525.Az

Şuşanın tanınmış pedaqoqu


 

Şuşanın tanınmış pedaqoqu<b style="color:red"></b>

"1920-ci ildən başlayaraq Xosrov Axundov müəllimlik edirdi. Mirzə Xosrov əsasən birinci siniflərdə "Əlifba" öyrətməkdə mahir müəllim olaraq tanınmışdır. Mirzə Xosrov savadlı, işgüzar, uşaqlarla danışmağı bacaran, onların qəlbinə düzgün yol tapa bilən müəllim olduğundan xalqın dərin rəğbətini qazanmışdır. Buna görə də Şuşa şəhərinin əhalisi ona çox hörmət bəsləyər və ondan məsləhət alardı".

Hüseyn QAYIBOV, maarif xadimi

Gəlimli-gedimli dünyada qalan yalnız təmiz ad, xeyirxahlıq, bir də insanlara olan diqqət, qayğıkeş münasibət və hörmətdir. Bu xüsusiyyətlər olmayanda, dünyasını dəyişən hər bir kəs tez bir zamanda unudulur, yaddaşlardan silinir. Təvazökarlıqdan kənar olsa da, mənim atam Xosrov Axundov ölümündən 59 il ötsə də, indi də tanıyanların yaddaşında yaxşı insan kimi qalıb. Atam Şuşada çox hörmətli şəxsiyyətlərdən biri olmuşdu. O, ibtidai sinif müəllimi idi. Çox zəhmli görünüşlü olmasına baxmayaraq, atamı hamı sevirdi. Tez-tez imkansız şagirdlərin evinə gedər, onların həyat tərzi ilə tanış olar, lazım olan köməkliyi onlardan əsirgəməz, dəftər və kitablarla təmin edərdi.

Mənim 7 yaşım olanda, yəni 1960-cı ilin mayına qədər 2 yaş məndən böyük olan qardaşım Fikrət də, mən də çox xoşbəxt idik. Çünki atam sağ idi. Qayğısız günlər yaşayırdıq. Elə ki, atam dünyasını dəyişdi, ailəmizdə hər şey alt-üst oldu. Atamın rəhmətə getdiyi günü çox yaxşı xatırlayıram. Qardaşım da, mən də ağlayırdıq, bizi heç kəs ovundura bilmirdi. Qonşularımızdan Kamil Abbasov gördü ki, biz bu itkiyə dözə bilmirik, qardaşımla məni öz evlərinə apardı. Bizə dedilər ki, guya molla Quran oxuyandan sonra atanız diriləcək. Biz də səbirsizliklə o anı gözləyirdik. Sən demə, bizi aldadırlarmış. Həyətimiz və küçəmiz insan axınıyla dolu idi. İndiyə kimi məhəlləmizdə bu qədər adam görməmişdik. Sonradan öyrəndik ki, atam dəfn olunan gün Şuşada məktəblərdə dərs, müəssisələrdə iş dayanmışdı. Hətta Bakıda yaşayan şagirdləri də özlərini onun dəfninə çatdıra bilmişdilər. Şuşa öz sevimli müəllimini son mənzilə yola salırdı. Böyüdükcə söhbətlərdən öyrəndim ki, atam xeyirxah bir insan kimi həmişə küsənləri barışdırarmış. Onun sözündən heç kim çıxmazdı. Qızına elçi gedən və razılıq almayan oğlan adamları tez-tez atama müraciət edərdilər. Kimin qapısına elçi gedirdisə, mütləq xeyir iş baş tutardı.

1960-cı ildən atasız günlərimiz başladı. Anam bizi böyütmək üçün çox əziyyət çəkdi. Qonşudakı atalı uşaqlara baxanda biz də deyirdik ki, kaş atamız sağ olaydı. Qonşumuz Kamil Abbasov öz uşaqlarına hədiyyə alanda, bizi də yaddan çıxartmırdı. Məktəbdə valideyn iclasına anam gedərdi. Atasızlıq niskili bizi rahat buraxmırdı. Lakin atam rəhmətə gedəndən sonra Şuşa sakinlərinin ona olan hörmətini hər an duyurduq. 70-ci illərdə "Şuşa" qəzetində təcrübə keçəndə, hara gedirdimsə, atama olan məhəbbətin şahidi olurdum. Məni görən kimi deyirdilər ki, bu, Mirzə Xosrov müəllimin qızıdır. Sözlərindəki səmimilik mənə xoş təsir bağışlayırdı. Yadımdadır, məhəllə uşaqları ilə küçədə oynayanda, uzaqdan atamı görən kimi hamımız evə qaçırdıq. Çünki atam küçədə boş-boş vaxt itirməyimizə irad tutacaqdı. Dərsimizi oxumağı tövsiyə edəcəkdi.

