Bu gün Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası çərçivəsində parlamentin ikinci plenar iclası keçiriləcək.
MM-dən əldə edilən məlumata görə, iclasın gündəliyinə ilkin olaraq, 38 məsələ, o cümlədən, bələdiyyələrin illik fəaliyyətinə nəzarət edən orqanın - Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi-hesabatı daxil edilib. Hesabatla ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edəcək.
Qeyd edək ki, bu ay parlamentin daha bir - üçüncü plenar iclasının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, mart ayında da parlamentin ən azı iki plenar iclasının baş tutması gözlənilir. Belə ki, MM-in Daxili Nizamnaməsinə əsasən, parlamentin 5-ci iclasından gec olmayaraq (Novruz bayramına kimi - red), Nazirlər Kabinetinin-hökumətin illik hesabatı dinlənilməlidir. Bu il də məhz belə olacaq. Yaz sessiyasının martın ayının 15-nə nəzərdə tutulan 5-ci iclasında hökumət adından Baş nazir Novruz Məmmədovun hesabatı dinləniləcək.
Baş nazir kimi N.Məmmədov ilk dəfə parlamentarilər qarşısında hesabatla çıxış edəcək. Onu da qeyd edək ki, N.Məmmədov 2018-ci il ilin 11 aprel növbədənkənar prezident seçkilərindən cəmi 10 gün sonra, aprel ayının 21-də Prezident İlham Əliyevin təqdimatı əsasında parlamentin xüsusi iclasında Baş nazir vəzifəsinə təsdiqlənmişdi.
O, bu postda 1996-cı ildən 2018-ci ilə kimi 22 il ərzində baş nazir vəzifəsini icra edən Artur Rasi-zadəni əvəzləmişdi. Həmçinin qeyd edək, baş nazirin hesabatında bütün hökumət üzvləri-birinci vitse-premyer və vitse-premyerlər, o cümlədən, hökumətə daxil olan nazirlər, komitə sədrləri, konsern, dövlət şirkətlərinin prezidentləri və ASC-lərin sədrləri iştirak edəcəklər. Hesabat cəmi bir gün müzakirə ediləcək və təsdiqlənəcək.
Xatırladaq ki, yaz sessiyası mayın 31-də başa çatacaq. Həmin vaxta kimi də parlamentin daha bir neçə plenar iclası, ailə-məişət zorakılığı, vərəm, şəkər xəstəlikləri, icbari tibbi sığorta və sair məsələlər ilə bağlı ictimai dinləmələri keçiriləcək, o cümlədən, Ombudsman Elmira Süleymanovanın və İnsan alverinə qarı mübarizə üzrə Milli Koordinatorin, daxili işlər nazirinin birinci müavini, general Vilayət Eyvazovun illik hesabatları dinləniləcək və təsdiqlənəcək
Kamil HƏMZƏOĞLU