525.Az

G20: Suriya probleminin həlli axtarışları


 

G20: Suriya probleminin həlli axtarışları<b style="color:red"></b>

Rusiyanın Sankt-Peterburq şəhərində dünyanın ən güclü 20 dövlətinin başçıları növbəti sammitə toplaşdı. İki gün sürən (sentyabrın 5-6-sı) tədbirdə iqtisadi məsələlərdən çox, dünya geosiyasəti üçün aktual olan Suriya problemi müzakirə edilib. Ekspertlər hesab edirlər ki, ABŞ-la Rusiya arasında bu məsələdə fikir ayrılığı mövcuddur. Lakin son zamanlarda cərəyan edən hadisələr göstərir ki, Suriyanın kimyəvi silah arsenalına nəzarət məsələsində Vaşinqtonla Moskva ortaq mövqeyə gəlməkdədirlər. İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri bununla bağlı müzakirə aparmaq üçün Cenevrədə görüşməyi qərara alıblar. Prezidentlər B.Obama və V.Putin Suriyanın kimyəvi silahlarına beynəlxalq nəzarətin həyata keçirilməsi vacibliyi ilə əlaqədar razılaşıblar. Bunlar dünya ictimaiyyətində müəyyən ümidlər yaradır.

Peterburq sammiti: gərgin müzakirələr və ziddiyyətlər

"Böyük iyirmilik” (G20) ölkələrinin Sankt-Peterburq sammiti sıradan biri olmadı. Tədbirdə dünya siyasəti üçün əhəmiyyətli olan hadisələr baş verdi. Böyük dövlətlərin liderləri arasında fikir mübadiləsinin KİV-ə sızan incəlikləri düşündürücüdür. Əslində, tədbirdə daha çox iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilməli idi. Lakin Suriya məsələsi kontekstində müşahidə edilən müzakirələr (bu, daha çox mübahisə xarakteri alırdı) sammitin məzmununa ciddi təsir göstərdi. Bu səbəbdən ekspertlər və jurnalistlər Peterburq görüşünü əsas olaraq geosiyasi aspektdə təhlil edirlər. "Nezavisimaya qazeta” isə tədbiri lakonik olaraq "iqtisadiyyat əvəzinə siyasət” forumu kimi qiymətləndirib (bax: Юрий Паниев. Саммит G20: политика вместо экономики // www.ng.ru, 6 sentyabr 2013).

Maraqlıdır ki, Qərb mətbuatı bu məsələni xeyli dərəcədə skeptik və uğursuz ruhda şərh edir. Məsələn, "The Guardian” qəzetində "a forlorn display” ("zavallı mənzərə”) (bax: G20 and Syria: a forlorn display // www.theguardian.com, 6 sentyabr 2013), "Le Figaro”da isə "le G20 piégé par Poutine” ("Qərb Putinin tələsinə düşdü”) (bax: Syrie: le G20 piégé par Poutine // www.lefigaro.fr, 6 sentyabr 2013) kimi ifadələr işlədilir.

Burada açıq dilə gətirilməyən bir məqamı vurğulamaq lazımdır. Məsələ ondan ibarətdir ki, Qərbi bədbinləşdirən yalnız Suriya ilə bağlı Rusiyanın inadkar mövqe nümayiş etdirməsi deyil. Reallıqda ABŞ Moskva və BMT-nin razılığı olmadan da hərbi əməliyyat keçirəcək. Vaşinqton və Brüsseli ən çox narahat edən BRİCS-in maliyyə-iqtisadi planlarıdır. Peterburq sammiti ərəfəsi Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadi sistemdə mövcud vəziyyətin təhlilini ifadə edən məruzə hazırlayıb. Orada göstərilir ki, dünya miqyasında iqtisadi və maliyyə sektorunda "regional fraqmentasiyalar” və "disbalans” güclənir. Bunun qarşısını ABŞ iqtisadiyyatı ala bilər. Eyni zamanda, sürətlə inkişaf edən ölkələr (ilk növbədə BRİCS-ə daxil olanlar) bankların vahid sistemdə cəmləşməsi istiqamətində fəaliyyəti gücləndirməlidirlər.

