525.Az

Aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində mühüm addım


 

"DÖVLƏT BAŞÇISININ MİNİMUM ƏMƏKHAQQININ ARTIRILMASI İLƏ BAĞLI SƏRƏNCAMI ƏHALİNİN BÜTÜN QRUPLARININ YAŞAYIŞ SƏVİYYƏSİNİN YÜKSƏLMƏSİNƏ SƏBƏB OLACAQ"

Aztəminatlı ailələrin sosial müdafiəsi istiqamətində mühüm addım<b style="color:red"></b>

Prezident İlham Əliyevin əhalinin rifah halının yüksəldilməsi, xüsusilə aztəminatlı və imtiyazlı təbəqələrin sosial durumunun yaxşılaşdırılması məqsədilə minimum aylıq əməkhaqqının artırılmasına dair sərəncamı cəmiyyətdə yüksək qiymətləndirilir.
 
Sənədə əsasən, Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4 faiz) artırılaraq 130 manatdan 180 manata çatdırılır. Bununla ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılmasına müsbət təsir göstərəcək.

Ümumiyyətlə, son dövrlər xüsusi diqqət və qayğıya ehtiyac olan vətəndaşların, o cümlədən, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq bu kateqoriyadan olan vətəndaşlara mənzil və yaşayış evlərinin, avtomobillərin verilməsi, onların özünəməşğulluq proqramlarına cəlb olunması, eyni zamanda, 1997-ci ilin avqustun 2-dək şəhid olmuş hərbi qulluqçuların, o cümlədən, daxili işlər orqanları işçilərinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesinə başlanılması, həmin ailələrin aldığı aylıq müavinətlərin artırılaraq 300 manata çatdırılması dövlətin diqqət və qayğısını əks etdirən mühüm tədbirlər kimi qiymətləndirilir.Bildirilib ki, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Əmək qanunvericiliyinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.

Nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Prezident İlham Əliyevin sözügedən sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əmək haqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.

Prezidentin yeni sərəncamı ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, minimum aylıq əməkhaqqının məbləğinin 180 manatadək artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm addımdır. O, "Trend"ə bildirib ki, yaşayış minimumu ilə minimum əməkhaqqı arasında həmişə fərq olub: "Dünya dövlətlərinin çoxunda da bu fərq var. Lakin bu fərqin aradan qaldırılması ilə dövlət sektorunda çalışan çox sayda işçilərin maaşı qalxacaq, eyni zamanda, özəl sektorda çalışanların əmək haqlarında buna uyğun artımlar olacaq. Bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluq səviyyəsinin aşağı salınması istiqamətində çox böyük addım olacaq".

M.Quliyev vurğulayıb ki, dövlət başçısının müvafiq sərəncamı əhalinin bütün qruplarının yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Deputat Bəxtiyar Əliyev isə qeyd edib ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət göstərir: "Dövlət başçısının minimum aylıq əməkhaqqının məbləğinin 180 manatadək artırılması ilə bağlı imzaladığı sərəncam da bu siyasətin davamıdır".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşlarının əməkhaqlarının artırılması, mənzil şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və digər bu kimi məsələlərlə bağlı sərəncamlar imzalayır: "Minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam bir daha onu göstərir ki, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatında öndə Azərbaycan vətəndaşının sosial rifahı dayanır və həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf edir".

B.Əliyev əlavə edib ki, bu inkişaf Azərbaycan vətəndaşının həm təhlükəsizliyinin təmin edilməsinə, həm də onun sosial rifahının yaxşılaşdırılmasına yönəlib: "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə yönəlib".

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları vahid tarif cədvəli (VTC) üzrə ödənilən elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçiləri əhatə edəcək. Həmçinin, dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları VTC üzrə ödənilən mülki işçilər, dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) də bu kateqoriyaya aiddir. Bundan əlavə, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əməkhaqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əməkhaqqı alan xidmətedici heyət işçilərinin maaşları artacaq.

Eyni zamanda, minimum əməkhaqqı artımı özəl sektorda çalışan və əməkhaqqı 180 manatdan az olan işçilərin əməkhaqqının artmasına səbəb olacaq.

Dövlət başçısının yeni sərəncamı ilə minimum əməkhaqqının artırılması muzdla çalışanların azı 40 faizinin əmək haqlarının artmasına imkan verəcək.

Ceyhun ABASOV

 





13.02.2019    çap et  çap et