525.Az

Xoreoqrafiya Akademiyasında "Xocalı həftəsi"


 

Xoreoqrafiya Akademiyasında "Xocalı həftəsi" <b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) "Xocalı həftəsi"nə dair silsilə tədbirlər keçirilib.

"Xocalı həftəsi" çərçivəsində BXA-da Xalq rəssamı Xanlar Əhmədovun Xocalı soyqırımına həsr olunmuş "Fəryad" adlı fərdi sərgisi nümayiş olunub. Sərgidə akademiyanın professor-müəllim, tələbə-şagird və Xocalı soyqırımının canlı şahidləri iştirak ediblər. Sərgidə giriş sözü ilə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək, qeyd edib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi yeddi il keçsə də, Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktının törədilməsi heç zaman unudulmayacaq. T.Əfəndiyev ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımlara dünya birliyinin ədalətsiz, ikili standartlarla yanaşmasına da toxunaraq qeyd edib ki, BMT tərəfindən qəbul edilmiş qətnamələrə hələ də riayət olunmur. Rektor BXA-da "Xocalı həftəsi" çərçivəsində keçirilmiş bütün tədbirləri yüksək qiymətləndirdi və onları gələcək nəsillərin vətənpərvərlik ruhunda böyüyüb, tərbiyə olunmasına töhfə olduğunu bildirib.

Həmçinin, akademiyanın tam orta məktəbinin şagirdləri tərəfindən Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş "Başını dik tut, Vətən oğlu" mövzusunda ədəbi-bədii kompozisiya keçirilib. Tədbir Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə tam orta məktəbin direktoru Bəşarət Hüseynova açaraq, 1992-ci il Aərbaycan tarixinə baş vermiş ən dəhşətli qətliamdan tədbir iştirakçılarına məlumat verib və şəhidlərimizə rəhmət diləyib. Daha sonra isə Xocalı soyqırımının canlı şahidləri qətliamla bağlı yaşadıqları faciələrdən bəhs ediblər. Kompozisiyada "Ağla qərənfil", "Xocalı faciəsi" rəqsləri ifa edilib, soyqırıma həsr olunmuş şeirlər səsləndirilib və "Xocalılıların həyatında bir gecə" səhnəciyi nümayiş olunub.

"Xocalı həftəsi" çərçivəsində Bakı Xoreoqrafiya Akademiyası kollecinin tələbələri tərəfindən dəyirmi masa da keçirilib. Dəyirmi masada kollecin direktoru Aynur Hüseynova çıxış edərək, Ermənistanın işğalı zamanı Azərbaycana vurulmuş maddi və mənəvi zərərlərdən danışıb və ermənilər tərəfindən xalqımıza qarşı dəfələrlə işğalçılıq siyasətinə, soyqırımı törətməsinə də toxunub. Sonda isə dəyirmi masa iştirakçıları olan tələbələr "1992", "Qan yaddaşımız", "Tariximizin qara səhifəsi", "Xocalıya ədalət", "Qanlı fevral gecəsi", "Xocalını unutma!" və sairə adlı məruzələrlə çıxış ediblər.

Şahanə MÜŞFİQ

 





26.02.2019    çap et  çap et