525.Az

Prezident konkret hədəfləri açıqladı


 

“ÖLKƏDƏ APARILAN İSLAHATLAR BİZİM NİYYƏTİMİZİ, SİYASƏTİMİZİ ƏKS ETDİRİR”

Prezident konkret hədəfləri açıqladı<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin “Real” televiziyasına müsahibəsi Azərbaycan dövlətinin daxili və xarici siyasəti, ölkəmizin inkişaf istiqamətləri, həyata keçirilən mühüm tədbirlərin məqsədi, əhəmiyəti və bir sıra digər aktual məsələlərlə bağlı verilən ciddi mesajlarla yadda qalıb.

Azərbaycan mediasının ölkəmizin həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı yerli mətbuatın inkişafına həmişə böyük dəstək göstərdiyini nitqində ifadə edib: “Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaq”.

Prezident qeyd edib ki, həmişə Azərbaycan mətbuatına açıq olub, bundan sonra da belə olacaq: “Bəzən belə bir sual verilir: nə üçün prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var... Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır... İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur”.

İlham Əliyev daha sonra ölkədə aparılan islahatyönümlü tədbirlərdən danışıb: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır”.

İlham Əliyev bildirib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı dayanır: “Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülüb. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilib... Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilib. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilib. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir: “Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır”.

Prezident onu da bildirib ki, bugünkü Azərbaycan əvvəlki Azərbaycandan çox fərqlənir: “Bugünkü Azərbaycan müasir dövlət kimi özünü artıq təsdiqləyib. Ölkədə aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks etdirir”.

Dövlət başçısı sonda vurğulayıb ki, xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir: “Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır... Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın”.

Prezidentin “Real” televiziyasına geniş müsahibəsində ölkənin daxili və xarici siyasəti ilə bağlı verdiyi mesajlardan danışan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov dövlət başçısının səsləndirdiyi fikirləri ilk növbədə onun ölkə mediasına verdiyi dəyər kimi qiymətləndirir: “Bunu dövlət başçısının özü də vurğulayıb. Prezidentin Mirşahin Ağayevin suallarına cavabları onu deməyə əsas verir ki, o, ölkə həyatının bütün sahələrini incəliklərinə qədər duyur. Ölkə başçısı dövlət idarəçiliyində medianın missiyasını həm də vacib vasitə kimi görür. Bu, jurnalistikamızın bu gününə, keçdiyimiz yola xüsusi qiymətdir”.

“Dövlət başçısı həssasdır. Müsahibəsində bu həssaslığın ən müxtəlif tərəflərini hiss etdim. Prezidentin hər sözü fəaliyyət platformasıdır, gələcək üçün təminatdır. Onun hər fikrinə Vətən, vətəndaş naminə çalışmaq əzmi, prinsipiallıq və qətiyyətlilik hakimdir”, deyə Ə.Amaşov qeyd edib.

Mətbuat Şurasının sədri vurğulayıb ki, prezident xalqının lideridir: “Hər dövlət başçısı bunu bacarmır. İlham Əliyev liderliyini həm də səmimiliyi, sadəliyi, alicənablığı ilə qazanmış parlaq simadır”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, Prezident İlham Əliyev milli mətbuata böyük önəm verir, onun inkişafına dəstək göstərir. O, “Trend”ə bildirib ki, dövlət başçısının öz işini mediaya istinad edərək qurması barədə dediyi fikirlər hər bir mətbuat işçisi üçün bir məsuliyyət faktoru kimi qəbul edilməlidir: “Yəni bu gün mediada çalışan hər bir jurnalist öz peşəkarlığını artırmaqla yanaşı, həm də bilməlidir ki, verilən informasiyalar ən ali məqamda diqqət mərkəzində olur, qiymətləndirilir və nəticə çıxarılır. Təsadüfi deyil ki, bu gün Azərbaycan dövləti sabit və inkişaf edən ölkə olmaqla yanaşı, həm də xarici siyasətin yürüdülməsində bir sıra məqamları əsas olaraq götürür: “Bunlardan biri də milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır. Prezident İlham Əliyev müsahibəsində bu kimi incə və kifayət qədər düşünülmüş strateji məqama toxunaraq vurğulayıb ki, onun üçün, bütövlükdə isə Azərbaycan xalqı üçün əsas olan milli dəyərlərdir. Prezident bu məsələni önə çəkərək deyib ki, ölkənin xarici siyasətində milli maraqlar qorunur, mümkün risklər isə aradan qaldırılır. Ona görə də dövlət başçısı “Bizim siyasətimiz milli maraqlar üzərində qurulub” mesajını verərək, bu siyasətin daim həmin xətt üzrə inkişaf etdiriləcəyini bəyan edib”.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin həmin istiqamətdə göstərdiyi fəaliyyət və irəli sürdüyü fikirlər əsasında islahatlar, eləcə də həmin islahatlardan bəhrələnən Azərbaycan vətəndaşına xidmət məramı dayanmaqdadır: “Artıq bildiyimiz kimi, cari ilin əvvəlindən indiyə qədər dövlət başçısı tərəfindən bir sıra inqilabi islahat meyarları müəyyənləşdirilib və həmin islahatlardan səmərə götürən, faydalanan da sadə Azərbaycan vətəndaşı olur. Şəhid ailələrindən başlayaraq, müharibə əlillərinə, eləcə də sosial təminatı yetərli olmayan insanlarımıza qədər göstərilən dövlət qayğısının təməlində İlham Əliyevin şəxsi təşəbbüsü və siyasi iradəsi dayanır. Təbii ki, biz bura minimal əməkhaqlarının qaldırılmasını və digər faktları əlavə edə bilərik. Ancaq əsas fikir budur ki, dövlət başçısı müsahibəsində nöqsanların da olduğunu qeyd edib, eləcə də vətəndaşları narahat edən bütün problemlərin qısa müddətdə həll olunacağını bildirib. Bax, dövlətin vətəndaş amilini prioritet olaraq götürməsi və insan kapitalına dəyər verməsi budur. Düşünmürəm ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində belə, ölkə rəhbərləri tərəfindən vətəndaşlar üçün bu cür siyasi iradə göstərilsin. Əbəs deyil ki, son illərdə bir sıra aparıcı xarici ölkələrdə Azərbaycanda aparılan ən müasir islahat modellərinə müraciətlər edilir, ideyalar öyrənilir. Buna daha bir misal kimi, Prezident İlham Əliyevin komandasının son illərdəki fəaliyyətini göstərə bilərik. İldə bir neçə dəfə müxtəlif nazirliklərin rəhbərləri, hətta ən ucqar bölgələrimizə qədər gedərək, orada yaşayan insanların sosial vəziyyətləri ilə maraqlanır, problemlərini öyrənir, həmin problemlərin həlli üçün müvafiq addımlar atırlar”.

B.Quliyev vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətinin bariz göstəriciləridir: “Ona görə də hesab edirəm ki, xalqımız daim dövlətinin yanındadır və dövlət başçısının da vurğuladığı kimi, dövlət də hər zaman xalqının yanındadır”.

Ceyhun ABASOV

 





16.02.2019    çap et  çap et