525.Az

“Bir nəğmədir şeirlərim...” işıq üzü görüb


 

“Bir nəğmədir şeirlərim...” işıq üzü görüb<b style="color:red"></b>

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü, şair Fuad Biləsuvarlının “Bir nəğmədir şeirlərim...” kitabı nəşr edilib.

Bu, “Pərvanəm mənim”, “Bəlkə görüşmədik” kitablarından sonra müəllifin oxucularla üçüncü görüşüdür.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda şairin son illərdə yazdığı müxtəlif məzmunlu şeirləri toplanıb. “Nəğməli şeirlər” və “Sərbəst misralar” adlı iki bölmədən ibarət kitabın redaktoru və ön sözü müəllifi şair Afaq Şıxlıdır.

“Müəllifdən...” başlığı altında F.Biləsuvarlı özünün poetik dünyası, şeirə, ədəbiyyata olan sevgisindən danışaraq, oxucuları öz dünyasına bir az da yaxınlaşdırır: “Mən necə yazıram?! Bu suala cavab vermək, bəlkə də mənim üçün çox çətindir. Amma “yazmaya bilərəmmi?!” - sualına cavab vermək mənə daha asandır. Hər gün nəsə yazmaq mənim üçün artıq ciddi məsələdir. Çünki yazmaya bilmərəm. Evimin sakit bir guşəsindəki kiçik yazı masasının arxasında özümü daha rahat hiss edirəm. Necə deyərlər, bir mən oluram, bir də düşüncələrim. Və bu düşüncələr ilham pərisinin köməyilə sətirlərə çevrilir. Beləcə, mənim sevilən şeirlərim yaranır... Hər şeir insan ömrünün bir anıdır. Bu anı yaşamasan, duymasan yazdıqlarının adı söz yığını olacaq. Bildiyim bir həqiqət isə budur ki, yazdıqların ürəkdən gəlmirsə, ürəklərə təsir etməyəcək...

Artıq iki kitabım işıq üzü görüb. Bu şeirlərdən bəzilərinə musiqilər də bəstələnib. Amma onların hamısı öncə, yaradıcılıq süzgəcindən keçib, həyata vəsiqə alıb. Ötən illərin təcrübəsinə əsasən gəldiyim qənaət: yazmaya bilmərəm. Mən yaradıcılıqla məşğul olanda, yazıb-yaradanda yaşayıram. Narahatlıqlarla, yuxusuz gecələrlə dolu dəqiqələr, anlar mənim üçün çox şirindir... İstəkli oxucularım, sayca üçüncü kitabım olan “Bir nəğmədir şeirlərim...” adlı kitab da illərdi ki, üzərində yorulmaq bilmədən çalışdığım yuxusuz gecələrimin bəhrəsidir. Ümidvaram ki, bu kitabım da xoşunuza gələcək. Və stolüstü kitablarınızdan biri də mənim “Bir nəğmədir şeirlərim...” adlı kitabım olacaq”.

Afaq Şıxlı isə ön sözündə şairə bir tövsiyə verir: “Çətinliklərin gözünə dik baxmağı bacaran Fuad Biləsuvarlı! Keçmişə sarı boylanma, gələcəyi düşün!”

MEHRİ

 





13.02.2019    çap et  çap et