525.Az

“Dillər Universitetinə şər, böhtan atmaq heç bir əndazəyə sığmır”


 

ƏFQAN ABDULLAYEV: “KAMAL ABDULLA YARADICI, HƏMİŞƏ HAQQ-ƏDALƏTİN TƏRƏFİNDƏ OLAN İNSANDIR”

“Dillər Universitetinə şər, böhtan atmaq heç bir əndazəyə sığmır”<b style="color:red"></b>

Son günlər Azərbaycan Dillər Universitetinin (ADU) keçmiş dekanı Vüsalə Ağabəyli və keçmiş əməkdaşı Pərvin Mürsəlova universitetin rektoru, akademik Kamal Abdullanın adını hallandırmaqla əsassız ittihamlar irəli sürür. Həmçinin, o, universitetdə çalışan ayrı-ayrı şəxslərlə də bağlı qarayaxma kampaniyaları aparır.

Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev deyir ki, son bir həftə ərzində, hətta bir az da ondan əvvəl Azərbaycan Dillər Universiteti haqqında sosial şəbəkələrdə, müxtəlif internet saytlarında xoşagəlməz, iftira, böhtan xarakterli yazılar gedib:
 
“Buna çox təəssüf edirəm. Bu yazıları əsasən iki istiqamətə bölmək olar. Birincisi, bu yazılarda onun müəlliflərinin dəst-xətti açıq-aydın hiss olunur. İkincisi, tədrisdən daha çox, bu insanlar öz şəxsi məqsədləri üçün universitet haqqında qarayaxma kampaniyasına başlayıblar. Ümumiyyətlə, bilmək istərdim ki, yazı müəllifləri təhsil ekspertləridir, yoxsa Dillər Universitetinin tədris siyasətini bilirlər? ADU-da tədris sahəsində həyata keçirilən layihələrdən xəbərləri var? Nə vaxtdan onlar tədrisi analiz ediblər? Sizə bir neçə rəqəm demək istəyirəm. Məsələn, əgər 2016-2017-ci tədris ilində tələbələrin müvəffəqiyyət faizi, yəni imtahanda kəsilənlər 25 faiz təşkil edirdisə, 2017-2018-ci tədris ilində bu, 20 faizə düşüb. Axırıncı semestrdə ADU-nun 6700 tələbəsinin 86 faizi imtahanlarda müvəffəqiyyət göstəricisinə nail olublar. Yəni cəmi 10 faiz tələbə imtahandan kəsilib, 4 faiz tələbə isə imtahanda üzürlü səbəbdən iştirak edə bilməyib. Bu, müvəffəqiyyət tərəfidir. İnkişaf, dinamika artıq göz qabağındadır. İkincisi, keyfiyyət tərəfidir. Bəlkə də ADU-da vaxtilə keyfiyyət olmayıb. 2014-cü ilin may ayına qədər mən ADU-da dekan işləmişəm. 2015-ci ildə Təhsil Nazirliyinin Akkreditasiya Komissiyası universiteti akkreditasiyadan keçirmədi. 60 ixtisas akkreditasiyadan keçməmişdi. Bircə ingilis dili müəllimliyi ixtisası istisna olmaqla. Niyə keçmədi? Çünki o vaxt tədrisin vəziyyəti həmin ixtisasların akkreditasiyadan keçməməsinə gətirib çıxarmışdı. Axırıncı akkreditasiya noyabrın əvvəlində olub. Bir ay ərzində Təhsil Nazirliyinin səlahiyyətli Komissiyası Dillər Universitetində yoxlama aparmış, bütün sənədlər Təhsil Nazirinin akkreditasiya haqqında müvafiq sənədlərinin tələblərinə cavab vermiş, sonuncu kurs tələbələri imtahanları yüksək səviyyədə vermişlər. Akkreditasiya çox müsbət rəylə universitetdən ayrılıb. İkinci bir tərəf universitetimizin məzunları haqqında, guya keyfiyyətin aşağı olması haqqındadır. Bəs son bir ildə kəsilən tələbələrin sayının 26 faizdən 14 faizə düşməsi nədir? İnkişafdır, ya yox? Keyfiyyət vahidi yuxarı qalxıb. ADU-da müvəffəqiyyət faizi 47 faizdir. Yəni əla və yaxşı oxuyanların faizi budur. Bu rəqəm 47 faizdən son imtahanda 59 faizə qalxıb”.