Məruzədə vurğulanır ki, BRİCS ölkələri əksinə hərəkət edirlər. Onlar maliyyə sferasında "regional fraqmentasiya”nı özlərinin ortaq bankını yaratmaqla dərinləşdirirlər. Bu da ABŞ-a dünya iqtisadi sistemini xilas etmək işində mane olur (bax: Доклад МВФ для лидеров G20: США спасут мир, если страны БРИК его не утопят // www.finmarket.ru, 5 sentyabr 2013). Qərb bu kontekstdə konkret olaraq nəyi nəzərdə tutur?

G20-nin Peterburq sammiti çərçivəsində BRİCS-ə daxil olan ölkələr ayrıca tədbir keçirərək, ortaq bank yaratmaq haqqında razılığa gəliblər. Həmin bankın maliyyə kapitalı 50 milyard ABŞ dolları təşkil etməlidir. Onun 41 milyardını Çin, 18 milyardını isə Rusiya verməlidir. Plana görə, həmin bank Qərbin yaratdığı banklara alternativ olmalıdır. Məsələ bununla məhdudlaşmır. BRİCS ölkələri siyasi və geosiyasi aspektlərdə də Qərbin maraqlarına uyğun olmayan mövqe nümayiş etdirirlər. Peterburq sammitində onlar Suriya məsələsində fərqli mövqe tutdular – ABŞ-ın hərbi müdaxiləsinə qarşı çıxdılar.

Doğrudur, bir sıra ekspertlər BRİCS-in dağılacağını proqnozlaşdırırlar. Məsələn, "Morgan Stanley” bankının mütəxəssisi Ruşir Şarma bu fikirdədir. Vaşinqtonun Vudro Vilson Mərkəzinin Kennan adına Rusiya Tədqiqatları İnstitutunun direktor müavini Vilyam Pomerans isə hesab edir ki, "BRİCS ölkələrini bir-birinə bağlayan tellər, ən yaxşı halda, çox kövrəkdir” (daha ətraflı bax: William Pomeranz. Why Russia needs the BRICS // www.wilsoncenter.org, 5 sentyabr 2013). Bu kimi qiymətləndirmələrin də arxasında məhz BRİCS-in müstəqil iqtisadi, maliyyə və geosiyasi mövqe nümayiş etdirməsi dura bilər.

Suriya: dünya siyasətinin yolayrıcı?

Bütün bunlar G20-nin Peterburq sammitinin məzmunu ilə yanaşı, liderlər arasındakı münasibətlərə də öz damğasını vurdu. Nəticədə, tədbirdə qəbul edilən iqtisadi qərarlar bir qədər kölgədə qaldı. Əslində, onlar standart xarakter daşıyır. İqtisadi inkişafın "Peterburg planı” dünya iqtisadiyyatının inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi, yeni iş yerlərinin açılması, borcların azaldılması, büdcə defisitlərinin ixtisarı və s. kimi müddəaları nəzərdə tutur (daha ətraflı, bax: Антон Силуанов. G20 приняла «Петербургский план» развития экономики // www.lenta.ru, 5 sentyabr 2013).

Bunun əvəzində Suriya ilə bağlı çox kəskin müzakirələr aparılıb. Rusiya prezidenti qəti surətdə bildirib ki, "biz Dəməşqə kömək edəcəyik”. Moskva hərbi gəmilərini artıq Aralıq dənizinə göndərib. İndi orada güclü hərbi qruplaşması vardır. BRİCS-ə daxil olan ölkələr də Suriyaya qarşı hərbi müdaxilədə iştirak etməyəcəklərini bildiriblər. Lakin Amerika 11 dövlətin dəstəyini qazana bilib.

Prezident B.Obama Peterburqda bəyan edib ki, Suriyaya hərbi zərbə endiriləcək, lakin amerikan əsgərləri ora daxil olmayacaq. Bəzi ekspertlər isə qurudan müdaxiləni vacib sayırlar. Bunun üçün ABŞ-ın 75 min əsgəri Suriyaya göndərməsi lazımdır.

