525.Az

Zurabişvili Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi


 

"GÜRCÜSTAN PREZİDENTİNİN BAKI SƏFƏRİ İKİ DOST ÖLKƏLƏR ARASINDA MÜNASİBƏTLƏRİN BUNDAN SONRA DA DİNAMİK İNKİŞAF EDƏCƏYİNİ GÖSTƏRİR"

Zurabişvili Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Azərbaycana ilk rəsmi səfərini reallaşdırıb.
 
Bakıda S.Zurabişvili Prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirib. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi mqəsədilə səmərərli danışıqlar aparılıb.

Görüşlərin yekunu olaraq prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlət başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan Gürcüstanla əlaqələrinin inkişafına böyük əhəmiyyət verir: "Çox şadıq ki, bu əlaqələr uğurla, sürətlə inkişaf edir. Bu səfər və apardığımız müzakirələr, danışıqlar bir daha onu təsdiqləyir ki, bizim əlaqələrimizin çox gözəl gələcəyi var".

Xalqlarımızın əsrlər boyu bir-birinin yanında olduğunu, bir yerdə olduğunu deyən prezident bildirib ki, iki ölkə xalqları həmişə dostluq, qardaşlıq şəraitində yaşayıb: "Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq".

Bu gün Gürcüstan və Azərbaycanın bütün sahələrdə çox uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıran ölkə rəhbəri əlavə edib ki, iki ölkənin siyasi əlaqələri yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır: "Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi daim dəstəkləyirik. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir".

Xarici ölkələrə səfər proqramı çərçivəsində region ölkələri sırasında ilk səfərini Azərbaycana edən Gürcüstan prezidenti mətbuat konfransında dövlətimizin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini açıq şəkildə bəyan edib: "Münaqişələr və ərazi bütövlüyünün pozulması hə iki ölkənin faciəsidir. İşğal xətləri bizim üçün yara olaraq qalır. Ölkələrimiz işğalla yaşayır. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmaları ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik adasıdır".

S.Zurabişvili bildirib ki, Azərbaycan və Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələri ilə Asiya və Avropanı birləşdirir və Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edir: "Azərbaycan və Gürcüstanın dostluğu və tərəfdaşlığı regional sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. İki ölkə arasında iqtisadi-ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar əlaqələrin daha da inkişafı üçün böyük imkanlar var".

Azərbaycan və Gürcüstanın çoxkonfessiyalı dövlətlər olduğunu xatırladan gürcü prezident regionda mövcud olan mono-etnik dövlətdən fərqli olaraq bu iki ölkənin tolerantlıq ənənələrinin dünya üçün örnək olduğunu vurğulayıb: "Gürcüstanda yaşayan azərbaycanlılar, Azərbaycanda yaşayan gürcülər ölkələrimiz arasında dostluğun və humanitar əlaqələrin inkişafında mühüm rol oynayırlar".

Gürcüstan prezidentinin Bakı səfəri ilə fikirlərini bildirən "Yeni Azərbaycan" qəzetinin  baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, S.Zurabişvilinin Azərbaycana səfəri iki dost və qonşu ölkələr arasında münasibətlərin bundan sonra da dinamik şəkildə inkişaf edəcəyini göstərir. O, SİA-ya bildirib ki, əslində, iki ölkə arasında olan münasibətlər strateji xarakter daşıyır və hər iki xalqın milli maraqlarına söykənir: "Biz elə bir mürəkkəb regionda və elə bir coğrafi konfiqurasiyada yerləşirik ki, münasibətləri daima yaxşı saxlamağa sadəcə məhkumuq. Ona görə də Gürcüstanda keçirilən seçkilərdən sonra Gürcütan-Azərbaycan münasibətlərində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər öz proqnozlarında yanılıblar".

Deputatın sözlərinə görə, S.Zurabişvili kifayət qədər təcrübəli siyasətçidir: "O, Avropa siyasi mətbəxindən xəbərdardır. Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı illərdə regional siyasətlə də dərindən tanış olmaq imkanları qazanıb. Ancaq bu da bir həqiqətdir ki, ona öz siyasi sələflərindən heç də yaxşı miras qalmayıb. Gürcüstanın ərazi bütövlüyü pozulub, regionun ən böyük dövləti ilə münasibətlər olduqca gərgindir və ölkə daxilində hələ də separatçılıq əhval-ruhiyyəsində olan ermənilər var. İqtisadi resurslar da olduqca məhduddur və heç də o qədər perspektivli sayıla bilməz. Ona görə də bu şərtlərin mövcud olduğu reallıqda Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi mühüm prioritetdir və əslində, xanım prezidenti Azərbaycana gətirən səbəbləri də burada axtarmaq lazımdır. Salome Zurabişvili də diqqəti məhz bu məsələlərə çəkərək, hər iki xalqın XX sonunda yaşamağa məcbur edildiyi və hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqlarımızın ortaq faciəsi kimi xatırladıb. Ancaq hazırkı mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yaxşı perspektivlər yarada bildiyini də etiraf edərək bildirib ki, "düşünürəm ki, bu gün sizin perspektivləriniz bizimkindən daha yaxşıdır. Çünki sizin irəliləyiş əldə edə bilməyiniz üçün bəzi əlamətlər var".

"Göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində əldə edə biləcəyi hər hansı bir nailiyyət Gürcüstan üçün də yaxşı president yarada biləcək. Elə bu kontekstdə də digər iqtisadi və kommunikasiya layihələri məsələsində Azərbaycanın uğurları daima Gürcüstana strateji faydalar gətirib və əlbəttə, bunu gözardı etmək mümkün deyil", - deyə H.Babaoğlu qeyd edib.

Deputatın sözlərinə görə, S.Zurabişvili də məhz Azərbaycanın müəllifi olduğu bütün layihələri sadalayaraq onları həm də Gürcüstanın uğurları kimi təqdim edib: "Hazırda enerji və nəqliyyat layihələri, Azərbaycanın yaratdığı perspektivli investisiya mühiti və ölkəmizin Gürcüstanda həm də birbaşa investor kimi çıxış etməsi bu münasibətləri daha da inkişaf etdirməyi zəruri edir və bundan sonra da iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələri davam edəcək".

Gürcü ekspert Arçil Sixarulidze də "Trend"ə bildirib ki, S.Zurabişvilinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunun təsdiqidir: "Hazırda iki qonşu ölkənin müxtəlif sahələrdə qarşılıqlı maraqları var. Gürcüstan özünün enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır və bu baxımdan Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Paralel olaraq, ölkələrimiz arasında xüsusilə də iqtisadiyyat və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə yük tranziti sahəsində hərtərəfli əməkdaşlıq davam edir. Bu layihə Azərbaycan və Gürcüstandan keçən yüklərin həcminin artması üçün böyük imkanlar yaradır. Məhz bu faktı Azərbaycan dövlət başçısı qeyd edib".

Ekspert əlavə edib ki, Gürcüstan və Azərbaycan dost ölkələrdir və regionda sabitlik və təhlükəsizliyin qorunmasında maraqlıdır: "Hesab edirəm ki, Gürcüstan liderinin Bakıya səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək və birgə irimiqyaslı layihələrin reallaşdırılması üçün əlverişli mühit yaradacaq".

Ceyhun ABASOV

 





01.03.2019    çap et  çap et