Ə.Abdullayevin sözlərinə görə, Azərbaycanda dil sahəsində bazarın tələbinin 60 faizi Dillər Universiteti tərəfindən ödənilir:

“Əgər pisdirsə, bazarda niyə qıtlıq yoxdur, əksinə, böyük rəqabət var. Çünki bizim kadrlara ehtiyac var. Ona görə ki keyfiyyətli kadrlardır. Amerika səfirliyinə dəfələrlə viza almağa gedəndə mən orada universitetimizin məzunlarını görürəm və o zaman ürəyim dağa dönür. Təkcə mən dekan olanda bu universiteti qurtarmış 10-dan çox tələbə və məzun Təhsil Nazirliyində çalışırdı. Onlar hansı keyfiyyətlərinə görə işə götürülüb? Keyfiyyətsiz təhsil aldıqlarına görə? Əlbəttə, yox. Özümə dəhşətli dərəcədə təhqir hesab edirəm ki, mənim adımı hallandırırlar. Mənim haqqımda müxtəlif şübhələr yayılır. Mən əməlimdə, hissimdə həmişə səmimi olmuşam. Sadəcə, bircə fərqim olub ki, düşündüyümü deyirəm. Amma çox təəssüf ki, başqaları bunu demir. Düşündüyünü demək insandan özü də bir cəsarət tələb edir. Heç vaxt kiməsə xoş gəlmək üçün çıxış etməmişəm. Mən heç zaman dəyərləri görüntü xatirinə kiməsə deməmişəm. Çünki bu ağır məsuliyyətdir, onu deyəndə fikirləşməlisən. Akademik, əməkdar elm xadimi, dövlət müşaviri haqqında söz demək üçün gərək ona bir az yaxın olasan. Mənim heç bir titulum olmaya-olmaya söz desəm, burda hansı mənəviyyatdan söz gedir? ADU-nun tədrisini qiymətləndirmək üçün gərək tədrisi biləsən. Pərvin Mürsəlova, Vüsalə Ağabəyli tədrisi bilirlər?!”

Ə.Abdullayev bildirib ki, böhtan hamıya ata bilərlər:

“Mən Kamal müəllimi 1985-ci ildən tanıyıram. 34 ildir. Kamal Abdulla yaradıcı, həmişə haqq-ədalətin tərəfində olan, səmimi insandır. Bunun müqabilində necə deyə bilərsən ki, mənimlə prinsip aparır? Əlbəttə, rəhbərin idarəetmədə müəyyən metodları var. Rəhbərin bir əlində su olar, bir əlində od. Biri yananda, o birini söndürür. İdarəetmə metodu budur. Ağsaqqal kimi qəbul etdiyim bir insanla mənim nə problemim ola bilər? Prezidentin sərəncamı ilə dövlət müəssisəsinə təyin olunan rektordur, vəzifəsinin icrası ilə məşğuldur. Ümumiyyətlə, problem bilirsiniz, nədədir? Problem ondadır ki, hər bir dəyişiklik, xüsusilə təhsil sahəsində olan dəyişiklik, böyük narazılıq və müxtəlif baryerlərlə qarşılanıb. Xüsusilə təhsil sahəsində dəyişikliyi, böyük faciə ilə qəbul edirlər. Amerika prezidenti Vudro Vilsonun belə bir sözü var ki, qəbiristanlığı bir yerdən başqa yerə köçürmək daha rahatdı, nəinki tədris planlarını və təhsildə islahat etmək. Niyə? Çünki 10 il, 15 il bir ritmlə gedən insanlara kimsə stop deyir. Xoşbəxt o insandır ki, olan dəyişikliklərdən özü üçün istifadə edib, inkişaf edir. Vay o kəslərin halına ki, bu dəyişiklikləri özlərinə faciə kimi qəbul edirlər. Mən bir daha deyirəm ki, Dillər Universitetinə şər, böhtan atmaq heç bir əndazəyə sığmır. Mənim də heç kimin yazısına, müdafiəsinə ehtiyacım yoxdur. Mənim yaşadığım ömür onu göstərir ki, hamısını öz zəhmətimlə, dostlarımın köməyi ilə elmlər doktoru, professor olmuşam. Təhsil sahəsində müəyyən bir pilləyə çatmışam. Kim nə danışır, nə edir, xahiş edərdik, həmin insanlardan ki, getsinlər öz həyatları, işləri ilə məşğul olsunlar. Öz fikrimi deməyə intellektim də var, sözüm də. Ən gözəl cavab görülən işdir. Çünki şərə, böhtana cavab verəndə həmin insanlar elə bilir ki, onların dedikləri bizi qıcıqlandırır. Şəxsən məni qıcıqlandırmır. Niyə? Nə istəyirsən, get yaz, amma mənim Pərvin Mürsəlovanın müdafiəsinə ehtiyacım yoxdur. Mənim haqqımda niyə yazırsan? Kamal Abdulla ilə nə problem var? Heç bir problem yoxdur”.

