525.Az

"Fitch Ratings" İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirdi


 

"Fitch Ratings" İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirdi<b style="color:red"></b>

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin "Fitch Ratings" Agentliyi tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib.

Fonddan verilən məlumata görə, agentliyin qiymətləndirilməsinə əsasən, fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi "BB+" səviyyəsində (proqnoz "stabil") təsdiq edilib.

Agentliyin "Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"na əsasən, fondun reytinqi Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, fondun 100 faiz dövlətə məxsus olması, fəaliyyətinə ciddi nəzarət olunması və ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətinə malik olması ilə əlaqədardır.

Reytinq, həmçinin, fondun davamlı kapitallaşması və Mərkəzi Bankın fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi şəklində olan dövlət dəstəyini əks etdirir.

Agentlik fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini güclü olaraq qiymətləndirib və qurulduğu gündən etibarən hökumətin fonda davamlı dəstək göstərdiyini qeyd edib.

Sahibkarların kreditlərinə təminat və hesablanmış faizlərə görə subsidiyaların verilməsi vəzifələri fondun mandatına əlavə edildikdən sonra bu dəstəyin miqyası daha da artıb.

2018-ci ildə fondun kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 milyon manat məbləğində vəsait ayrılıb və 2018-ci ilin sonuna kapitalı 466 milyon manata çatıb.

Agentliyin mülahizəsinə görə, orta müddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın likvidlik dəstəyi şəklində fondun dövlət tərəfindən dəstəklənməsi davam edəcək.

Əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə alaraq agentlik hesab edir ki, dövlətin mənzil siyasətində fond strateji əhəmiyyətə malikdir.

Fondun daxili fond bazarında mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.

Fondun qeyri-kommersiya missiyasına baxmayaraq agentlik hesab edir ki, fond sağlam maliyyə vəziyyətini qorumağa davam edəcək. Bu, müntəzəm dövlət yardımları, ucuz maliyyələşdirmə, fondun ipoteka portfelinin keyfiyyəti və qənaətbəxş likvidlik mövqeyi ilə təmin olunacaq.

CEYHUN

 





01.03.2019    çap et  çap et