525.Az

Təxribatçı qüvvələrin planları alt-üst oldu


 

AZƏRBAYCANLILAR VƏ ÇEÇENLƏR MOSKVADA BAŞ VERMİŞ İNSİDENTİN MİLLƏTLƏRARASI MÜNAQİŞƏ KİMİ TƏQDİM OLUNMASINA İMKAN VERMƏDİLƏR

Təxribatçı qüvvələrin planları alt-üst oldu<b style="color:red"></b>

Fevralın 15-də Moskvadakı "Neolit" kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident həm Azərbaycanda, həm də Çeçenistanda ciddi narahatlıqla qarşılanıb.

Hər iki tərəf məişət zəminində baş vermiş hadisədən xalqlar arasında düşmənçilik yaratmaq, nifaq toxumu səpmək üçün istifadə etməyə çalışan qüvvələrin təxribatına uymamağa çağırır.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərtac"a bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.

Prezidentin köməkçisi deyib: "Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxıb və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışırlar".

Azərbaycan ilə Rusiya arasında gündən-günə inkişaf edən əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən, Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində önəmli rol oynadığını vurğulayan Ə.Həsənov qeyd edib ki, Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirirlər: "Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar".

Rusiya Federasiyası Çeçenistan Respublikasının mətbuat və informasiya naziri Cambulat Umarov isə bildirib ki, hər hansı cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməzlər: "Bu, qeyri mümkündür. Bu əlaqələr yüzilliklərə söykənir".

C.Umarov qeyd edib: "Qardaş Azərbaycan xalqını salamlayıram. Böyük qürurla qeyd etmək istəyirəm ki, çeçen xalqı beynəlxalq terrorçuların yaratdığı fitnəni, çeçenlərin həlak olduğu zaman Azərbaycanın bizə açdığı isti qardaşlıq qucağını heç vaxt unutmayacaq. Moskva və başqa yerlərdə kriminal hadisələr baş verən zaman onların məqsədi mənəvi inkişafın, mədəniyyətin nümayişi deyil. Onların məqsədi pul qazanmaq hərisliyi, insanları cinayətkarlığa sövq etməkdir".

"Çeçen və Azərbaycan xalqları böyük sivilizasiyanın, böyük mədəniyyətin davamçılarıdır. Bu zənginlik atadan oğula, oğuldan nəvəyə ötürülə-ötürülə indiki möhkəm qardaşlıq və dostluq əlaqələrinə çevrilib... Biz ulu öndər Heydər Əliyevin və böyük Əhməd Hacı Kadırovun davamçılarıyıq. Biz düşmənçilik kimi bir ayıb əmələ yol verə bilmərik. Biz müasir, mədəni xalqlarıq. Qeydə alınan xırda narazılıqları münaqişələrlə deyil, atalarımızın bizə miras qoyduğu kimi çay süfrəsi arxasında həll etmişik. Mən azərbaycanlıları və çeçenləri müqəddəs "Qurani-Kərim"də deyildiyi kimi, məyus olmamağa çağırıram. Bu narazılığın yeganə çıxış yolu qardaşcasına görüşmək, bir-birini anlamaq və hörmət etməkdir. Bu, bizim əcdadlarımızdan qalan bir mirasdır. Azərbaycan və Çeçenistan respublikalarına sülh arzulayıram", - deyə nazir əlavə edib.

Elə məhz insidentin baş verdiyi gecə Rusiya paytaxtında yaşayan azərbaycanlılar və çeçenlərin bir araya gəlməsi, hadisəni təxribat adlandırması, iki dost, qardaş xalqlar arasında sıx münasibətlərə zərbə vurmaq cəhdi kimi qiymətləndirməsi də tərəf arasında hər hansı bir ədavətdən, ciddi fikir ayrılığından söhbət getmədiyini bir daha təsdiq edib. Eləcə də dünyanın müxtəlif nöqtələrində, o cümlədən, postsovet dövlətlərində yaşayan hər iki xalqın nümayəndələrinin sosial şəbəkələrdə paylaşdıqları video-görüntülərlə həmrəylik mesajları verməsi, hadisəni pisləməsi təxribatçı qüvvələrin planlarını alt-üst edib.

