525.Az

"Beynəlxalq Şəffaflıq" təşkilatı Azərbaycanla bağlı məlumatları ciddi araşdırmayıb


 

"Beynəlxalq Şəffaflıq" təşkilatı Azərbaycanla bağlı məlumatları ciddi araşdırmayıb<b style="color:red"></b>

"Beynəlxalq Şəffaflıq" təşkilatı Azərbaycanla bağlı özü birbaşa təhlil aparmayıb və ölkəmiz üzrə olan məlumatları ciddi şəkildə araşdırmayıb".

Bunu siyasi məsələlər üzrə ekspert Elçin Mirzəbəyli "Beynəlxalq Şəffaflıq" təşkilatının "2018-ci il Korrupsiya Qavrama İndeksi" üzrə Azərbaycanla bağlı nəticədən danışarkən deyib. O bildirib ki, Soros Fondu tərəfindən maliyyələşən başqa bir təşkilatın informasiyalarına əsasən Azərbaycan haqqında mülahizə yürüdüb.

E.Mirzəbəyli hesab edir ki, əvvəla, bu faktorun özü bütövlükdə Azərbaycanla bağlı digər və daha nüfuzlu beynəlxalq təşkilatların 2018-ci il, eyni zamanda, 2019-cu ildə açıqladığı hesabatlarla üst-üstə düşmür: "Nəzərinizə çatdırım ki, Azərbaycanın kredit reytinqləri artıb və həmçinin, ölkəmiz 2018-ci ildə ən çox islahat aparan dövlət kimi bir sıra vacib hesbatlarda ön plana çıxıb.

Həmin hesabatlarda Azərbaycan ən islahatçı ölkə kimi dünyaya təqdim olunub. Bu kontekstdən Azərbaycana olan iqtisadi maraqlar da artıb və xarici investisiyalarla bağlı prosesin daha mühüm bir mərhələyə qədəm qoyması gözlənilir. Belə olduğu təqdirdə, "Beynəlxalq Şəffaflıq" təşkilatının Azərbaycanı "2018-ci il Korrupsiya Qavrama İndeksi"ndə geriləməsi kimi bir absurd iddiaya imza atması qətiyyən məntiqə uyğun deyil".

Ekspert əlavə edib ki, islahat o ölkədə baş verir ki, eyni zamanda, o ölkənin iqtisadi reytinqləri artır ki, orda korrrupsiya minimum hədlərə çatdırılır və bu istiqamətdə ciddi mübarizə aparılır: "Yəni bir ölkənin iqtisadi potensialı, investisiya mühitinin yüksəlməsi, daha geniş anlamda təqdim olunması o deməkdir ki, həmin ölkədə korrupsiya ilə bağlı ciddi problemlər yoxdur. Belə olduğu halda, daha öncə Azərbaycanın reytinqdəki yeri irəlidə olduğu təqdirdə məhz islahatların həyata keçirildiyi, vergi, gömrük və digər sahələrdə mühüm addımların atıldığı bir vaxtda belə bir iddianın absurd ortaya çıxması bunun qərəzli olduğunu sübuta yetirir. Hesab edirəm ki, bunu xüsusi şərh etməyə də ehtiyac yoxdur, hər şey açıq-aydındır, mənzərə göz önündədir".

Xatırladaq ki, Azərbaycanın "Beynəlxalq Şəffaflıq" təşkilatının "Korrupsiya Qavrama İndeksi"ndə nəticəsi sonuncu 2018-ci il hesabatı istisna olmaqla, həmişə irəliləyib. Bununla belə, Azərbaycanın "Korrupsiya Qavrama İndeksi"nin nəticələri ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılan islahatları heç vaxt tam əks etdirməyib.

