525.Az

İlahiyyat İnstitutunun 1 yaşı tamam olur


 

REKTOR CEYHUN MƏMMƏDOV: "ƏSAS MƏQSƏD ZƏNGİN DÜNYAGÖRÜŞÜNƏ, DƏRİN DİNİ VƏ DÜNYƏVİ BİLİKLƏRƏ, GÜCLÜ ŞƏXSİYYƏTƏ MALİK MÜTƏXƏSSİSLƏR YETİŞDİRMƏKDİR"

İlahiyyat İnstitutunun 1 yaşı tamam olur<b style="color:red"></b>

Fevralın 9-da Azərbaycan İlahiyyat İnstitutunun 1 yaşı tamam olur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasında yaradılıb.

Həmin tarixədək Bakı Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən İlahiyyat fakültəsi qeyd olunan Sərəncama əsasən, yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilib. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. İlahiyyat İnstitutunda bir fakültə (İlahiyyat fakültəsi) və üç - Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai fənlər kafedraları mövcuddur. Hazırda fakültədə bakalavriat səviyyəsində 101, magistratura səviyyəsində isə 7 tələbə təhsil alır. İnstitutda əməkdaşların sayı 54 nəfərdir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ilin iyunundan fəaliyyətə başlayıb. Qısa vaxt ərzində institutun formalaşması istiqamətində zəruri tədbirlər həyata keçirilib, tədris ilinə hazırlıq görülüb: "Beynəlxalq standartlara uyğun və dövlətin perspektiv tələbləri əsasında təhsilin səviyyəsini təmin etməyə çalışırıq və düşünürəm ki, buna qismən də olsa, nail olmuşuq. Tədris prosesini həyata keçirən müəllimlər yüksək səviyyədə təhsil almış alimlər, mütəxəssislərdir. İnstitut yeni yaradıldığı üçün ilk tədris ilində keçid balı minimum 150 bal götürülüb. Orta ballara nəzər saldıqda isə görərik ki, İslamşünaslıq ixtisası üzrə ən aşağı bal göstəricisi 177, Dinşünaslıq üzrə isə 217-dir. Tələbələrlə vaxtaşırı ünsiyyət qururuq, problemləri ilə yaxından maraqlanır, onlara dəstək olmağa çalışırıq. Yüksək səviyyəyə, dünyagörüşünə malik ziyalılar yetişdirmək üçün bir çox layihə həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübələrindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz - gələcəyin ilahiyyatçıları savadlı, kamil mütəxəssislər olmaqla yanaşı, həmçinin, səlis nitq qabiliyyətinə malik natiqlər olsunlar. Buna görə də onların öz seminarlarını təşkil edirik. Tələbələrin, valideynlərin və ictimaiyyətin münasibətini nəzərə alıb deyə bilərəm ki, bu, çox yaxşı səmərə verir. Bəli, məhz din xadimi həm də çox yaxşı natiq olmalıdır".

Rektor deyir ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir: "Bildiyiniz kimi, sovet dövründə dinin təbliği qadağan idi və dini təhsil müəssisələri bağlanmışdı. Azərbaycanda dini ənənənin zəiflədilməsi ilə müəyyən problemlər yaranmağa başlandı. Müstəqilliyimizin bərpasından sonra, Azərbaycanda bu sahəyə diqqət daha da artdı. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi gündən etibarən din sahəsinə xüsusi qayğı göstərildi. Məscidlər, kilsələr, sinaqoqlar inşa olundu və təmir edildi. Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idisə, bu gün ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. Bu məscidlərin savadlı, bilikli, zəngin dünyagörüşlü din xadimlərinə, müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində ilahiyyatçılara böyük ehtiyacı var".

C.Məmmədovun dediyinə görə, Azərbaycan dünyəvi dövlət olduğu üçün burada tədris də dünyəvi mahiyyətdədir: "Biz ənənəvi üsullarla yanaşı, dövrün tələblərinə uyğun daha müasir metodlarla tələbələrə dərs deməyə səy göstəririk. Məqsədimiz yüksəkixtisaslı ilahiyyatçı kadrlar yetişdirməkdir. Dinə elmi yanaşırıq və onu elmi əsaslarla, dünya təcrübəsinə uyğun tətbiq edirik. Biz burada Din fəlsəfəsi, Dinin psixologiyası, sosiologiyası, müqəddəs mətnlər, hind-Çin dinləri, Xristianlıq, Yəhudilik, müqəddəs kitabların müqayisəli təhlili kimi tədrisi geniş spektrdə həyata keçiririk. İnstitutu bitirən tələbələrin gələcəkdə xarici ölkələrdə təhsillərini müxtəlif istiqamətlərdə davam etdirmələri, xarici dil biliklərini təkmilləşdirmələri nəzərdə tutulur. Xarici dilləri yüksək səviyyədə bilən ilahiyyatçılara da ehtiyacımız var ki, onlar bizi müxtəlif ölkələrdə layiqincə təmsil etsinlər. Əsas hədəflərdən biri də odur ki, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq, sevgi olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün tutulmamalıdır".

