525.Az

BMU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb


 

BMU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb<b style="color:red"></b>

Bakı Mühəndislik Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə universitetin müəllim və tələbə heyəti ilə yanaşı, 27 il öncə Xocalı-Əsgəran yolunda anası ilə birgə əsir düşmüş Salatın Əhmədova da iştirak edib. Mərasimdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib və ardından dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, tarixən davam edən Ermənistanın Azərbaycana olan ərazi iddiaları və təcavüzləri Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli həddə çatıb və tarixdə misli görünməmiş faciələrdən biri Xocalıda törədilib: "Xocalı faciəsi XX əsrin ən dəhşətli faciələri sayılan Xatın, Xirosima faciələri ilə bir sırada durur. Bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Yollar erməni quldurlarının nəzarətində olduğundan şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər  dinc əhalini güllələyib, onlara amansız divan tutub. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız soyuqdan donaraq və düşmən gülləsinə tuş gələrək şəhid olub, əsir düşüb, girov götürülüb. Rektor qeyd edib ki, Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman verib. Milli Məclisin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunub. 25 fevral 1997-ci ildə isə həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti olan Ulu öndər Heydər Əliyev tərəfindən "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" fərman imzalanıb. Bu sənədlərə əsasən deyə bilərik ki, Xocalı faciəsi Ulu öndərin ikinci dəfə ölkəmizə rəhbərlik etməyə başladığı vaxtdan hüquqi-siyasi qiymətini alıb və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu gün də Ulu öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan torpaqlarının işğaldan azad olunması və xalqımızın başına gətirilmiş faciələrin beynəlxalq təşkilatlar və ölkələr tərəfindən tanıdılması üçün ardıcıl işlər aparırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının təfərrüatlarını, baş verdiyi şəraiti və fəsadlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün mühüm işlər görür".

Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Səidə Babayeva çıxış edərək Xocalıda insanlığa qarşı törədilmiş vəhşiliklərdən danışıb. Bildirib ki, Xocalıda onlarla insan diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır. Ermənilər meyitlərə də işgəncə vermişdir ki, bu da insanlığa yaraşmayan hərəkətlərdir. Vurğulayıb ki,  Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Çıxışlardan sonra tədbir iştirakçıları  BMU-nun Tələbə Dram Studiyası üzvlərinin Xocalı faciəsinin 27-ci il dönümü münasibətilə hazırladığı "Xocalı - sızlayan yaddaşımız" adlı ədəbi-bədii kompozisiyanı izləyiblər.

Tədbir Xocalı faciəsi zamanı 8 aylıq körpə olan Salatın Əhmədovanın çıxışı ilə sona çatıb. O bildirib ki, faciənin canlı şahidi olsa da, o dəhşətli gecədə baş verənləri anasından dinləyib.

 





27.02.2019    çap et  çap et