Tanınmış jurnalist, media eksperti Zeynal Məmmədli deyir ki, Kamal Abdullanın hələ Slavyan Universitetində rektor çalışdığı müddətdə bir neçə uğuruna indiyədək qibtə edir:

“Birincisi, “Filoloqun kitabxanası-100” silsiləsindən çox qiymətli elmi əsərləri orijinaldan tərcümə etdirib kitab şəklində nəşr etdi. Universitet kitabxanasını necə zənginləşdirdi. Kitab həmin universitetin vizit vərəqinə çevrildi. İkincisi, jurnalist tələbələrə neçə-neçə qiymətli dərsliklər nəşr edildi. Üçüncüsü və ən başlıcası, rektor-tələbə, müəllim-tələbə ünsiyyəti  məhz gərəkən səviyyəyə yüksəldildi. Rektoru dost sifətində görmək tələbələrin adi özəlliyinə çevrildi. Dördüncüsü, xanımların “xəlifə-qulam” adıyla aşağıladığı unikal bir təşəbbüs baş tutdu - tələbələr, yanılmıramsa, ildə bir dəfə rektor və dekan vəzifələrini icra etdilər. Başqa sözlə, önəmli məsələlərə, öz tələbə talelərinə qərarvermə  məsuliyyətinə yiyələndilər və s. Saymaqla bitməz. İndi “üsyan bayrağı qaldıran” xanımlar, yanaşı universitetdən xəbərsiz olublar yəqin, əks halda belə yazmazdılar: “Siz ali-savadlı, gənc kadrları universitetdən kənarlaşdırmaqla və rəhbər vəzifələri səlahiyyətsiz şəxslərə həvalə etməklə, eyni zamanda, tələbələrin  təhsil səviyyəsini artırmaq məqsədindən uzaqlaşdırmaqla həm xalqa, həm dövlət və dövlətçiliyə ciddi şəkildə xəsarət yetirirsiniz və daha doğrusu, siz xalqa xəyanət edirsiniz”. Və ya: “Fənn müəlliminin belə imtahan otağında otuzdurularaq tələbələrin suallarına cavab verilməsinə məcbur edilməsi müəllim şəxsiyyətinə təhqirdən başqa bir şey deyil”. Belə çıxır tələbələrin fənni öyrənməsi üçün bütün vasitələrdən yararlanmaq, tutalım, onların cavablarını bilmədiyi suallara müəllimlərin cavab verməsi onların şəxsiyyətinə təhqirdir? Xanımlar imtahanlarda lüğətdən istifadəni, proqramlardan yararlanmanı da məsxərəyə qoyurlar. Belə “tələbkarlıq”dan məhz kimlərin faydalana biləcəyini ağıllarına gətirmirlər? Gerçək müəllimlər “hər şey tələbə üçün” devizini müqəddəs bilir və bu yolda hər cür əziyyətə dözməyi bacarırlar. Düşünürəm ki, zaman keçər və bu gənc xanımlar da yaşları irəlilədikcə tənqidlə təhqir arasındakı fərqləri də anlayar. Beləcə, təkəbbür selində üzməyin fəsadlarından dərs çıxarmağa çalışar”.

S.QARAYEVA

 





24.02.2019    çap et  çap et