525.Az

Mübariz İbrahimovun atası: "Ramil Səfərova deyiləcək sözüm var"


 

Mübariz İbrahimovun atası: "Ramil Səfərova deyiləcək sözüm var"

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov ömürlük həbsdən azadlığa buraxılan mayor Ramil Səfərovla görüşmək üçün Biləsuvardan Bakıya gəlməyə hazırlaşır.

Bu barədə Modern.az saytına Ağakərim İbrahimov özü məlumat verib.

Milli Qəhrəmanın atası bildirib ki, Ramil Səfərovun azadlığa buraxılması onun ailəsində sevinclə qarşılanıb. A.İbrahimov həmçinin vurğulayıb ki, o, yaxın günlərdə Ramil Səfərovla görüşmək istəyir.

“Mən də Azərbaycan vətəndaşı kimi Ramil Səfərovun vətənə gətirilməsinə və onun azadlığa buraxılmasına çox sevindim. Təbii ki, Milli Qəhrəmanın atası olaraq mən yaxın günlərdə Ramil Səfərovla görüşmək istəyirəm. Bu, mənim üçün çox əlamətdar hadisədir ki, Azərbaycanın bir igid oğlu azadlığa buraxılıb. İnşallah, tezliklə Ramil ilə görüşəcəm, ona deyiləcək xeyli sözüm var”, - deyə Milli Qəhrəman Mübariz İbrahimovun atası bildirib.

Şəhid gizir Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. Mübariz 2010-cu il iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənin sinəsinə dağ çəkib, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub.

Rəsmi məlumatlara görə, Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Amma bu rəsmi məlumatdır... Düşmənin itkisi bundan çox olub, bunu ermənilər qeyri-rəsmi olaraq etiraf ediblər...

 





03.09.2012    çap et  çap et