525.Az

Elçin Əhmədov: “Ermənilər 1992-ci ildə daha dəhşətli cinayətlər törədiblər”


 

ŞUŞANIN MALIBƏYLİ VƏ QUŞÇULAR KƏNDLƏRİNİN İŞĞALINDAN 27 İL KEÇİR

Elçin Əhmədov: “Ermənilər 1992-ci ildə daha dəhşətli cinayətlər törədiblər”<b style="color:red"></b>

“31 il əvvəl - 1988-cil fevralın 8-də ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüblər. Fevralın 12-də isə DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər bölgənin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndində ilk mitinq keçiriblər”.

Bu sözləri Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Şuşanın Malıbəyli və Quşçular kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ildönümü ilə əlaqədar “525”ə açıqlamasında deyib.

E.Əhmədov bildirib ki, hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb: “Heç şübhəsiz, ermənilərin bu ərazi iddiaları birdən-birə yox, xaricdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəfli plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar”.

Professor qeyd edib ki, SSRİ rəhbərliyi Ermənistanına himayədarlığı sayəsində erməni silahlı bandalarını şirnikləşdirir və basqınlarının artmasına rəvac verirdi: “Dağlıq Qarabağ regionunda hərbi əməliyyatları genişləndirməklə yanaşı Ermənistan 1988-ci ildən 1991-ci ilin sonunadək Azərbaycanın Ağstafa, Qazax, Tovuz, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 kütləvi artilleriya atəşinə tutmuş, nəticədə 411 nəfər öldürülmüşdü. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində edilmişdi. Halbuki adıçəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu cinayətlər Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmilli, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı”.

E.Əhmədovun sözlərinə görə, bununla yanaşı, 1988-1991-ci illərdə etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüzə məruz qalaraq öz yurdlarından didərgin salınıb: “Onlara məxsus 51 min ev, 165 sovxoz və kolxoz əmlakı, çoxlu mal-qara talanıb. Ermənilər tərəfindən 217 azərbaycanlı qətlə yetirilib. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donub, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilib, 35 nəfər işgəncələrlə öldürülüb, 115 nəfər yandırılıb, 16-sı güllələnib, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölüb, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülüb, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərəyanına verilərək, başları kəsilərək qətlə yetiriliblər. Bu illərdə 1154 nəfər yaralanıb, yüzlərlə adama işgəncələr verilib”.

“Qeyd olunan illər ərzində Dağlıq Qarabağda ermənilər tərəfindən törədilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşətutma halları qeydə alınıb ki, bunların da nəticəsində 514 nəfər həlak olub, 1318 nəfər yaralanıb. 1988-1991-ci illərdə 119 obyekt və 1134 azərbaycanlı evi ermənilər tərəfindən dağıdılıb. Hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər keçən dövr ərzində get-gedə kəskinləşən münaqişəni nizama salmaq mümkün olmayıb. Əksinə, ittifaqın müəyyən dairələri tərəfindən himayə edilən ermənilər Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək açıq-aşkar işğalçılıq siyasəti yeridib, nəticədə dinc sakinlər həlak olub, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb”, - deyə icmanın rəhbərinin müavini qeyd edib.

Professor əlavə edib ki, 1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törədiblər: “Yanvar ayının 28-də Ağdamdan Şuşaya uçan Mİ-8 vertolyotu şəhərə çatmamış, yəni, Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladılıb, nəticədə vertolyotda olan 3 nəfər heyət üzvü və 41 sərnişin faciəli şəkildə həlak olub”.

E.Əhmədov bildirib ki, 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal ediblər: “1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunub. Hücum zamanı 30-dan çox azərbaycanlı öldürülüb, 140-dan çoxu yaralanıb və əsir götürülüb. Bu qanlı hadisələr keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilib. Xankəndinin yaxınlığında yerləşən və düşmənə sipər olan bu iki kəndin sakinləri 1988-1992-ci illərdə erməni təcavüzünə qarşı mərdliklə mübarizə aparıblar. Nəticədə SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyub didərgin salıb, eləcə də Ermənistandan 250 min Azərbaycanlını tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edib. Bununla yanaşı, Ermənistanın ərazi iddiası obyekti olan Dağlıq Qarabağ bölgəsinə nəinki aidiyyəti olmayan və onun hüdudlarından kənarda yerləşən bir sıra ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu genişmiqyaslı hərbi təcavüz münaqişəni mahiyyətcə yeni – işğalçılıq səviyyəsinə keçirib. Hazırda təkcə Yuxarı Qarabağın deyil, eləcə də digər ərazilərimizin işğal altında olması Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir”.

Ceyhun ABASOV

 





11.02.2019    çap et  çap et