525.Az

Bəxtiyar Vahabzadə “Ustada sayğı gecəsi” ilə yad edildi - Fotolar


 

Bəxtiyar Vahabzadə “Ustada sayğı gecəsi” ilə yad edildi - <b style="color:red">Fotolar </b>

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçirilib.

Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimi giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açaraq, qonaqları salamlayıb, Bəxtiyar Vahabzadənin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevildiyini, bu gün keçirilən tədbirin də bu sevgi və ehtiramın təzahürü olduğunu vurğulayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar bənzərsiz şair, dramaturq, istedadlı ədəbiyyatşünas alim, gözəl pedaqoq, böyük vətənpərvər Bəxtiyar Vahabzadənin əziz xatirəsinin türk xalqlarının qəlbində əbədi yaşayacağını vurğulayıb: "Bəxtiyar Vahabzadə Azərbaycanda tanındığı qədər Türkiyədə də tanınır. Burada sevildiyi qədər orada da sevilir. O, Azərbaycan xalqının böyük şairidir. Yazıçılar Birliyi hər zaman onun xatirəsini əziz tutub, onun xatirəsinə mükafat da təsis edib. O mükafatı ilk alanlardan biri də türkiyəli qardaşlarımız olub".

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, millət vəkili İsa Həbbibəyli çıxışında Xalq şairinin həyat və yaradıcılığı, onu Azərbaycan və ümumtürk poeziyasındakı yeri haqqında geniş danışıb, Ədəbiyyat İnstitutunun hər zaman onun və digər ölməz ədiblərimizin xatirəsinə böyük önəm verdiyini deyib. Qeyd edib ki, B.Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olub. O, zəngin yaradıcılıq yolu, elmi və pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli və yaddaqalan səhifələr yazıb. Azərbaycanda milli-mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan Xalq şairi ictimai xadim, vətəndaş kimi ana dilimizin də fəal təbliğatçısı və qoruyucusu olub.

TİKA Bakı koordinatoru Teoman Tiryaki çıxışında bildirib ki, Bəxtiyar Vahabzadə Türkiyədə də ən az Azərbaycandakı qədər sevilir.

Nitqinə "mədəniyyətlərin coğrafiyası siyasi sərhədlərlə bağlı deyil" - fikrilə başlayan Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir deyib ki, Bəxtiyar Vahabzadə adı Azərbaycan sərhədlərini aşıb bütün Türk dünyasına yayılan şairdir: "Ədəbi şəxsiyyətlər öz vəzifələrini sağlıqlarında yerinə yetirdilər. Bizə ölməz əsərlər əmanət qoyub getdilər. Bizim vəzifəmiz də bu mirasa, əmanətə yetərincə sahib çıxmaqdır".
Çıxışlardan sonra söz məruzəçilərə verilib.

Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil” məruzəsi ilə çıxış edib: "Azərbaycan Bəxtiyar Vahabzadənin taleyidir. Ancaq o, təkcə Azərbaycanın şairi deyil, böyük Türk dünyasının şairidir. O, türk millətilə var olmuş və bütün ömrünü türk millətinə, türkçülüyə həsr etmiş şəxsiyyətdir. Türkiyədə Azərbaycan deyəndə ilk yada düşənlərdən biri Bəxtiyar Vahabzadədir. O, vətən şairi, millət, xalq, bayraq şairidir. O, bəzi həqiqətləri kimsənin söyləməyə cəsarət etmədiyi zamanlarda dilə gətirə bilən, müdafiə edən, öz idealının arxasında duran ziyalıdır. Onun ümidi, dəstəyi xalq idi. Onu bütün Türk dünyasının şairi eliyən türk dilini gözəl bilməsi, Azərbaycan türkcəsinə varlığı ilə sahib çıxmasıdır. Xalqından aldığı qüvvət ona bambaşqa cəsarət verib. Bəxtiyar Vahabzadə ədəbiyyatda dik duruşun simvoludur. Onu ifadə edən sözlər azadlıq, müstəqillik, vətən, bayraq, xalq və türkçülükdür.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük” adlı məruzəsində deyib ki, şairin söz, sənət dünyasında türkçülük və türklük lap başdan bərqərar olub: “Məhz bu baxımdan özəlliklə vurğulamaq lazımdır ki, Bəxtiyar Vahabzadənin türklüyə və milli kimliyə baxışı fərqli, özünəməxsus və səmimi idi. O, Yunus Əmrənin dilinin Anadolu türklərinin dilindən daha yaxın, daha mənalı, daha isti olduğunu söyləyib. Söhbətlərində cəsarətlə Türkiyə ilə Azərbaycan türklərinin kökünün bir olduğunu, dövlət və xalq olaraq o birliyə doğru getməli olduğunu səsləndirib, bildirib ki, bu birliyi qazanmaq, yəni Turanı yenidən qurmaq günümüzün ən mühüm məsələlərindən biri olmalıdır".

Tədbirdə E.Fuadın "Turanın əbədiyaşar şairi: Bəxtiyar Vahabzadə" monoqrafiyası da qonaqlara hədiyyə edilib.

“Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə” məruzəsi ilə çıxış edən İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz deyib ki, onu Türkiyədə sevdirən əsas səbəblərdən biri bəlli ziyalılarımızın bir sıra həqiqətlər haqda susduğu zamanlarda susmaması, cəsarətlə öz yaradıcılığında əks etdirməsidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi çıxışında şairlə doğulduğu şəhərin ruh bağlılığını xüsusi vurğulayıb: "Müasir dünyamız multikultural, tolerant düşüncələrlə insanı bir məkana aid etməyin əleyhinə olsa da, düşünürəm ki, insanın doğulduğu, böyüdüyü yer onun fikirlərinə, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərir. Şəkidə təbiətlə tarix qol-boyundur. Onun həm təbiətində, həm də tarixə münasibətində bir qoruma xüsusiyyəti var sanki və bu qoruma xüsusiyyəti Bəxtiyar Vahabzadənin şəxsiyyətinə, yaradıcılığına, düşüncələrinə də təsir edib".

Məruzələrdən sonra söz qonaqlara verilib. Ufur Turqunay, Səyyad Aran, Eynulla Mədətli və başqaları çıxış edərək ölməz şair haqqında düşüncələrini bölüşüb, onu sayğı və sevgilə yad ediblər.

Çıxışlarda, həmçinin, görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaratdığı obrazlardan, şeirlərindən, dramaturgiyaya gətirdiyi yeniliklərdən bəhs edilib. Bildirilib ki, B.Vahabzadə əsərlərində insanı daim mənəvi ucalığa səsləyib, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr verib. Onun yaradıcılığında azadlıq, istiqlaliyyət, vətənpərvərlik ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır. İstedadlı və vətənpərvər şair saf əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb.
Çıxışlar və dəyərləndirmələrdən sonra Rəşad Məcid şairin "Vətən var" şeirini səsləndirib.

Sonda məruzəçilərə təşəkkürnamələr təqdim olunub.
“Ustada sayğı gecəsi” axşam Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ədəbi-bədii proqramla davam etdirilib. Tədbir Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlayıb.
AYB-nin sədri, Xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olunub.
Gecənin bədii hissəsində Xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa ediblər.
Türkiyəli qonaqların çıxışından sonra aktyor Şamil İbrahimov “Mən Türkəm” şeirini səsləndirib.
Xalq şairi Sabir Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışının ardından tamaşaçılar “Özümüzü kəsən qılınc” əsərinə tamaşa ediblər.

Şahanə MÜŞFİQ

 





13.02.2019    çap et  çap et