525.Az

Qarabağın şikəst harayı


 

Qarabağın şikəst harayı<b style="color:red"></b>

Artıq 27 ildir ki, Qarabağımızın səsi qəfəsdəki bülbülün səsi, darda qalmış aslanın harayı kimi şikəst çıxır, yanıqlı ucalır. Düz 27 ildir ki, Qarabağ Xocalısız, biz də Qarabağsız qalmışıq. 27 ildir ki, uşaq anasının ardınca ağlayan kimi, biz də Xocalının arxasınca göz yaşı tökürük.

Bəs "Xocalı Qətliamı"nda həlak olan 613 nəfər neyləsin? Bəs yaralanmış 487 nəfər neyləsin? Bəs əsir götürülmüş 1275 nəfər? Bəs itkin düşən 150 nəfərin halı nə olacaq? Onların hər biri, ölənlər bəlkə qəbir əzabından, sağ qalanlar isə vicdan əzabından əziyyət çəkirlər. Bütün Xocalı vətəndaşları öz doğma torpaqlarına qayıtmaq üçün, Vətən eşqi ilə alışıb-yanırlar.

Görəsən, nə idi bu günahsız, biçarə millətin günahı? Nə vaxtadək "arxadan vurulan zərbələr" gəlib bizim belimizdən dəyəcək? Öz əlimizlə bəslədiyimiz "qaranquş" atılıb gözümüzü çıxardı. Sən demə, biz həmin "qaranquşa" aşağıdan-yuxarı baxmışıq, onun təkcə bizə ağ tərəfi görsənib. Bir sözlə, qardaş dediklərimiz bir anda bizi qan yaddaşına boğdu. Amma gec, ya da tez: Darıxma Xocalı, biz dönəcəyik!

Didərgin salındıq öz yuvamızdan,
Bir baxdıq dönmüşük, söz-sazımızdan,
Ayrıldıq Vətəndən, Xocalımızdan.
Közərib, sönsək də diriləcəyik,
Darıxma Xocalı, biz dönəcəyik!

Köksüzlər gör nələr açdı başına?
Güllə yağdırdılar cavan yaşına,
Eşidib-bilənlər yazdı daşına:
Uğrunda damardan qan tökəcəyik!
Darıxma Xocalı, biz dönəcəyik!

Buludlar ağladı, qan yaşı tökdü,
Ürəyi canından bir anda sökdü.
Dağlar sarsılaraq belini bükdü.
Küləklər dedilər: Əsməyəcəyik!
Darıxma Xocalı, biz dönəcəyik!

Eşitdim düşmənlər səni gizləyir,
Vətənin bağrını bölmək istəyir
Bunlardan sarsılan şair söyləyir:
Sıxılma ey Vətən, tez gələcəyik
Darıxma Xocalı, biz dönəcəyik!

Ağarza HƏSƏNQULİYEV
BDU-nun Jurnalistika fakultəsinin 1-ci kurs tələbəsi

 





26.02.2019    çap et  çap et