Atam uşaq evində qalanlara daha çox diqqət yetirərdi. Ayda iki-üç dəfə anam böyük qazanlarda xörək bişirərdi, özü də təndirdə. Qazanlar ağır olduğundan qonşuda olan at arabası ilə xörəkləri, yanında da təndir çörəklərini uşaq evinə aparardılar. Atam da gedərdi. Uşaqlar yeyib doyandan sonra atam deyərdi ki, bunu edəndən sonra mən bir az rahatlanıram. Orada qalan uşaqların qayğısını çəkən yoxdur. Adicə diqqət onları sevindirir. Onlar sevinəndə, mən də özümü yaxşı hiss edirəm. Anam bilirdi ki, ayda 2-3 dəfə uşaq evi üçün xörək bişirməlidir. Bu, atamın qoyduğu qanun idi.

Bakıya köçəndən sonra bir gün qapımız döyüldü. Qapıya mən çıxdım. Qapını döyən orta yaşlı, gözəl bir qadın idi. Məndən soruşdu ki, Mirzə Xosrov Axundovun ailəsisiniz? Dedim bəli. Anamı soruşdu. Dedi ki, Xosrov müəllim 1 ilə yaxın məni evində saxlayıb. Atam görüb ki, gözəgəlimlidir, gətirib evinə. Anamla çox səmimiyyətlə görüşdü. Dedi ki, anan mənə ana, atan isə ata olub. Sonradan qohumları gəlib onu uşaq evindən aparıblar. Bu hadisəni uzun illərdir ki, unuda bilmirəm. O qadın Bakıda bizi necə tapıb, onu demək çətindir. Atamdan o qədər razılıq etdi ki, mən onun qızı olduğuma görə fərəh hissi keçirtdim. Bizi minnətdarlıq etmək üçün  axtarıb tapmışdı.

Atam Xosrov Axundov 1889-cu ilin iyul ayının 13-də Şuşada ziyalı ailəsində anadan olmuşdu. Atası Mirzəli Aşiq Zeynalabdin oğlu müəllim kimi fəaliyyət göstərib, eyni zamanda, şair, gözəl səsə malik, həm də musiqişünas idi. Mirzəli Aşiq Cabbar Qaryağdı oğlunun 16 yaşına kimi musiqi müəllimi olmuşdu.

Xosrov Axundov Şuşada "Nikolayski" məktəbində Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları ilə birlikdə oxumuşdur. Hələ məktəbdə oxuyarkən gənc Xosrov atasını vaxtsız itirir. Ailənin ağır yükü Xosrovun üzərinə düşür. Çox keçmir ki, Xosrov anası Məhtəbanı, sonra isə difteriya xəstəliyindən bir günün içində bacıları Şövkət və İzzəti itirir. Bu itkilər gənc Xosrovu sarsıdır.

Məktəbi bitirdikdən sonra 1906-cı ildən dərs deməyə başlayır. Şuşada "Nərimaniyyə" və "Haşimiyyə" məktəblərinin yaradılmasında Hüseyn Qayıbov, Zülfüqar Abdullayev, Mircabbar Vəzirov, Hacı Zalov və başqaları ilə birgə Xosrov Axundovun da böyük rolu olmuşdu. Şuşada savadsızlığın ləğv edilməsində yaxından iştirak etmişdi. O vaxtlar məktəbdə yalnız oğlanların oxuması Xosrov müəllimi narahat edirdi. Qızların təhsil almaması onu çox düşündürürdü. Ona görə də əhali arasında geniş təbliğat işi aparırdı. Təhsilin qızlar üçün də vacib olmasını dönə-dönə vurğulayırdı.

Atamın həmkarlarından biri, mərhum Həbib Allahverdiyev bir dəfə mənə dedi ki, o vaxtlar Xosrov müəllimdən şikayət məktubları yazıblar. Burada qeyd edilir ki, sinifdəki şagirdlərin yazdığı imlaları guya özü yazır. Bütün şagirdlərin xətləri eynidir, sanki inci kimi düzülüb. Bu məktubdan sonra məktəbə yoxlama gəlib. Xosrov müəllim deyib ki, mənə inanmırsınızsa, imla deyim siz də burada olun. Görün ki, mən yazıram, yoxsa şagirdlərim. Bir neçə nəfər oturub şagirdlərin imla yazmasını müşahidə ediblər. Xosrov müəllim imlanı deyib qurtarandan sonra şagirdlərin yazdıqlarını yığıb yoxlamağa başlayıblar. Görüblər ki, şagirdlərin hamısı imlanı eyni dərəcədə səliqə ilə yazıblar. Adama elə gəlirdi ki, imlaları bir adam yazıb. Bu işə təəccüb eləyiblər. Xosrov müəllimin belə bir qabiliyyətinin olmasını heyrət hissi ilə qarşılayıblar. Dönə-dönə üzr istəyiblər və sağollaşıb gediblər. Həbib müəllimin bu sözləri indi də qulağımda səslənir. Bədxahlar atamı bu yolla dolaşdırmaq istəyiblər.