Rektor vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsizdir. Bütün qəbul olan tələbələr təqaüdlə təmin edilirlər. Təhsilalanlar beynəlxalq mübadilə proqramları vasitəsilə bir semestr, yaxud daha artıq Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq imkanı əldə edirlər. Eyni zamanda, yüksək nəticə ilə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirə bilərlər. İnstitutu bitirənlər Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında, həmçinin, din xadimi kimi işləmək imkanı qazanacaqlar. İnstitutun əsas fərqli cəhətlərindən biri dövlət təhsil müəssisəsi olması və dövlət tərəfindən maliyyələşdirilməsidir. Əsas özəlliklərimizdən biri də bu təhsil müəssisəni bitirənlərin işlə təmin olunmasıdır. Onların institutu bitirəndən sonra işlə təmin olunması ilə bağlı planlarımız var və bu istiqamətdə işlər aparılır.

C.Məmmədov qeyd edib ki, institutun ölkədə fəaliyyət göstərən əksər universitetlərlə əməkdaşlıq əlaqələri mövcuddur. Ali təhsil müəssisəsi fəaliyyətini inkişaf etdirmək məqsədilə xarici təhsil müəssisələri ilə əlaqələr yaradır. Bu məqsədlə Türkiyəyə rəsmi səfər təşkil edilib. Səfər çərçivəsində müxtəlif universitet, təhsil müəssisəsi, tədqiqat mərkəzi və digər qurumlarda görüşlər keçirilib. Rusiyaya səfər çərçivəsində Moskva İslam İnstitutu və Permdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib. Bundan başqa, institut müəllimləri dünyanın müxtəlif ölkələrində elmi konfranslarda məruzə ilə çıxış edirlər: "Bu gün Oksford və Kembric Universitetlərində belə İslamla bağlı tədqiqatlar aparılır. Biz həmin mütəxəssislərlə mütləq əməkdaşlıq quracağıq. Onlar tədris prosesində, konfranslarımızda iştirak edə bilərlər. Bir sözlə, xarici mütəxəssislərlə mütəmadi və sıx şəkildə işləməyi nəzərdə tutmuşuq. Təcrübə mübadiləsi olduqca vacib məsələdir. Onu da deyim ki, bu institut yaradılandan sonra xaricdən bizə yetərincə müraciətlər daxil olub. Vaxtilə Azərbaycandan xaricə köçüb, indi gəlib burada işləmək istəyən və əməkdaşlıq etmək istəyənlər çoxluq təşkil edir".

C.Məmmədovun söylədiyinə görə, İnstitutun fəaliyyət sahələrindən biri də nəşriyyatlardır. İnstitutun nəşriyyatla bağlı ilkin hədəfi yeni dərsliklərin hazırlanmasıdır. Bütün fənlər üzrə yeni dərsliklərin hazırlanması layihəsi çərçivəsində tədris ilininin başlanğıcında lazım olan dərsliklər hazırlanaraq tələbələrə paylanıb. Növbəti tədris ilində lazım olacaq dərsliklərlə bağlı işlər də davam etdirilir.

İnstitutda elmi məqalələrin nəşri üçün nəzərdə tutulan "Din araşdırmaları" jurnalı təsis olunmuş, jurnalın redaksiya heyətinə həm ölkədaxili, həm də xarici tədqiqatçılar daxil edilmişdir.

Jurnalın yaxın gələcəkdə beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur. Bundan əlavə, İnstitutun fəaliyyətinin işıqlandırılması üçün nəzərdə tutulan "İlahiyyatçı" qəzeti də nəşrə başlayıb. İnstitutun bütün strukturları və fəaliyyəti ilə bağlı əsasnamələr, qaydalar və məlumatlar toplusu, İnstitutun kataloqu da nəşrə hazırlanıb. İnstitutun müasir tələblərə cavab verən geniş həcmli internet saytının hazırlanmasına başlanılıb və əməkdaşlar korporativ maillərlə təmin ediliblər".

S.QARAYEVA

 





07.02.2019    çap et  çap et