Mövzu ilə bağlı fikirlərini bildirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz. O, "Azərtac"a bildirib ki, Azərbaycan və çeçen xalqları arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur: "Bu münasibətləri heç kəs sarsıda bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də bir daha sübut olundu ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər".

Deputat qeyd edib ki, Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli olub, azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daim inkişaf etdirərək diqqət mərkəzində saxlayıb: "Bunun ən bariz nümunələrindən biri də Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə münasibətlərimizin daha da dərinləşməsidir və Azərbaycan prezidenti bu münasibətlərə böyük diqqət göstərir. Elə Çeçenistan prezidenti Ramzan Kadırov da daxil olmaqla qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var".

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hadisəni şərh edərkən haqlı olaraq bildirib ki, Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz: "Doğrudan da məişət hadisəsini münaqişə kimi təqdim etmək olmaz. Biz elə azərbaycanlıların da öz aralarında münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyini, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq diqqəti məsələnin başqa bir aspektinə də yönəltmək lazımdır. Bu məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur. Bir müddət əvvəl Qazaxıstanda baş verən hadisə zamanı erməni mənşəli cinayətkar sadəcə cinayəti törətməklə kifayətlənməmiş, qardaş qazax xalqının milli hisslərini də təhqir etmişdi. Mümkündür ki, erməni lobbiçiləri həmin hadisəni öz lehlərinə kompensasiya etmək üçün bu hadisəni şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlı olsunlar və Rusiyadakı əlaqələrindən bu məqsədlə istifadə etsinlər. Ona görə də belə məsələlərdə diqqətli olmalı, hadisənin məişət zəminindən kənar təqdim edilməsinə yol verməməliyik".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa də qeyd edib ki, Azərbaycan və çeçen xalqları arasında hər zaman dostluq, qarşılıqlı etimad münasibətləri olub: "Bu, bir çox qüvvələri narahat edir. Xüsusi qüvvələr var ki, xırda, şəxsi xarakterli hər hansı təxribatçı hərəkətlərlə bu münasibətləri korlamağa çalışırlar".

Deputat deyib ki, bəzən müəyyən proseslərin içərisində şəxsi xarakterli intriqalar, yaxud insidentlər baş verə bilir: "Amma bunu bir-birinə qardaş olan iki xalq arasında düşmənçilik amilinə çevirmək qətiyyən yolverilməzdir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun açıqlaması, onun ardınca Çeçenistan Respublikası nazirinin münasibət bildirməsi məsələnin nə qədər həssas olduğunu göstərir. İki xalqın qardaşlıq, dostluq münasibətlərinə xələl gətirən hər hansı bir addımın yolverilməzliyi birmənalı şəkildə qəbul olunur. Ona görə də belə insidentlərin təkrar yaşanmasına imkan verilməməlidir ki, kənar qüvvələr bundan öz təxribatları üçün istifadə edə bilməsinlər".

"Hesab edirəm ki, bu hadisə Azərbaycan-Çeçenistan dostluğuna heç bir zərər verə bilməz, əksinə münasibətlərimiz daha da möhkəmlənəcək. Çünki hər iki tərəf anladı ki, bu cür insidentlər bizi istəməyən qüvvələrin əlində bir alətə çevrilə bilər. Bizim çeçen xalqı ilə heç bir problemimiz yoxdur və onların da Azərbaycan xalqı ilə problemləri yoxdur. Ən ağır vaxtlarında çeçen xalqına dəstək verən azərbaycanlılar olub. Çeçenlər Qarabağ müharibəsində azərbaycanlılara dəstək veriblər. Biz bunu unutmuruq və bu qardaşlığın bundan sonra da davam etməsi hər iki xalqın ancaq xeyrinədir", - deyə Fazil Mustafa qeyd edib.

Ceyhun ABASOV

 





19.02.2019    çap et  çap et