Xosrov Axundov ömrünün 50 ilini Şuşada əhalinin maariflənməsinə, savadsızlığın aradan qaldırılmasına həsr etmişdi. İbtidai sinif müəllimi kimi çox tələbkar olub. Xosrov müəllimin zəhməti hədər getməmiş, onun şagirdlərindən çoxu tanınmış alim, bəstəkar, müəllim, həkim, orqan işçisi olmuşlar. Onlardan Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini işləmiş Süleyman Vəzirov, Azərbaycan SSR EA-nın həqiqi üzvü Validə Tutayuq, kimya elmləri doktoru, professor Paşa Rüstəmov, kimya elmləri doktoru, professor Əhəd Əliyev, kimya elmləri doktoru Sabir Əliyev, filologiya elmləri doktoru Zeynal Tağızadə, filologiya elmləri doktoru Əkbər Ağayev, filologiya elmləri doktoru, professor Kamran Məmmədov, bəstəkarlardan Süleyman Ələsgərov, Əşrəf Abbasov, Moskva Hidromeliorasiya İnstitutunun elmi işçisi, texnika elmləri namizədi Qabil İsmayılov və başqalarını misal gətirmək olar.

Onun pedaqoji fəaliyyəti respublikada geniş şöhrət tapmışdır. Təsadüfi deyil ki, 1948-ci ildə professor Əhməd Seyidov, akademik Mehdi Mehdizadə Xosrov Axundova məktub yazaraq pedaqoji təcrübə və xatirələrini yazıb instituta göndərməsini xahiş etmişdilər. "Pedaqoji təcrübə və mülahizələr"i adlı əsəri 2000-ci ildə "Maarif" nəşriyyatı, 2-ci nəşri isə 2008-ci ildə Xosrov Axundovun anadan olmasının 120 illiyi ilə əlaqədar "Adiloğlu" nəşriyyatında nəşr olunmuşdur.

Xosrov Axundov pedaqoji fəaliyyətindən başqa atası Mirzəli Aşiq kimi "Şaiq" təxəllüsü ilə şeirlər yazmışdır. Görkəmli yazıçı və şairlərdən Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sanı Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyovun Xosrov Axundova böyük təsiri olmuşdur.

Xosrov Axundov "Xatirələrim"də yazır:

- "Molla Nəsrəddin" jurnalı Şuşada əl-əl gəzirdi. Bu jurnalın yayılmasında Mir Möhsün Nəvvabın oğlu Mir İbrahim ağa Mirzadənin böyük rolu olmuşdu. O, jurnalı gizli satırdı. Hər kəsin əlində jurnal görünsəydi, onu "kafir" adlandırardılar. Həmin adamı hamama buraxmaz, dəllək isə onun başını, üzünü qırxmazdı. Bir gün Mirzə Cəlillə məscidə yaxın olan qiraətxanaya gedirdik. Məscidin qabağında bir neçə molla oturmuşdu. Mirzə Cəlil onların qarşısından keçəndə salam verdi. Mollalar özlərini eşitməzliyə qoydular. Biz bir qədər aralandıqdan sonra "lənət kafirə", - deyə Mirzə Cəlilə lənət oxudular. Qiraətxanaya çatanda Mirzə Cəlil gülə-gülə dedi:

- Mirzə Xosrov, "Ölülər" əsərinə görə mollaların və ruhanilərin məni görməyə gözləri yoxdur".

Həmidə xanım çox ziyalı bir qadın idi. O, Şuşada toxucu sexi açıb qadınların işləməsinə şərait yaratmışdı. Sex Mirzə Cəlilin yaşadığı binanın alt mərtəbəsində yerləşirdi. Həmidə xanımın xahişi ilə Xosrov müəllim Mirzə Cəlilin oğlanları Ənvər və Midhətə həmin binada dərs deyirdi.

Mirzə Cəlilin qohumlarından olan Musa Vəzirov yazır ki, bir gün Mirzə Xosrov Mirzə Cəlilin uşaqlarına dərs demək üçün onlara gəlmişdi. Bu zaman Mirzə Cəlil bizə yaxınlaşıb dedi:

- Bu müəllim yaxşı pedaqoqdur, onun dərs üsulu xoşuma gəlir.

1919-cu ildə Həmidə xanım Məmmədquluzadənin xahişi ilə Xosrov Axundov Mirzə Cəlilin "Ölülər" və "Anamın kitabı" əsərlərinin üzünü köçürmüşdü. Bu barədə "Revolyutsiya i kultura" jurnalının 1-ci nömrəsində Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələrim"də və filologiya elmləri doktoru Abbas Zamanovun redaktorluğu ilə nəşr olunan "Cəlil Məmmədquluzadə" (məqalələr və xatirələr) əsərində məlumat vardır.

