.

Onun bu bəyanatları öz ölkəsində də birmənalı qarşılanmır, erməni ictimaiyyəti, siyasətçilər Paşinyandan izahat tələb edir, ondan münaqişə ilə bağlı aydın mövqe gözləyirlər. Əslində, Paşinyan bu cür yanaşması ilə özünün "küçə yürüşləri" zamanı mövcud olan nüfuzunu qoruyub saxlamaq niyyətindədir. Amma gözlədiyinin əksi baş verir. Getdikcə Ermənistanda yeni hakimiyyətin siyasətindən narazılıq artmaqdadır. Bu özünü təkcə Qarabağ münaqişəsində deyil, digər məsələlərdə də göstərir. Ötən müddət ərzində Paşinyan özünü daha çox qeyri-ciddi, qeyri-peşəkar, təcrübəsiz bir rəhbər, siyasətçi kimi göstərib.

Məlumat üçün bildirək ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə iki görüş keçirilib. Birinci görüş Parisdə yanvarın 16-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında həmsədrlərin vasitəçiliyi ilə baş tutub ki, 4 saata kimi davam edən görüşdə xalqların sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi zəruriliyi razılaşdırılıb. İkinci görüş, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında Davos Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də keçirilib. Bu qeyri-rəsmi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib. Görüşdən sonra xüsusilə, eks prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasından olan siyasətçilər, sabiq deputatlar Paşinyandan ətraflı açıqlama tələb ediblər, onu münaqişə ilə bağlı açıq mövqe sərgiləməməkə ittiham ediblər.

Ermənistandan fərqli olaraq Azərbaycan ictimaiyyətində, siyasi dairələrində belə narahatlıq yaşanmayıb. Bunun birinci səbəbi ölkə rəhbərinin münaqişə ilə bağlı qəti və dəyişməz mövqeyinin olmasıdır. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, bir qarış torpaq belə qarşı tərəfə güzəştə gedilməyəcək. Bizim işğalçıya ən böyük güzəştimiz elə sülh danışıqlarını davam etdirməyimizidr. İkincisi, bu gün Azərbaycan Ordusu təkcə regionda deyil, dünyada ən güclü ordulardan birinə sahibdir. Ölkəmizin mövqeyini gücləndirən əsas amillərdən biri də məhz budur. Yəni Ermənistan tərəfi yaxşı anlayır ki, sülh danışıqları nəticə verməsə, güclü Azərbaycan Ordusu ilə üz-üzə gəlməli olacaqlar. Digər tərəfdən, bu məsələdə beynəlxalq hüquq da bizim tərəfimizdədir. Çünki işğala məruz qalan, ərazilərinin 20 faizini itirən məhz Azərbaycandır.

Paşinyan bir neçə gün əvvəl növbəti ziddiyyətli bəyanatını verib. O deyib ki, Ermənistan hökuməti Qarabağ münaqişəsində "sülh üçün ərazi" formulunu müzakirə belə etmir: "Biz "sülh üçün ərazi mübadiləsi" formulunu müzakirə edə bilmərik. Bizim hökumətimiz Qarabağa dair əvvəlki hökumətlərdən heç birinin aparmadığı siyasəti aparır və paralellər (əvvəlki və yeni hakimiyyət orqanları arasında) etmək tam yanlışdır", - deyə o, hazırkı hakimiyyətin birinci prezident Levon Ter-Petrosyanın xarici siyasətini davam etdirməsinə dair qeyri-rəsmi məlumatlara münasibət bildirərəkən vurğulayıb.

Ötən həftə sonu Almaniyada olan Paşinyan münaqişənin tənzimlənməsi ilə bağlı yenə də sərsəm fikirlər səsləndirib. Onun əraziləri işğal altında olan tərəfindən hansısa kompromis gözləməsinə dair açıqlaması blef xarakteri daşıyır, eyni zamanda, bu, Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqe sərgilməkdən qaçmaqdır. Başqa sözlə, Paşinyan bu cür açıqlamaları ilə özündən əvvəlki cinayətkar rejimlərin "Qarabağ kartı"ndan istifadə oyununu davam etdirmək niyyətini ortaya qoyur.

