525.Az

Mən səni sevmirəm... - Ruslan Dost Əli 14 fevraldan yazır


 

Mən səni sevmirəm... - <b style="color:red">Ruslan Dost Əli 14 fevraldan yazır</b>

Antik dövrdə Romada bərəkət tanrısının şərəfinə 14 fevralda rahiblər şərab içir, sərxoş olur, sonra çılpaq vəziyyətdə küçəyə çıxıb qaçmağa başlayırdılar. Romalı qadınlar isə bu çılpaq rahiblərə toxunmağa çalışırdılar. Onlara toxunmağı bacaran qadınlar çoxlu uşaq dünyaya gətirəcəklərinə inanırdılar.

2013-cü ildə bərk sevən vaxtlarım idi. Gözüm ayağımın altını görmürdü. Çoxlu sevgi şeirləri yazırdım. Fikirləşirdim ki, o qızın adına kitab çıxarmalıyam. Amma ona heç nəyi etiraf eləməmişdim. Düzü, bir neçə dəfə fürsət də yaranmışdı. Mən isə fevralın 14-nü gözləyirdim ki, sevgi etirafını "Sevgililər günü"də edərlər. Bu qərarıma görə özümdən xeyli xoşum gəlmişdi və özümü romantik oğlan hesab eləyirdim. Hər gün təqvimə baxır, həmin günü səbirsizliklə gözləyirdim. Yanvar ayının 29-da telefonuma belə bir mesaj gəldi: " Şair, gördün? Axı, sənə demişdim, uzatma, yaz ona..."

İndi də sevdiyi qadına gül-çiçək almaq üçün və yaxud sevgilisindən ona hədiyyə alması üçün fevralın 14-nü gözləyənlər var. Yəqin, elə mənim kimi etiraf etmək üçün gözləyənlər də az deyil...

Gün də barı bir gün ola. Valentin gününün tarixçəsini oxuyanda adam lap xəcalət çəkir...

Antik dövrdən sonrakı mərhələdə isə gənc romalılar içində Tanrı Qurdun yaşadığına inandıqları bir mağaranın qarşısında toplaşırdı. Ortada balaca bir qutu olurdu və qutunun içində də subay qızların adları yazılmış kiçik kağız parçaları. Subay oğlanlardan biri qutunun içindən kağız parçalarından birini götürüb orda yazılan adı oxuyur və bu oğlanla qız bir il boyunca sevgili kimi bir yerdə yaşamaq hüququ əldə edirdilər. Növbəti toplantıya qədər bu iki gənc ağıllarından keçən hər şeyi etməkdə sərbəst buraxılırmış... Romalılar tərəfindən 500-cü ilə qədər iki min illik tarixi olan bu adət ən böyük bir coşqu ilə qeyd edilirdi.

Ümumiyyətlə, bizdə belə bir qayda var, anamızın ürəyini ad günündə açmalıyıq, bacımızı 8 martda yada salmalıyıq, sevdiyimiz qadının üzünü 14 fevralda güldürməliyik. Belə çıxır, bu əlamətdar günlər olmasaydı, heç bu adamları sevindirmək də yadımıza düşməyəcəkdi. Niyə biz adi günlərdə sevgimizi ifadə eləməyə can çəkirik? Niyə bizə mütləq hansısa xüsusi gün, hansısa bəhanə lazımdı? Əgər biz həqiqətən seviriksə, onda sevgimizi hər gün hiss elətdirə biləcək nələrsə edə bilmərikmi? Biz nə vaxt anlayacağıq ki, əslində, sevginin günü, məkanı olmur... olmur... olmur...

Roma İmeratorluğu Xristianlığı qəbul edəndən sonra isə bu biabırçılığı ört-basdır eləməyə, ona don geyindirməyə çalışdılar. Roma Kilsəsi ll Klaudius zamanında yaşamış və din şəhidi olmuş rahib Valentini bu məsələyə ən uyğun namizəd kimi görür. Valentinin belə məşhurlaşması isə maraqlı bir faktla bağlıdır.

ll Klaudius Gothlərlə müharibə edərkən evli kişilərin əsgər olmaq istəməyəcəyini düşünüb, bütün toy şənliklərini qadağan eləmişdi. Roma İmperatorunun bu əmrinə baxmayaraq, Valentin bütün təhlükəni göz önünə alır və əsgərləri sevdikləri ilə evləndirir. Buna görə də Valentin həbs edilir və haqqında edam hökmü çıxarılır. Valentin həbsdə olduğu müddətdə gözətçilərdən birinin kor qızıyla dostlaşır və rəvayətə görə möcüzə göstərərək həmin qızın gözlərini açmağa nail olur. Valentin edam olunmazdan öncə həmin qıza "Sənin Valentinin" imzası ilə bir məktub yazır.

Beləcə, bu hadisələrlə Valetinin ölümü arasında bir əlaqə qurulur və həmin gün dünyada indiyə kimi "Sevgililər günü" olaraq qeyd edilir.

Bu gün belə xoşagəlməz bir keçmişə malik olan "Sevgililər günü"nün insanları kütləvi şəkildə xoşbəst etməsi həm gülünəsi, həm də kədərlənəsi məqamdı. Ola bilər, biz avropalılar, romalılar kimi xoşbəxt olmağı, rahat yaşamağı bacarmırıq. Ancaq bizim də öz dəyərlər sistemimiz, öz kodeksimiz var. Bu günü əlamətdar bir gün kimi nəinki qeyd etməməliyik, hətta onu yaddaşımızdan tamamilə çıxarıb atmalıyıq.

Arximed yazırdı ki, sevgi hər gün isbat edəcəyin teoremdi. Evdə, yolda, marşrutda, işdə, hər yerdə sevgini hansısa formada ifadə edə bilmək böyük xoşbəxtlikdir, məncə. Bu xoşbəxtliyi yaşaya bilmək üçün isə hansısa günə, fevralın 14-nə isə heç ehtiyac duymamalıyıq.

İllər öncə mənə göndərilən mesajı bir balaca redaktə eləyib, hamınıza səslənirəm: Uzatmayın, elə indi yazın ona...

 





14.02.2019    çap et  çap et