525.Az

İlahiyyat İnstitutunda "Erasmus+" proqramının rəhbəri ilə görüş


 

İlahiyyat İnstitutunda  "Erasmus+" proqramının rəhbəri ilə görüş <b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov "Erasmus+" proqramının Azərbaycan nümayəndəliyinin rəhbəri Pərviz Bağırovla görüşüb.

İnstitut rəhbəri görüş zamanı ali tədris müəssisəsinin birillik fəaliyyətinin qeyd edildiyini bildirərək, Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında məlumat verib. C.Məmmədov Aİİ-nin tələbə mərkəzli İnstitut olaraq fəaliyyət göstərdiyini, tələbələrə dini elmlərlə yanaşı, dünyəvi elmlərin, dil bilgilərinin yüksək səviyyədə öyrədildiyini qeyd edib. Rektor Aİİ-nin beynəlxalq əlaqələrin yaradılmasına, xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıqların qurulmasına böyük önəm verdiyini bildirib. "Erasmus+" proqramının İnstitut üçün böyük əhəmiyyətə malik olacağını vurğulayan C.Məmmədov proqramın Aİİ-yə tətbiqi üçün görüləcək işlərdən bəhs edib.

Daha sonra Pərviz Bağırov ali təhsil sahəsində əməkdaşlıq və tələbə mobilliyi proqramı olan "Erasmus" haqqında məlumat verib. O qeyd edib ki, Avropa Birliyinin "Erasmus" proqramı əməkdaşlıq üçün xeyli imkan və vasitə təklif edir. Bunlar təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsini, təhsil sisteminin təkmilləşdirilməsini, peşəkarlıq treninqlərini, xaricdə təhsili və bir sıra islahatları əhatə edir. P.Bağırov qeyd edib ki, hər il bu proqram üzrə minədək azərbaycanlı tələbə təhsil mübadilə proqramları çərçivəsində Avropanın müxtəlif ölkələrində təhsil alır.

Məruzəçi sözügedən proqram çərçivəsində ali təhsil sahəsində həyata keçirilən birgə magistratura proqramları, kredit mobilliyi, kurikulum quruculuğu haqqında məlumat verib, təhsil və tədrisin keyfiyyətinin artırılması, ali təhsil müəssisələrinin idarəedilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Görüşdə, həmçinin, ali təhsil sahəsində birgə əməkdaşlıq və "Erasmus+"un əsas məqsədləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

S.QARAYEVA

 





26.02.2019    çap et  çap et