Fransa, Böyük Britaniya və Türkiyə fəal surətdə B.Obamanın planını dəstəkləyiblər. Onlar Suriya rejiminin kimyəvi silah işlətdiyinə görə cəzalandırılmasını vacib sayırlar. Avropa İttifaqının da təşkilat olaraq mövqeyi dəqiqləşib. Onun Vilnüsdə keçirilən toplantısında 28 üzv dövlət B.Əsədin kimyəvi silahdan istifadə etdiyini təsdiq ediblər (bax: ЕС признал Дамаск ответственным за химическую атаку, www.ru.euronews.com, 7 sentyabr 2013).

Bununla da Vaşinqton daha bir güclü dəstək alıb. İndi dünya ictimaiyyəti ABŞ-ın Suriyaya nə zaman hərbi zərbə endirəcəyini gözləyir. Prezident B.Obama bunun "sabah və ya bir aydan sonra ola biləcəyini” deyib. Çox şey ABŞ Konqresinin qəbul edəcəyi qərardan asılıdır.

Bütün bunlar G20-nin Peterburq sammitinin geosiyasi aspektdə ziddiyyətli məqamların mövcudluğu şəraitində keçdiyini göstərir. Tədbir dünyanın ən güclü iqtisadiyyatına malik ölkələrini bir-birinə yaxınlaşdırmadı. Əksinə, onlar arasında dünya liderliyi uğrunda gedən mübarizənin nə dərəcədə güzəştsiz və amansız olduğunu göstərdi.

Ekspertlər Rusiya prezidentinin son illərdə ən sərt və qəti mövqeni məhz sammitdə nümayiş etdirdiyini ayrıca vurğulayırlar. Bunu Moskvanın Qərblə daha açıq surətdə mübarizəyə başlaması kimi qiymətləndirirlər.

Belə çıxır ki, G20-nin son sammitindən sonra dünya geosiyasətində daha gərgin vəziyyət yaranıb. Hətta Yaxın Şərqdə regional müharibənin alovlanması ehtimalı artıb. Rəsmi Tehran bu haqda son zamanlar tez-tez danışır.

Vaşinqtonda ümid edirlər ki, Moskva ilə Suriya məsələsində ortaq nəticəyə gələ biləcəklər. Lakin bunun hansı şərtlər daxilində baş verəcəyi məlum deyil. Ekspertlərin fikrinə görə, ABŞ və Rusiya Suriya ilə bağlı yalnız beynəlxalq konfrans keçirilməsi ilə bağlı ümumi razılığa gələ bilərlər. Amerika isə hər bir halda Suriyaya hərbi zərbə endirəcək və Moskva bununla razı deyil.

Görünür, Ağ Ev və Kreml konfransa qədər Suriyada öz maraqlarını praktiki fəaliyyətlə təmin etmək fikrindədirlər. Bununla onların hər biri həmin tədbirə tutarlı arqumentlərlə getmək arzusundadırlar. Buradan nəticə çıxarmaq olar ki, Yaxın Şərqdə gərgin vəziyyət davam edəcək. Hətta geosiyasi-hərbi aspektdə əvvəlki mərhələlərdən xeyli ağır situasiya yarana bilər.

Təəssüf ki, bu proseslərin qarşısını ala biləcək təsirli beynəlxalq mexanizmin mövcud olduğu hiss edilmir. BMT-ni faktiki olaraq Vaşinqton dinləmir. Avropa İttifaqının ABŞ-a BMT ekspertlərinin hesabatları dərc ediləndən sonra Suriyaya qarşı hərəkətə keçmək çağırışı da nəticə verməyib. Rəsmi Vaşinqton hesab edir ki, Əsəd rejiminin "qarşısını almaq onun tarixi vəzifəsidir”. Başqa heç kimsə bunu edə bilməz. Bu düşüncənin dünyanı hansı itkilərə düçar edəcəyini zaman göstərəcək.

Newtimes.az

 





13.09.2013    çap et  çap et