525.Az

Rəşad doktor, boş verin - Aqil Abbas yazır


 

DOKTOR ƏZRAYILLA VURUŞDUĞUNA GÖRƏ SİZƏ VAXT AYIRMAQ İSTƏMİR

Rəşad doktor, boş verin - <b style="color:red">Aqil Abbas yazır </b>

Rəşad Mahmudov! Bu adı eşitməyən, bilməyən yoxdu. Hətta şöhrəti Azərbaycandan kənarda da geniş yayılıb. Xalqımızın ən görkəmli və ən məşhur cərrahlarından  biridir, ürək  cərrahı kimi isə birincilərdən biridir və bəlkə də elə birincidir. Gəncdi, həddindən artıq sadə, səmimi  və çox istiqanlı bir həkimdi.

Vaxtilə uzun illər bundan öncə professor  Əhliman Əmiraslanov haqqında bir yazı qələmə almışdım, gərək ki  adı belə idi: "Əzrayılla vuruşan oğlan". Hər oğulun  hünəri  deyil Əzrayılla  çarpışa və Əzrayıla qalib gələ. Əhliman müəllim Əzrayılla  vuruşub  yüzlərlə insanı onun  əlindən alıb. Və bu gün də Əzrayılla vuruşur.

Rəşad Mahmudov da Əhliman müəllim kimi Əzrayılla vuruşan, çarpışan bir həkimdir, o da yüzlərlə insanı Əzrayılın  pəncəsindən  qoparıb həyata qaytarıb. Və müqəddəs işini  yenə də davam etdirir.

Həyata qaytardıqlarından biri elə bizim  redaksiyada işləyir, məşhur  jurnalistdi: Məzahir  Əhmədoğlu. Bir on il bundan  əvvəl az qala  onun  ölüsünü  gətirmişdilər Rəşad doktorun yanına. Məzahir bu gün də yazır, yaradır,  ailəsinin və dostlarının  arasındadı.

Rəşad doktorla  şəxsi tanışlığım onun Milli Məclisə deputat  seçilməsindən  sonra başlayıb. Çox intellektual bir  adam kimi ədəbiyyat, tarix, incəsənət sahəsi ilə bağlı söhbətlərimiz də çox yaxşı tutur. Əslində tibb də bir incə sənətdir. Xüsusilə də ürək cərrahlığı.

Mənim Rəşad doktor haqqında oçerk yazmaq fikrim yoxdu. Bəlkə haçansa yazdım. Məni  narahat edən başqa bir məsələdi. Zaman-zaman Azərbaycanı dünyada tanıdan bu cərrah haqqında saytlarda və sosial şəbəkələrdə  böhtanlar atılır, ləkələr atılır, nüfuzuna  xələl gətirə biləcək qeybət  xarakterli  yazılar gedir. Doktor adətən belə məsələlərə  çox soyuqqanlı yanaşır.  Bəzən Milli Məclisdə dostlar deyir ki, həkim, niyə onlara  cavab vermirsən, məhkəməyə vermirsən?  Cavabı çox qısa olur:

- Onları məhkəməyə verib itirəcəyim vaxtda bir insanı ölümdən xilas edərəm.

Və çox vaxt onu öz sahəsində ya hansısa həkimlə, ya da nüfuzlu bir  dövlət məmuru ilə üz-üzə qoymağa çalışırlar .

Bugünlərdə saytların birində yenə həqiqətdən çox uzaq olan bir məsələni gündəmə gətiriblər və paylaşıblar. Guya Rəşad doktor səhiyyə naziri Oqtay Şirəliyevin kreslosuna  göz dikib, buna çalışır. Oqtay müəllimi  işdən çıxarıb onun yerinə  Rəşad Mahmudovu  qoyacaqlar.

Tamamilə  absurd bir fikirdi.  İki görkəmli şəxsi qarşı-qarşıya qoymaqdan, bir-birinə incik  salmaqdan başqa bir şey deyil.

Əvvəla, Oqtay müəllim öz yerində layiqincə vəzifə borcunu  yerinə yetirir. Onun  gəlişindən sonra səhiyyədə çox böyük islahatlar gedib və gedir. Az qala,  Azərbaycanın hər bir  rayonunda Avropa standartlarına  uyğun  xəstəxanalar  tikilib və fəaliyyət  göstərir, bölgələrdə ən ağır  cərrahiyyə  əməliyyatları, eləcə də ürək  əməliyyatları  keçirilir və sair və ilaxır. Demirəm səhiyyə sistemində güllük-gülüstanlıqdı, xirtdəyəcən problem də var. Və bu problemin həlli  üçün də dövlət səviyyəsində işlər görülür.

İkincisi, təbii ki, heç bir  vəzifə  əbədi deyil. Oqtay müəllim də bir gün  vəzifədən  gedə bilər, onun yerinə səhiyyəni bilən  başqa bir məmur gələ bilər.  Bu, möhtərəm  Prezidentin  müstəsna səlahiyyətinə aiddir. Bu məsələ  yazı-pozu ilə, kimlərinsə mübarizəsilə həll edilmir.

Nəhayət, Rəşad doktor hətta  yalvarsalar belə, səhiyyə naziri  postuna  getməz. Çünki  Allah onu məmur  yaratmayıb, Allah onu insanları ölümün  pəncəsindən xilas etmək  missiyası ilə göndərib Yer üzünə. Və o da Allahın  onun  üzərinə qoyduğu  missiyanı çox yüksək səviyyədə, ləyaqətlə yerinə yetirir. Bir daha  qeyd edirəm,  onun  missiyası Əzrayılla vuruşmaqdı! O da vuruşur və hələ ki qalib gəlir. Və yəqin  bütün  ömrü boyu qalib gələcək. Allah təkcə öz mələyi  olduğuna  görə Əzrayılı  sevmir, həm də üzərinə  missiya qoyub Yer üzünə göndərdiyi  seçilmiş insanları  da sevir. 

Dilxor olma, Rəşad doktor, sən Allah tərəfindən seçilmiş insanlardansan.

Dəyməyin Allah tərəfindən seçilmişlərə!

 

 





20.02.2019    çap et  çap et