525.Az

Açıq Kitabxanada Xocalı qurbanları yad edildi


 

Açıq Kitabxanada Xocalı qurbanları yad edildi<b style="color:red"></b>

Dünən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya və Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültələrinin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə ötən əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.

Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək söyləyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları sovet ordusunun 366-cı alayının köməyi ilə Xocalıda soydaşlarımıza qarşı amansız qırğın törətdilər. Xocalı soyqırımı bir tərəfdən hərbi cinayətdirsə, digər tərəfdən dinc əhaliyə qarşı törədilmiş kütləvi terror aktıdır. Dövlətimizin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və tanıdılması istiqamətində apardığı genişmiqyaslı işləri xüsusi qeyd edən direktor müavini, bununla dünya ictimaiyyətinin Xocalı soyqırımı və erməni vəhşilikləri haqqında əsl həqiqətləri biləcəyini və bununla bağlı öz kəskin mövqelərini bildirəcəklərini vurğulayıb.

Gənclər də öz növbəsində Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlərin həyata keçirildiyini söyləyiblər. XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən bu kütləvi qırğının amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu deyən tələbələr ölkəmizin ərazi bütövlüyünün hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmizlə bərpa ediləcəyinə inamlarını və bu faciənin təbliği istiqamətində əzmlə çalışacaqlarını bildiriblər.

Tədbir çərçivəsində gənclər erməni vandallarının Xocalıda həyata keçirdikləri soyqırıma dair kitablar, fotoşəkillər və dövri mətbuat materialları ilə tanış olublar.

Şahanə MÜŞFİQ

 





27.02.2019    çap et  çap et