"Korrupsiya Qavrama İndeksi"nin nəticələri hazırlanarkən "Beynəlxalq Şəffaflıq" Təşkilatının özü tədqiqat aparmır, digər təşkilatların tədqiqatlarının nəticələrindən istifadə edir. Azərbaycanın nəticəsi hesablanarkən 7 təşkilatın tədqiqatı nəzərə alınırdı, lakin bu il Dünya İqtisadi Forumunun hesabatı nəzərə alınmayıb. Bunun səbəbi isə Dünya İqtisadi Forumu tərəfindən öz metodologiyalarına edilən dəyişikliklərlə bağlıdır.

Ötən il Dünya İqtisadi Forumun tədqiqatına əsasən, Azərbaycana 52 bal verilib. Bu il həmin balın olmaması ümumi bala mənfi təsir edib və Azərbaycanın "Korrupsiya Qavrama İndeksi"ndə reytinqi zəifləyib.

Qeyd edilməlidir ki, "Korrupsiya Qavrama İndeksi" 1995-ci ildən nəşr edilməsinə baxmayaraq, 2012-ci ildə nəticələrdə olan qüsurlar və kəskin fərqlərlə bağlı tənqidlər səbəbindən bu indeksin hazırlanma metodologiyası dəyişdirilib. Lakin bununla belə, indeksə münasibət dəyişməyib və bu gün də həmin indeks ciddi araşdırmalar və ya islahatların, tədbirlərin hazırlanması zamanı etibarlı mənbə sayılmır.

Təşkilat özü də bu tənqid və iradları qəbul edir, çünki korrupsiyanın ölçülməsi və xüsusilə müqayisəli sıralanması çox çətin işdir. Bu səbəbdəndir ki, həmin indeksin ümumiyyətlə, ləğv edilməsilə bağlı təşkilata mütəmadi çağırışlar olur.

Bunun səbəblərindən biri isə odur ki, "Korrupsiya Qavrama İndeksi"nin hazırlanmasında bütün ölkələr üzrə bərabər sayda və eyni mənbələrdən istifadə edilmir. Azərbaycan üzrə 6, Serbiya üzrə 8, Rusiya və Moldova üzrə 9, Montoneqro üzrə isə cəmi 5 mənbədən istifadə edilib. Misal üçün, bu indeksin hazırlanmasında istifadə edilən mənbələrdən biri olan "Dünya Ədalət Layihəsi - Hüququn Aliliyi İndeksi" Gürcüstana 100 baldan 63 bal verib, bu isə Gürcüstanın ümumi nəticəsinə əhəmiyyətli dərəcədə təsir edib. Ancaq qeyd edilən təşkilat Azərbaycanı ümumiyyətlə qiymətləndirməyib. Və ya əksinə, bəzi təşkilatlar Azərbaycanı qiymətləndirsə də, digər ölkələri qiymətləndirməyib. Bu halda ölkələrin ümumi nəticəsini necə müqayisə etmək olar? Yaxud bu müqayisə necə obyektiv ola bilər? Buna görə də ölkələrin nəticələri müxtəlif illər ərzində kəskin yaxşılaşır və ya zəifləyir.

Digər məsələ isə Korrupsiya Qavrama İndeksinin Azərbaycan üçün əsas götürdüyü mənbələr "Bertelsman Foundation" və "Freedom House" həmişə ölkəmizlə bağlı qərəzli mövqedə olub. Ona görə də bu indeksin nəticələri obyektiv hesab edilə bilməz. "Beynəlxalq Şəffaflıq" təşkilatının digər ənənəvi hesabat olan "Qlobal Korrupsiya Barometri" daha şəffafdır və etibarlıdır. Çünki bu hesabat birbaşa olaraq vətəndaşların mövqeyini ifadə edir. Dünyada belə bir yanaşma mövcuddur ki, ölkə üzrə rəy bildirilərkən "Beynəlxalq Şəffaflıq" təşkilatının digər hesabatı olan "Qlobal Korrupsiya Barometri"nin nəticələri də nəzərə alınmalıdır.

PƏRVANƏ

 





06.02.2019    çap et  çap et