525.Az

Deputatların sayı artırıla, proporsional seçki sisteminə qayıdıla bilərmi?


 

SİYAVUŞ NOVRUZOV: “AZƏRBAYCANDA ƏSLİNDƏ TAM MOJARİTAR SEÇKİ SİSTEMİ DEYİL, BURADA PROPORSİONALIN DA ELEMENTLƏRİ VAR”

Deputatların sayı artırıla, proporsional seçki sisteminə qayıdıla bilərmi?<b style="color:red"></b>

“Azərbaycanda deputatların sayı kifayət qədərdir, kifayət qədər təmsilçilik mövcuddur. İndi gələcəkdə əhali bir az da artıqdan sonra bu məsələyə baxmaq olar”.

Bu fikirləri “525”ə açıqlamasında Milli Məclisin (MM) komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov qarşıdan gələn 2020-ci il, 6-cı cağırış parlament seçkilərinə kimi, ölkədə referendum keçirmədən, müəyyən seçki islahatları, Seçki Məcəlləsinə dəyişiklər yolu ilə yenidən proporsional seçki sisteminin bərpası, o cümlədən, deputat yerlərinin sayının artırılması yönündə addımların atıla bilməsi məsələsinə aydınlıq gətirərkən bildirib.

“İkinci bir tərəfdən, mojaritar seçki sistemi birbaşa təmsilçilikdir” - deyən, YAP rəsmisinin sözlərinə görə, Azərbaycanda əslində tam mojaritar seçki sistemi deyil, burada proporsionalın da bəzi elementləri var. “Belə demək mümkünsə, siyasi partiya namizəd irəli sürə, namizədlərə maliyyə dəstəyi göstərə, namizədin təbliğat-təşviqat işini apara, imza toplaya, seçki plakatını buraxa bilir və sair. Yəni 80 faiz namizədin bütün prosedur qaydalarını məhz siyasi partiya həyata keçirə bilir.  Hətta, yerli təşkilatlar mitinqlər, görüşlər təşkil edir, namizədlərin plakatlarını yapışdırır, seçki komissiyalarına öz müşahidəçilərini, məşvərətçi səshüquqlu üzvlərini verir, təqdim edir. Bizdə hər bir siyasi partiyaya öz namizədinin bütün fəaliyyətini tənzimləmək hüququ verilib ki, bu da elə bir növ yarımproporsionaldır. Yəni mojaritar seçki sistemi olmasına baxmayaraq, amma proporsional da öz funksiyasını burada yerinə yetirmiş olur. Yəni bizdə klassik mojaritar qayda deyil ki, namizəd özü-öz namizədliyini irəli sürür və gedir özünə komanda düzəldir, başlayır o işləri görməyə. Onun üçün bu addımları əslində üzvü olduğu siyasi partiya atır. Məsələn, biz namizədlərimizin hər birinin sənədləri Yeni Azərbaycan Partiyasında hazırlanır və hətta namizədin özü ilə yox, səlahiyyətli nümayəndə vasitəsilə dairələrə verilir, qeydiyyatdan keçir, imza toplanılır və digər prosedur qaydalar həyata keçirilir. Ona görə də artıq  proporsional seçki sisteminə ehtiyac qalmır” - deyə, S.Novruzov əlavə edib

Kamil HƏMZƏOĞLU

 





16.02.2019    çap et  çap et