525.Az

Prezident gənclərin cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirir


 

"GƏNCLƏR MÜXTƏLİF SAHƏLƏRDƏ ÇOX UĞURLA FƏALİYYƏT GÖSTƏRİRLƏR, ÖLKƏMİZİN ÜMUMİ İNKİŞAFINA BÖYÜK TÖHFƏ VERİRLƏR"

Prezident gənclərin cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirir<b style="color:red"></b>

Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri günü münasibətilə keçirilən respublika toplantısı Prezident İlham Əliyevin ölkə gənclərinə ünvanlanan geniş çıxışı ilə yadda qalıb.

Gəncləri əlamətdar gün münasibətilə təbrik edən, onların cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır: "Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər".

Prezident qeyd edib ki, gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar".

Bu gün Azərbaycan gənclərinin cəmiyyətimizin fəal hissəsi olduğunu deyən dövlət başçısı bildirib ki, haqlı olaraq gənclərimizlə fəxr edə bilərik: "Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərib ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır".

İ.Əliyev toplantıda dövlət təşkilatlarına gəncləri önə çəkməyi tövsiyə edib: "Gənclərin həm potensialı, həm fəallığı, həm onların məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxıb. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin".

Dövlət başçısı daha sonra gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında danışıb: "Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq. Əlbəttə ki, gənclər bu sahədə bizim ən birinci yardımçılarımız ola bilərlər və olmalıdırlar. Ona görə ictimai nəzarətin gücləndirilməsi çox önəmli məsələdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, mütləq ictimai nəzarət olmalıdır. Çünki ictimai nəzarət olan yerdə işlər daha yaxşı gedir. Ona görə mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm".

Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışan ölkə başçısı bildirib ki, qarşıda duran ən başlıca məsələ Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsidir: "Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb və son illərdə bu istiqamətdə əlavə addımlar atılıb. Mənim bir çox xarici həmkarlarımla imzaladığım sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə keçən il imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni ədaləti əks etdirən qətnamələr qəbul edib. Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi baza, hüquqi əsas yaradır və bu da bizim mövqeyimizi möhkəmləndirir. Biz çox böyük təbliğat işi aparırıq, yəni həqiqətləri çatdırırıq. Müxtəlif ölkələrdə təqdimatlar keçirilir, Xocalı soyqırımının tanıdılması prosesi uğurla gedir, müharibə ilə bağlı həqiqətləri çatdırırıq. Beləliklə, beynəlxalq ictimaiyyətdə düzgün fikir yaradırıq. Çünki onlar həqiqəti bilməlidirlər".

"Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz. Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyə prezident əlavə edib.

Prezidentin tədbirdəki çıxışı ilə bağlı fikirlərini bildirən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı qeyd edib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. O, "Trend"ə bildirib ki, bu gün gənc nəsil müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir: "Gənclərimiz səngərdə əllərində silah torpaqlarımızı müdafiə və işğaldan azad etmək uğrunda mübarizə aparır, dövlət idarəetməsində iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər. İdmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlir, himnimiz səsləndirilir. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınır, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar verilir".

A.Səfixanlı qeyd edib ki, bütün bunlar Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində daha da inkişaf edir və təkmilləşir.

Ombudsman Aparatının rəhbəri vurğulayıb ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını, hüquq və azadlıqlarını daha səmərəli təmin etmək məqsədilə Azərbaycan dövləti tərəfindən kompleks tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik bazası formalaşdırılıb, dövlət proqramları, strategiyalar qəbul olunub və uğurla icra olunmaqdadır: "Təbii ki, ölkəmizin inkişafı, onun beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması, dövlətini sevməsi və azərbaycançılıq ruhunda tərbiyə edilməsi olduqca vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi zəruridir. İnanıram ki, gənclərimiz bundan sonra da üzərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirərək hər birimizin vətəni olan Azərbaycanımızın inkişafı yolunda çalışacaqlar".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə bildirib ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin institusional inkişafını təmin edir. O bildirib ki, Azərbaycanda gənclərin inkişafı istiqamətində atılan addımların başlıca məqsədi onların enerjisindən dövlət idarəçiliyində, ictimai institutlarda, qanunvericilik orqanlarında və mühüm platformalarda daha səmərəli istifadə etməkdir: "Bu gün gənclərimiz ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elm auditoriyalarında təmsil edə bilirsə, bu, Azərbaycan gəncliyinin inkişafının göstəricisi, dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir".

B.Quliyev qeyd edib ki, ötən dövr ərzində Azərbaycanda kifayət qədər savadlı, yetkin siyasi şüurlu, dünyagörüşlü gənclik formalaşıb: "Ölkəmizdə istehsal və ixrac olunan əqli məhsulların ərsəyə gəlməsində də gəncliyin təmsil olunması onların elmi-intellektual potensialını ortaya qoyur. Bu gün könüllülük hərəkatı Azərbaycanda yeni mərhələyə qədəm qoyub və burada gənclərin sayı xüsusi paya malikdir. Artıq bütün dünyaya nümunə olan Azərbaycan könüllülər hərəkatında gənclərin fəallığı onların könüllü şəkildə dövlətin yanında olduğunu göstərir".

Baş redaktor hesab edir ki, Azərbaycan gəncliyi daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub: "Azərbaycanda həyata keçirilən dövlət proqramları, layihələr təkcə paytaxt gənclərini deyil, eləcə də region gənclərinin inkişafını stimullaşdırır. Region gənclərinin sağlam ruhda inkişaf etməsi məqsədilə bölgələrimizdə idman mərkəzləri, olimpiya kompleksləri, gənclər evləri və müxtəlif dərnəklər açılır, onların asudə vaxtlarının səmərəli şəkildə keçməsi üçün lazımi infrastruktur yaradılır. Bir sözlə, Azərbaycan gənclərinin xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir. Bu uğurlar həm dövlətin apardığı siyasət, həm də liderin şəxsi iradəsi nəticəsində qazanılıb. Ən əsası odur ki, gənclik bunu yüksək qiymətləndirir və biz bunun Aprel döyüşlərində də bir daha şahidi olduq. Həmin vaxt Azərbaycan gəncliyi ali baş komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazır olduğunu əməli ilə sübut etdi. Bu isə liderə etiramın və inamın əlamətidir".

Ceyhun ABASOV

 





06.02.2019    çap et  çap et