525.Az

UNEC tələbələri “Ünvansız qatar”ı uğurla təqdim ediblər - Fotolar


 

TANINMIŞ ZİYAYLILARIN YÜKSƏK DƏYƏRLƏNDİRDİKLƏRİ TAMAŞA XOCALI FACİƏSİNİN 27 İLLİYİ İLƏ ƏLAQƏDAR HAZIRLANIB

UNEC tələbələri “Ünvansız qatar”ı uğurla təqdim ediblər - <b style="color:red">Fotolar </b>

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Ünvansız qatar” tamaşasının premyerası keçirilib.
 
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən tamaşanın premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri, UNEC İctimai Nəzarət Şurasının üzvləri və digər qonaqlar iştirak ediblər. Tamaşanın quruluşçu rejissoru Vahid Orucoğlu, rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğludur. Rolları UNEC Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri İlham Quliyev, Sona Quliyeva, Yasin Əhmədov, Nicat Tarverdiyev, Rəşad Aslanov, Minayə Hüseynova, Mərva Məmmədova, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı, Nərmin Qorçuyeva, Heyran Mehdiyeva, Sevinc Quliyeva və məktəbli Ayan Mirzəzadə canlandırıblar.

Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında UNEC Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan tamaşada ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, dinc insanların öz ata-baba yurdlarından, doğma ocaqlarından didərgin düşmələrindən bəhs olunur. Tamaşa öz ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın nisgilli və faciəli həyat həqiqətlərindən danışılır. Pyesin qəhrəmanları düşmən hücumundan və zülmündən qurtulub qaçmağı bacarmışdır. Lakin onlar hələ çıxdıqları yolun sonunu bilmirlər. “Ünvansız qatar” pyesinin qəhrəmanları ölümdən xilas olsalar belə, yaşadıqları faciələr və daxili əzabları onları sıxır. Hər şeyini, yurdunu, evini, yaxınlarını itirmiş bu insanlar Bakıya pənah aparır. Gələcək talelərindən bədgüman halda Bakıya üz tuturlar.

Tələbələr doğma yurd-yuvasından didərgin düşüb köçkün həyatı yaşamaq məcburiyyətində olan insanların üzləşdikləri çətinlikləri salonda əyləşən hər kəsə, qaçqınlıq taleyi yaşayanlara da, yaşamayanlara da çatdıra bildilər. Hər kəsin, hətta ən kiçik epizodda çıxış edən, tamaşa boyu ağzını açıb danışmayan epizodik rolların ifaçılarının can yanğısı əsərin ovqatının tamaşa salonuna köçməsinə, hisslərə təsir etməsinə səbəb oldu.

Tamaşanın səhnə quruluşunda çöl ovqatı, bir qatar ilə yol gedərkən qarşıdan gələn qatarın hərəkətini izləyərkən yaranan qarışıq təsvir effektinin səhnənin arxa divarındakı ekranda iti sürətlə verilməsi, üzbəüz gələn qatarın işığının tamaşaçıların gözlərini qamaşdırması səhnədə oynanılan faciənin bizə nə qədər tanış olmasına, tamaşaçıların bu faciənin qəhrəmanına çevrilməsinə işarə idi. Bələdçinin qatar pilləkənini əvəz edən nərdivandan istifadə etməsi, Lyubanın intihar səhnəsinin sadəcə ağ mələfə ilə, qadınlıq və analıq qismətinə düşənlərin sındırdığı didərgin Manyanın torpaqla oynaması kimi detallar, səhnədə mizanların dəyişməsinin yanıb-sönən işıqlarla verilməsi, heç şübhəsiz ki, tamaşanın təsir gücünü artıran məqamlardır.
Tamaşadan sonra çıxış edən rektor Ədalət Muradov tələbələrin obrazları peşəkarlıqla canlandırdıqlarını bildirərək, yaradıcı heyətin əməyini yüksək qiymətləndirib. Rektor tamaşanı Xocalı soyqırımı qurbanlarının, Qarabağ şəhidlərinin ruhu qarşısında etiraf adlandırıb, onların günahsız qanlarının yerdə qalmayacağını vurğulayıb. Ə.Muradov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunacağına, Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin ediləcəyinə əminliyini ifadə edib.

