525.Az

BMT İnkişaf Proqramı və Əhali Fondu ilə yeni layihələr həyata keçiriləcək


 

BMT İnkişaf Proqramı və Əhali Fondu ilə yeni layihələr həyata keçiriləcək<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu arasında yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq müqavilələrinin imzalanması mərasimi olub.

Nazirlikdən verilən məlumata görə, hər üç qurum "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması" layihəsini birgə icra edəcəklər. Nazirliklə BMT Əhali Fondu arasında imzalanan müqavilə isə "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi" layihəsinin birgə həyata keçirilməsini nəzərdə tutur.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq, əhalinin həssas qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb. Nazir bu sahədə beynəlxalq əməkdaşlıq müstəvisində birgə layihələrin icrasına da xüsusi önəm verildiyini deyib. O bildirib ki, ötən ilin dekabr ayında nazirliklə BMT İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi əlilliyi olan şəxslərin özünüməşğulluq fəaliyyəti müstəvisində dayanıqlı biznes qurmalarına töhfə vermək məqsədinə yönəlib.

S.Babayev vurğulayıb ki, hazırda imzalanan iki layihə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, mühüm sosial əhəmiyyət kəsb edir: "Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması" layihəsi əlilliyi olan qadınların və Qarabağ müharibəsi əlillərinin müdafiəsi və rifahı ilə bağlı hüquqlarının təmin olunması, onların cəmiyyətə inteqrasiyasının təşviq edilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı işlərə dəstək məqsədi daşıyır. 2500 nəfər əlilliyi olan şəxsi əhatə edəcək layihənin əsas komponentləri sırasında təlimlər vasitəsilə onların bacarıqlarının inkişafının və məşğulluqlarının, öz kiçik bizneslərini yaratmalarının dəstəklənməsi, əlilliyi olan şəxslərlə bağlı inklüzivliyin təşviq edilməsi də mühüm yer tutur. Bu sahədə aidiyyəti dövlət və hökumət qurumları, özəl sektora aid işəgötürənlər, KİV-lər ilə fəal əməkdaşlıq həyata keçiriləcək".

Nazir qeyd edib ki, "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi" layihəsi isə bu prosesə uyğun olaraq, hökumətin yaşlıların rifah halının yaxşılaşdırılması istiqamətində səylərinə dəstək verəcək: "Layihə 10 mindən çox şəxsi əhatə edəcək və layihə çərçivəsində bir-biri ilə sıx əlaqəli olan fəaliyyətlər həyata keçiriləcək".

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai isə çıxışında BMT-nin İnkişaf Proqramının və Əhali Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığını ildən-ilə genişləndirdiyini vurğulayıb. O, imzalanan yeni layihələrin də bu istiqamətdə mühüm addımlar olduğunu, həmin layihələrin sosial sahədə önəmli nəticələrin əldə olunmasında əhəmiyyətli rola malik olacağına əminliyini ifadə edib.

C.ABASOV

 





13.02.2019    çap et  çap et