Mirzə Xosrovun pedaqoji ustalığı onu Qarabağda məşhur etmişdi. O, Xurşidbanu Natəvanın nəvələri Şəhla xanıma, Mir Qafara, Əbülfətə, Soltana da dərs demişdir.

Xosrov Axundov Qarabağın tarixini çox gözəl bilirdi. Qarabağda baş verən tarixi hadisələr barədə yazdığı "Xatirələr"i maraqlıdır. Burada eyni zamanda, tarixi şəxsiyyətlər və Şuşanın tanınmış ziyalıları barədə də geniş məlumat verilir. Professor Əlyar Qarabağlı vaxtilə Xosrov müəllim haqqında yazmışdır: "C.Məmmədquluzadə və Həmidə xanımla, Üzeyir bəylə və S.S.Axundovla şəxsən dost olan Xosrov müəllim ümumiyyətlə Qarabağ, xüsusən Şuşa haqqında ən dərin məlumata sahib idi. Buna görə də Şuşanın tarixi ilə maraqlananlar həmişə ona müraciət edər və aydın cavab alardılar".

Xosrov Axundov 9 yaşında ikən atası ilə birlikdə "Məclisi-üns"ə gedərdi. O, sonralar bu barədə yazırdı:

- "Məclisi-üns" çox vaxt Natəvanın evində toplaşardı və bəzən ziyafət şəklində keçərdi. Baharda, yayda isə şairlər Xan qızının bağına yığışardılar. Bağda gül-çiçəklərə qərq olmuş göy çəməndə Natəvan əyləşər və məclisi idarə edərdi. Bu zaman süfrə açılar, ləzzətli yeməklərdən sonra çay hazırlanardı. Dərnək üzvləri tam istirahətdən sonra bədiyyat məşğələsinə başlayardılar. Birincilik qazananlara Natəvan pul, libas və sair bəxşişlər verərdi.

Xosrov Axundov Mir Möhsün Nəvvabın "Məclisi-Fəramuşən" ədəbi dərnəyinin fəal üzvlərindən biri olub. Mir Möhsün Nəvvabla yaxın olmuş, onun yaradıcılığını izləmiş, əsərlərini bir yerə toplamışdır. Atası Mirzəli Aşiq Mir Möhsün Nəvvabla yaxın dost olub, ədəbiyyata, musiqiyə aid problemləri tez-tez müzakirə ediblər. 1913-cü ildə "Orucov qardaşları" mətbəəsində nəşr olunan "Təzkireyi-Nəvvab" kitabında 100-ə yaxın şair barədə məlumat yazılmışdır. Xosrov Şaiqin "Ey vətəndaşlar, gəlin elm əxs edib aqil olaq" misrası ilə başlanan şeiri də bu kitaba daxil edilmişdir. Mir Möhsün Nəvvaba həsr etdiyi "Şuşanın çayı" poeması Xosrov müəllimin arxivində qorunub saxlanılır. Xosrov Axundov ömrünün son illərində qəzəl və şeirlərini bir yerə toplamışdır.

1976-cı ildə "Gənclik" nəşriyyatında Xosrov Axundovun həyat və pedaqoji fəaliyyətindən bəhs olunan "Mənalı həyat", 1992-ci ildə "Yazıçı" nəşriyyatında isə onun "Ömürdən səhifələr" adlı kitabı işıq üzü görüb. Şuşanın 250 illiyinə həsr olunmuş "Şuşa" nəşriyyatı tərəfindən 2001-ci ildə nəşr olunan "Şuşa nəğmələri" kitabının I cildinə Mirzə Xosrov Axundovun şeirləri daxil edilmişdir.

Xosrov Axundovun "Şuşada yaşamış görkəmli şəxslərin xatirələri" (206 səhifə), "Şeirlər məcmuəsi" (171 səhifə), "Müxtəlif şeirlər" (21 ədəd dəftər) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılır.

Bütün ömrünü Şuşada savadsızlığın ləğvinə həsr edən Mirzə Xosrov Axundovun adına Bakıda məktəb də var. Binəqədi rayonunda yerləşən 102 saylı məktəb 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 sentyabr 1993-cü il tarixli, 516 №-li qərarına əsasən, görkəmli pedaqoq Mirzə Xosrov Axundovun adını daşıyır.

Onu da deyim ki, bu il Xosrov Axundovun anadan olmasının 130 illiyidir. Çox istərdim ki, müvafiq təşkilatlar bunu nəzərə alaraq, Şuşada savadsızlığın ləğvində fəal iştirak edən bir qabaqcıl maarif xadimi kimi müəyyən tədbir keçirilməsinə köməklik göstərsinlər.

 





01.03.2019    çap et  çap et