525.Az

Xocalı harayı


 

Xocalı harayı<b style="color:red"></b>

Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Xocalı soyqırımının  27-ci ili münasibətilə tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin materialları və mərhum hərbi operator Seyidağa Mövsümlünün lentə aldığı görüntülər əsasında hazırlanan, rejissor Vaqif Mustafayevin "Dərdimi çəkirəm" filminin nümayişi ilə başlandı.

Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov xüsusi amansızlıqla törədilən Xocalı soyqırımının mahiyyəti və törədilən dəhşətli faktlardan söz açdı. O qeyd etdi ki,  əsas məqsədi azərbaycanlıların iradəsini qırmaq, zülm və qətllərlə xalqın gözünü qorxutmaq olan ermənilər Xocalı faciəsi ilə də istəklərinə nail ola bilmədilər. Azərbaycan xalqı sınmadı, sınmayacaq. Xalqımız bu acı tarixi unutmayacaq, hər zaman öz qan yaddaşında saxlayacaq. R.Həsənov BBMM-in 8 xarici ölkədə fəaliyyət göstərən filiallarında, eləcə də "Azərbaycan multikulturalizmi" fənninin tədris edildiyi xarici universitetlərdə də  Xocalını anım tədbirlərinin və xüsusi seminarların keçirildiyini qeyd etdi.

AMEA-Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Tohidi Xocalı faciəsinin  XX əsrdə Azərbaycanda yaşanan soyqırımların davamı olduğunu vurğuladı. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanıb nəşr edilmiş "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı kitabından sitatlar gətirən alim Xocalı həqiqətlərini dünya miqyasında daha geniş yaya bilmək məqsədilə yeni və daha təsirli təbliğat formalarının zəruruliyini xüsusi olaraq qeyd etdi.

Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədova da çıxışında Xocalı soyqırımı ilə bağlı qan donduran məqamlara və tarixi faktlara toxundu. O, görüşlərdən birində xarici qonağın söylədiyi "Siz bu həqiqətləri "qulaqlar batanadək" hayqırmalısınız" fikrini xüsusi olaraq vurğuladı. Axı beynəlxalq sazişlərin, normaların qüvvədə olduğu, müharibə aparmağın da öz qayda-qanunlarının gözlənildiyi  müasir dünyada günahsız və silahsız dinc Xocalı əhalisinin yalnız etnik tərkibinə görə xüsusi qəddarlıqla, uşaqlara belə rəhm edilmədən törədilməsi hansı hüquqi çərçəvəyə sığa bilər?

Tədbirdə daha sonra çıxış edən tarix elmləri doktoru, professor Həvva Məmmədova bir əsrdə 3 dəfə yandırılan, Xocalı şəhərinin işğala qədərki 4 illik mühasirə həyatından söz açdı. Alim çıxışında Xocalı əsirləri və şahidləri ilə görüşlərindən, eləcə də mövzu ilə bağlı tədqiqiqat aparan xarici araşdırmaçıların qeydlərindən bir çox faktlar səsləndirdi.

Tədbirdə iştirak edən dini icmaların nümayəndələri də çıxışlarında Azərbaycan xalqının dərdinə şərik olduqlarını və bu qanın yerdə qalmayacağını vurğuladılar.

Billurə ASLANQIZI

 





26.02.2019    çap et  çap et