525.Az

"Valideynin məktəbdə bir günü" layihəsi davam edir


 

"Valideynin məktəbdə bir günü" layihəsi davam edir<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Valideynin məktəbdə bir günü" layihəsi davam edir.

İdarənin ictimaiyyətlə əlaqələr sektorundan verilən xəbərə görə, layihənin reallaşdırılmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq və valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

2018-2019-cu tədris ilində layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan görüşlərdə ibtidai (I-IV), orta (V-VIII) və yuxarı (IX-XI) sinif şagirdlərinin valideynləri övladlarının oxuduqları məktəbləri ziyarət edəcəklər.

Görüş zamanı valideynlər məktəb mühiti ilə tanış olacaq, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat veriləcək. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinləniləcək və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən valideynlər üçün sessiyalar təşkil olunacaq. Valideynlərə təşəbbüskar və daha fəal olmaq, eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyələr veriləcək.

Eyni zamanda, valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçiriləcək.

S.QARAYEVA

 





07.02.2019    çap et  çap et