525.Az

Prezident: “Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır”


 

“BİZİM İQTİSADİ İMKANLARIMIZ YARANDIQCA, İLK NÖVBƏDƏ, PROBLEMLİ KREDİTLƏR MƏSƏLƏSİNİ HƏLL ETMƏYƏ QƏRAR VERDİK VƏ BUNU BACARDIQ”

Prezident: “Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır”<b style="color:red"></b>

Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı verdiyi fərmanla növbəti humanist addıma imza atıb.

Dövlət başçısının müvafiq qərarı ilə 400 mindən çox vətəndaş xarici valyutada götürdüyü kredit borcunun devalvasiya yükündən azad olunur, təxminən bu qədər vətəndaşın isə 360 günədək gecikdirilmiş milli valyutadakı kredit borcuna ciddi güzəşt mexanizmləri tətbiq edilir. Müvafiq fərmanla 2015-ci ilin dekabrın 21-dək bankdan xarici valyuta ilə götürdüyü krediti sonrakı dövr ərzində bağlayan vətəndaşların ödədiyi əlavə vəsait də geri qaytarılacaq.

Cəmiyyətin müxtəlif təbəqələrində sevinclə qarşılanan bu fərman prezidentin həyata keçirdiyi sosial tədbirlərin məcmusunun tərkib hissəsi kimi qiymətləndirilir.

Təsadüfi deyil ki, dünən Azərbaycanın bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşən dövlət başçısı çıxışında bu məsələyə geniş yer verib, həyata keçirilən ciddi sosial paketin əhəmiyyətindən danışıb.

Dövlət başçısı qeyd edib ki, iqtisadi sahədə aparılan islahatlar gözəl nəticələr verir: “Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib. Əminəm ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaq. Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə verib. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olub. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir”.

Prezidentin sözlərinə görə, iqtisadi islahatlar imkan verib ki, sosial sahədə çox ciddi addımlar atılsın: “Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanıb. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir.

Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən (fevralın 28-də - red.) imzaladığım fərman 800 min insanı əhatə edir. Bu fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr var. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmayıb. Yəni bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”.

Sözügedən fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu fərman qüvvəyə mindiyi günə Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.

2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları), 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) güzəşt nəzərdə tutulub.

Ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək.

Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.

Mərkəzi Bank Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verəcək. Mərkəzi bank həmçinin, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edəcək.

Banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, elədə də borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə olunur.

Maliyyə Bazarlarına Nəzarət Palatası isə banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Maliyyə Nazirliyinə və Mərkəzi Bankına məlumat verməlidir.

Dövlət başçısının fərmanını şərh edən Milli Məclisin deputatı Tahir Mirkişili qeyd edib ki, 2015-ci il, fevralın 21-dək, yəni 1-ci devalvasiyaya qədər 10 min dollara qədər kredit borcu olan vətəndaşlar həmin tarixə xarici valyutada borcu olan vətəndaşların ümumi sayının 92 faizini təşkil edir. O bildirib ki, bugünə qədər 17 min manata qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar milli valyutada vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 99 faizini təşkil edir.

T.Mirkişilinin sözlərinə görə, ümumilikdə isə bugünə qədər 10 min dollara qədər vaxtı keçmiş kredit borcu olan vətəndaşlar dollarda vaxtı keçmiş kredit borcları olan vətəndaşların ümumi sayının 95 faizini təşkil edir.

Deputat qeyd edib ki, milli və xarici valyutada 17 000 manata qədər vaxtı keçmiş kredit borclarının ümumi həcmi 900 milyon manat, bu borclara hesablanmış faiz, dəbbə pulu və cərimələrin həcmi isə 750 milyon manat təşkil edir: “Bu cür kreditlər 830 min fiziki şəxsi əhatə edir”.

T.Mirkişili deyib ki, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə 311 min iddia var və bu iddiaların həcmi 616 milyon manat həcmindədir.

Ceyhun ABASOV

 





02.03.2019    çap et  çap et