525.Az

"Bizdə evliliyə oyun kimi baxırlar, bir aydan sonra mülk davası başlayır"


 

"GƏNCLƏR VƏ AİLƏ: ƏNƏNƏ VƏ MÜASİR BAXIŞ" MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Bizdə evliliyə oyun kimi baxırlar, bir aydan sonra mülk davası başlayır"<b style="color:red"></b>

"Şəxsiyyətin yetişməsində ailənin rolu böyükdür. Əsas dəyərlər ailədə formalaşır. Ailə kiçik bir dövlətdir, öz qanunları var. Gənclərə sağlam həyat tərzi təbliğ olunmalıdır, onlar vətənpərvər ruhda olmalıdırlar".

Bunu Bakıda "Gənclər və ailə: ənənə və müasir baxış" mövzusunda keçirilən konfransda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib. Onun sözlərinə görə, ailə ilə bağlı qanunvericilik bazası mükəmməldir. Deputat bildirib ki, 2018-ci ildə 13 651 boşanma olub: "Bu hal təəssüfləndiricidir. Əvvəl əsas səbəb sonsuzluq idi. İndi isə uşaqlı ailələrin boşanma sayı da artıb. Boşananların 71 faizi biruşaqlı ailələrdir. Bu, milli-mənəvi dəyərlərə uyğun deyil. Sevgi, səmimiyyət uzaqlaşır, evliliyə oyun kimi baxırlar. Toy edirlər, oynayırlar, bir-birlərinə acıq verirlər, sonra bəylə gəlini Limuzinlə yola salırlar. Daha sonra da Maldiv adalarında dincəlməyə gedirlər. Bir aydan sonra ailə yoxdur, mülk davası başlayır. Rəhbərlik etdiyim komitəyə müraciətlərin əksəriyyəti mülk və alimentlə bağlıdır. Bu müraciətləri gənclər özləri deyil, valideynləri edirlər. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Boşanmaların bir çox səbəbləri var. Buraya məcburi evlilik, erkən nikah, məişət zorakılığı, kənar müdaxilələr daxildir".

A.Naxçıvanlı vurğulayıb ki, bu gün bir çox ailələr oğluna qız axtaranda onun az savadlı olmasını, evdən çıxmamasını istəyir: "Amma bu, problemlər yaradır. Hər bir ailə öz övladına yaxşı təhsil verməlidir. Düzdür, bu gün bəziləri qıza elçi gələndə söz verirlər ki, onun işləməyinə icazə verəcəklər, amma dediklərinə əməl etmirlər. Bu, insani keyfiyyətlər kimi səciyyələndirilmir. Adətən ögey ata olan ailələrdə qızları başdan etmək üçün tez ərə verirlər".

Millət vəkili bildirib ki, qeyri-rəsmi nikahlar cəmiyyəti narahat edir: "Biz gənclərə deyirik ki, Avropadan yaxşı dəyərləri gətirin, amma qeyri-rəsmi nikahı gətirirlər. İnanmıram ki, təhsilli ailədə gənc hər hansı təsir altına düşsün və ailə probleminə barmaqarası baxsın. Bizim gənclər əziyyətə dözmək istəmirlər. Əvvəllər yeni ailələr qurulanda hər kəs onlara kömək edirdi. İndi gənclərin sosial-mənzil problemlərinin həlli istiqamətindən tədbirlər görülür. Gənclərə tövsiyəm odur ki, ailə qurmamışdan öncə təhsil haqqında düşünsünlər. O zaman seçimləri də gözəl olacaq".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə bildirib ki, ailədəki problemlərin kökü araşdırılmalıdır: "Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb. Biz proseslərə nəzər salsaq, Qərbdə ailə dəyərlərinin deformasiya olduğunu görmüş olarıq. Bu da demoqrafik problemlər yaradır. Onlar bu problemləri həll etmək əvəzinə, digər cəmiyyətlərə ötürmək yolunu seçirlər. Bəzi qüvvələr var ki, dünyanın bir nöqtədən idarə etməyə çalışırlar, buna müxtəlif yollarla cəhd edirlər. Amma onlar istəklərinə nail ola bilmədilər. Məqsəd milli dəyərləri qorumaq olmalıdır".