Əsərin müəllifi Əli Əmirli tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Hər bir təhsil ocağının incəsənətə, mədəniyyətə, eləcə də ədəbiyyata yaxın olmasının vacibliyindən söz açan Ə.Əmirli UNEC-in aparıcı universitetlər sırasında olduğunu və müsbət imic formalaşdırdığını diqqətə çatdırıb. Tamaşanın Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunduğunu vurğulayan yazıçı-dramaturq, tələbələrin yüksək peşəkarlıqla canlandırdıqları səhnələrlə tamaşaçılara həmin faciəni bir daha xatırlatdıqlarını, o anları bir daha yaşatdıqlarını bildirib: “Tələbələr ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərini tamaşaçılara çatdıra bildilər. Mən onların hər birini alqışlayıram. Onlar doğrudan da çox istedadlıdırlar”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid  bildirib ki, “Ünvansız qatar” tamaşasının UNEC tələbələri tərəfindən səhnələşdirilməsi bir çox cəhətdən önəmlidir: “Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Əli Əmirlinin bu təsirli pyesinin tələbələr tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səhnəsində oynanılması ilk növbədə Xocalı faciəsinə bizim tələbələrin münasibətinin ifadəsi, yaddaşımızı bir daha oyatmaq baxımından önəmlidir. Başqa bir tərəfdən isə, mənə çox xoş oldu ki, tələbələrin bir neçəsi öz rollarını hətta peşəkar aktyorlar səviyyəsində, olduqca ürəkdən ifa edirdilər. Biz bəzi məqamlarda heyrətləndik, çünki tələbələr həqiqətən səhnədə çox səviyyəli ifa sərgilədilər. Burada belə bir Yaradıcılıq Mərkəzinin, onun nəzdində teatr studiyasının olması, belə aktual tamaşaların burada oynanılması UNEC-də yaranmış sağlam mənəvi mühitin göstəricisidir. Çox xoşdur ki, UNEC-də mədəniyyət, ədəbiyyat məsələlərinə, bizim mənəvi dünyamıza aid dəyərlərə belə hörmətlə yanaşılır. Buna görə UNEC rektoru, professor Ədalət Muradova və universitetin bütün kollektivinə dərin təşəkkürümü bildirir, Yaradıcılıq Mərkəzinə yeni uğurlar arzu edirəm. İnanıram ki, indi bu əsərlərin, pyeslərin səhnələşdirilməsi, eləcə də digər mühüm mədəni hadisələr bizim gələcək iqtisadçıların yaddaşında tələbəlik illərindən xoş duyğular kimi qalacaq”.

Millət vəkili Aqil Abbas qeyd edib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Əli Əmirlinin “Ünvansız qatar” tamaşasını istedadla, bacarıqla səhnələşdiriblər: “Onların hər biri rollarını elə məharətlə ifa edirdilər ki, sanki peşəkar aktyordurlar. Bəzi məqamlarda onların tələbə olduqları unudulurdu. Universitetin Yaradıcılıq Mərkəzinə yeni uğurlar arzulayıram”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikrincə, UNEC-in tələbələri çox istedadlıdırlar: “Biz bu gün bunun bir daha şahidi olduq. Onlar “Ünvansız qatar” tamaşasını çox gözəl səhnələşdirmişdilər.  Qatar bələdçisindən tutmuş tələbə Həlimə rolunu ifa edənə kimi, hər kəsin çıxışını çox bəyəndim. Bu, həm də onun nəticəsidir ki, UNEC-də tələbələrə biliklərini və istedadlarını göstərmək üçün rəhbərlik tərəfindən bütün zəruri şərait yaradılıb”.

S.QARAYEVA

 





26.02.2019    çap et  çap et