525.Az

"Srebrenitsa Anaları" Nyu-Yorkda Xocalı məsələsini qaldıracaqlar


 

"Srebrenitsa Anaları" Nyu-Yorkda Xocalı məsələsini qaldıracaqlar<b style="color:red"></b>

Parlament Jurnalistləri Birliyinin və Milli Məclisin deputatı, Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin təşəbbüsü ilə "Srebrenitsa Anaları" Hərəkatının üzvləri Azərbaycanda səfərdə olublar.

Səfərin ilk günü onlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər. "Srebrenitsa anaları" Hərəkatının üzvləri və Parlement Jurnalistləri Birliyinin (PJB) sədri Elşad Eyvazlı şəhidlərin məzarını ziyarət edib, qəbirlərinin üstünə qərənfillər qoyublar. "Srebrenitsa Anaları" Hərəkatının prezidenti Munira Subaşiç bildirib ki, gördükləri onu dəhşətə gətirib. O, Azərbaycanın dərdini, azərbaycanlıların faciəsini öz faciələri kimi bütün görüşlərində dilə gətirəcəyini vurğulayıb.

"Srebrenitsa anaları" Hərəkatının üzvləri Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan "Ana harayı" abidəsini də ziyarət ediblər.

Fevralın 23-də Xocalı soyqırımının anım tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın "Srebrenitsa anaları" Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə deputatlarla görüşüb.

Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qonaqlara Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan hələ də BMT-nin 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlayır. 1992-ci il fevralın 26-da Xocalı şəhərində bir gecədə 106-sı qadın, 62-si uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib, xeyli insan əsir götürülüb və işgəncələrə məruz qalıb. Dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul edib.

Milli Məclisin deputatları Flora Qasımova və Bəxtiyar Əliyev Xocalı həqiqətləri barədə danışıblar. Bildiriblər ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanıdılması istiqamətində işlər davam etdirilir.

"Srebrenitsa anaları" Assosiasiyasının sədri Munira Subaşiç bildirib: "1995-ci ildə biz də soyqırıma məruz qalmışıq. Ona görə də sizi yaxşı başa düşür və dərdinizə şərik oluruq". Qonaq məlumat verib ki, Srebrenitsada da üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımın günahkarları cəzalandırılıb və dünya bu soyqırımı tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.

Qonaqlar Xocalı soyqırımının da dünya birliyi tərəfindən tanınacağına inamlarını ifadə ediblər və bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində Azərbaycanda səfərdə olan "Srebrenitsa anaları" Hərəkatının üzvləri dünən Bakıdan vətənlərinə yola düşüblər. "Srebrenitsa anaları" Hərəkatının üzvləri çox vacib işlərin olması səbəbindən geri dönməyə məcbur olublar. Bosniyalı analar ölkələrinə geri dönərkən vurğulayıblar ki, soyqırımları və insan haqları ilə bağlı dünyanın hansı ölkəsində keçirilməsindən asılı olmayaraq, bütün toplantılarda Xocalı məsələsini də qabardacaqlar.

Analar "Dünya Xocalı soyqrımını tanımalıdır!" şüarı ilə bu işi davam etdirəcəklər. "Srebrenitsa anaları" Xocalı qətliamını öz soyqırımları kimi qəbul etdiklərini də dilə gətiriblər. Onlar bildiriblər ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına dəstək verəcəklər.

Eyni zamanda, boşnak analar erməni vandalizmindən əziyyət çəkən insanlarla görüşlərində də qeyd ediblər ki, fəal olmalı, ciddi işlər həyata keçirilməlidir.

"Srebrenitsa anaları" dünyada Xocalı faciəsi ilə bağlı məlumatlarda natamamlığın olmağından da söz açıblar.  Bu günə kimi soyqırım ilə bağlı ətraflı məlumat əldə də bilmədiklərinə görə təəssüf hissi keçirdiklərini vurğulayıblar.

"Srebrenitsa Anaları" Hərəkatının rəhbəri Munira Subaşiç bildirib ki, martın 8-9 tarixlərində Nyu-York şəhərində olacaqlar. Orada insan haqları ilə bağlı keçiriləcək tədbirə dünyanın bir çox ölkələrindən dövlət adamları qatılacaq. Analar həmin toplantıda Xocalı məsələsini də mütləq qaldıracaqlar.

 





26.02.2019    çap et  çap et