A.Sofiyeva qeyd edib ki, bəzi beynəlxalq təşkilatlar insan hüquqları adı altında hansısa fikirləri təbliğ edirlər: "Təəssüflər olsun ki, içimizdəki bəzi qruplar onları dəstəkləyir. Sosial şəbəkələrdə "verbovşiklər" konkret məqsədlərə xidmət edirlər. Bu şəbəkələr vasitəsilə hər bir ailəyə nüfuz edirlər. Onlar beyinlərə təsir göstərməyə çalışırlar. Azərbaycan ailələri buna necə hazırdır? Bizim ailələrin əsrlərdən bəzi dəyərləri var. Əlbəttə ki, zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bugünə qədər qoruyub saxlayıb. Məqsədimiz bunu gələcək nəsillərə ötürməkdir. Dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir. Bu istiqamətdə müxtəlif addımlar atılır. Biz ailə siyasətinin istiqamətinin vektorunu dəyişəcəyik, yəni yalnız həssas ailələrin deyil, bütün ailələrin sosial rifahının yaxşılaşması üçün addımlar atılacaq".

Dini Qurumlar İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ideyib ki, bu gün Azərbaycan gəncliyinə, Azərbaycan ailəsinə qarşı iki istiqamətdə təsir var. Bir təsir Qərbdən gələn ultra müasirlik, digər təsir isə Şərqdən gələn ultra dindarlıqdır: "Mənim çalışdığım sahə Şərqdən gələn təsirlərlə bağlıdır. Təəssüf ki, o təsirlərin əsas hədəfərindən biri gənclikdir, ikincisi isə Azərbaycan ailəsidir. Hər bir xalqın özünün həyat tərzi, mədəniyyəti, adət-ənənələri var. Bu baxımdan bizim Şərqlə şəriətimiz eyni olsa da, mədəniyyətimiz fərqlidir. Biz ərəblərlə, Anadoludakı qardaşlarımızla, pakistanlı, malaziyalı, farslarla, iranlılarda, ərəblərlə eyni dini paylaşırıq, ancaq mədəniyyətimiz eyni deyil. Çünki həyat tərzimiz fərqlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ərəb qardaşlarımız gəldi, din ilə bağlı müəyyən işlər apardılar, ancaq din pərdəsi altında öz mədəniyyətini, həyat tərzini də bizə təqdim etdi. Yəni əgər mən onun təbliğatı nəticəsində dindar oldumsa, həyat tərzim də ona bənzədi. İrandan fars qardaşım gəldi, mənə dini təbliğ etdi və din altında öz mədəniyyətini də təbliğ etdi. Nəticədə dindar olduq, amma İran həyat tərzinin təsiri altına düşdük. Anadoludan qardaşımız gəldi, dini öyrətdi, nəticədə dindar olduq, amma həyat tərzimiz də dəyişdi. Nəticədə, dindarlarımızın bir hissəsi ərəbləşmə, bir hissəsi farslaşma, bir hissəsi isə anadolu türkü istiqamətində getdi. Bəzən deyirik ki, dindarlarımızın sayı artıqca azərbaycanlıların sayı azalır. Dindarlaşma heç bir halda ərəbləşmə, farslaşma, Anadolu türkünə çevrilmə olmamalıdır. Biz öz mədəniyyətimizə sahib çıxmalıyıq. Eyni zamanda, Qərbdən gələn təsirdən ingilisləşmə, fransızlaşma amerikalılaşma kimi halar olmamalıdır. Qərbdən və Şərqdən gələn bu təsirlərə qarşı bizim mənəvi immunitetimiz olmalıdır".

S.QARAYEVA

 





08.02.2019    çap et  çap et