525.Az

"Bir pəri gördüm..." - Oqtay Rzadan iki şeir


 

"Bir pəri gördüm..." - <b style="color:red">Oqtay Rzadan iki şeir </b>

OLARAM

Dünyanı cüt cəzib, qoşa dolaşsaq,
Gərəyin, çörəyin, duzun olaram;
Gücə çevrilərəm uca dağ aşsaq,
Səhrada bulağın, buzun olaram!

Ayrılıq daş atıb qırsa qəlbimi,
Hayqırram yaralı aslanlar kimi;
Dinsə mizrabınla könlümün simi,
Ceyranın olaram, quzun olaram!

Dözmərəm təkliyə gərib sinə sən,
Qanadı qırılmış quşa dönəsən;
Çağır uzaqlardan dönə-dönə sən -
Köməyin, diləyin, arzun olaram!

Eşqsiz yaşamaq - yaşamaq deyil,
Vətən öyrədir ki, həm sev, həm sevil!
Desən fəsillərə, illərə çevril
Ən gözəl payızın, yazın olaram!
İşığam - səpələ üzünə məni,
Əbədi nur eylə gözünə məni;
Sən həyat istəsən özünə məni,
Bütün ömürlərdən uzun olaram!

BİR PƏRİ GÖRDÜM

Alma bağında
Alma yanaqlı
Bir pəri gördüm;
Qara gözlərin
Dərinliyində
Səhəri gördüm.
Sən demə bəzən
Duyğular gücü
Üstələyirmiş;
O nadir mələk
Budaq nədir ki
Vüqar əyirmiş.
İlhamım, danış
Dağ gözəlinin
Təbəssümündən;
Təklik illərim
İşıq götürsün
Bu ağ günümdən.
Alma bağında
Alma yanaqlı
Bir pəri gördüm;
Mən vurulmuşu
Kəndə qaytaran
Dilbəri gördüm!

 





14.02.2019    çap et  çap et