Artıq sabiq hakim partiya, Serj Sarkisyanın rəhbərlik etdiyi respublikaçılar onu istefaya çağırır. Ermənistanın Respublika Partiyasının mətbuat katibi Edvard Şarmazanov Paşinyanı mümkün qədər tez istefaya çağırıb: "Paşinyan dövlətin qarşısında dayanan təhdidlərə qarşı çıxmaq iqtidarında deyil. Azərbaycan müharibəyə hazırlaşır, Nikol hakimiyyəti isə "Artsaxın" qəhrəmanlarını gözdən salır.

Pantürkizm təhlükəsi artır, Paşinyan isə cəmiyyəti inqilabçılara və əks-inqilabçılar bölür.

Əvvəlki hakimiyyəti gözdənsalma ehtirası ilə o, dövlət maraqlarına zərər verəcək ifadələr səsləndirir. İnqilab Komitəsinin bölüşdürücü xətləri və başqalarının fikirlərini dinləməmək üslubu dövlətimiz üçün çox baha başa gələ bilər. Hakimiyyət, xüsusilə dövlət, istədiyiniz kimi sürmək üçün bir oyuncaq deyil.

Vəziyyətin bu şəkildə davam etməsindən yalnız bir çıxış yolu var: Nikolun mümkün qədər tez istefa verməsi".

Respublika partiyasının sədr müavini Armen Aşotyan isə Paşinyanın Almaniyada Konrad Adenauer Fondundakı çıxışına münasibət bildirib: "Nə qədər kompleksli olmalısan ki, baş nazir statusunda xarici ölkədə olub, özünün vacib nitqinin çox hissəsini əvvəlki hakimiyyəti pisləməyə həsr edəsən?

Nə qədər prinsipsiz olmalısan ki, bizimlə Almaniya nasistləri arasında paralellər aparasan? Nə qədər həyasız olmalısan ki, bu sözlərindən sonra tənqid etdiyin keçmiş hakimiyyətin vacib nailiyyətlərindən birini - Avropa İttifaqı ilə Ermənistan arasında əldə edilmiş razılaşmanı özünün uğurun kimi təqdim edəsən?"

Paşinyan təkcə respublikaçılar tərəfindən deyil, müstəqil ekspertlər, politoloqlar, ictimaiyyət nümayəndələri tərəfindən də tənqid olunmaqdadır. Yeri gəlmişkən, onun islahat adı ilə iş yerlərini bağlaması ölkədə ciddi etirazlara səbəb olub. İrəvan Dövlət Universitetinin işdən azad edilən 450 əməkdaşı da etirazlara hazırlaşırlar. Universitetin əməkdaşı, elm və təhsil nazirinin keçmiş müavini Vaqram Mkrtçyan bildirib ki, elm adamları inqilabın bəhrələrindən "zövq alırlar". Onun sözlərinə görə, işdən azad olunmalarına dair artıq bildiriş alıblar:

"Ermənistan hökumətinin 27 dekabr 2018-ci il qərarı ilə İrəvan Dövlət Universitetinin 450 əməkdaşı işlərini itirəcəklər: onlardan biri də mənəm. Dünən bizim hamımız 31 martda tutduğumuz vəzifələrimizdən azad olunacağımız barədə bildirişlər almışıq".

İşdən çıxarılanlar digər ali təhsil müəssisələrin nümayəndələri ilə fevralın 7-də universitetdən başlayaraq, Respublika meydanına və oradan da hökumət binasına qədər etiraz yürüşünə çıxacaqlar.

Bütün bunlar onu deməyə əsas verir ki, Paşinyan təkcə xarici siyasətdə deyil, həm də daxili siyasətdə, o cümlədən, sosial məsələlərdə uğursuz gedişlər edir. Onun bu "islahatları" nəticəsinə təbii ki, Ermənistanda işsizlərin sayı daha da artacaq, ölkəni tərk edənlər isə çoxalacaq. Paşinyan erməni xalqının ümidlərini doğrultmadı, onu daha da məyus etdi. Baş nazir yəqin ki, qarşıdakı aylarda öz xalqını daha da məyus etməkdə davam edəcək və onun istefasını təkcə respublikaçılar deyil, geniş dairələr tələb edəcək.

PƏRVANƏ

 





05.02.2019    çap et  çap et