525.Az

Prezidentin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir


 

DÖVLƏT BAŞÇISI PROBLEMLİ KREDİTLƏR MƏSƏLƏSİNİ HƏLL ETMƏKLƏ XALQA XİDMƏTİN ƏN YÜKSƏK NÜMUNƏSİNİ GÖSTƏRDİ

Prezidentin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərman vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanıb.

Bu mühüm qərar 900 minə yaxın vətəndaşın onları xeyli müddətdir narahat edən probleminə son qoyacaq. Dövlət başçısının bu ildən başlatdığı surətli islahatlar, sosial sahədə həyata keçirilən tədbirlər, nəhayət, problemli kreditlərlə bağlı fərmanı həqiqətən də vətəndaşların sosial müdafiəsi istiqamətində inqilabi dəyişikliklərdir. Bütün bunlar bir daha aparılan siyasətin  mərkəzində Azərbaycan vətəndaşının dayandığını və dövlət başçısının söylədiyi kimi, ölkənin iqtisadi gücünün, uğurlarının vətəndaşların sosial rifah halının yaxşılaşmasına yönəldiyini sübut edir.

Məlumdur ki, 2014-cü ildən bütün dünyada yaşanan iqtisadi böhran Azərbaycandan da yan keçmədi. Neft kəskin ucuzlaşdı, milli valyutalar, o cümlədən, Azərbaycan manatı devalvasiyaya məruz qaldı. Əlbəttə ki, belə bir şəraitdə ilk növbədə böhranın fəsadlarını dəf etmək, müvafiq tədbirlər görmək zəruri idi. Məhz Azərbaycan prezidentinin vaxtında qəbul etdiyi çox uzaqgörən qərarlar sayəsində ölkədə böhran dalğası dərinləşmədi, qeyri-neft sektorunun inkişafı üçün çox vacib addımlar atılmağa başladı. Problemli kreditlər məsələsi də həmin vaxtdan yarandı. Amma məlumdur ki, belə bir şəraitdə dərhal problemli kreditlər məsələsini həll etmək mümkün deyildi. Bunun üçün manatın məzənnəsinin sabitləşməsi, ölkənin gəlirlərinin, valyuta ehtiyatlarının müəyyən həddə artması, iqtisadi inkişaf tempinə nail olunması vacib idi.

Hələ fərman imzalanmazdan bir müddət əvvəl prezidentin problemli kreditlərlə bağlı məsələnin araşdırıldığını, yaxın günlərdə qərar veriləcəyini anons etməsi insanlarda böyük ruh yüksəkliyinə səbəb olmuşdu.

Nəhayət, fevralın 28-də ölkə rəhbəri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı.

Bu fərman öz məzmununa, əhatə dairəsinə görə çox yüksək qiymətləndirilir. Hərtərəfli araşdırma, təhlillər nəticəsində həm vətəndaşları, həm bankları razı salan, eləcə də dövlət üçün də uğurlu olan mükəmməl bir sənəd imzalandı. Ekspertlər etiraf edirlər ki, belə qərarların qəbul olunduğu digər ölkələrlə müqayisədə Azərbaycan dövlətinin bu sahədə qəbul etdiyi qərar daha məqbul və effektivdir.

Fərmanı şərh edən prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirovun sözlərinə görə, devalvasiyadan yaranan xarici valyutada olan kreditlərin dəyər artımı vətəndaşların bu gün mövcud olan kreditlərinin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Söhbət ödəmə müddəti 360 gündən keçən 10 min ABŞ dolları və 17 min manatadək olan kreditlərdən gedir. Həmin kreditlərin faizləri və dəbdə pulları silinəcək. Onun sözlərinə görə, əgər ödənilən vəsait kreditin bağlanması üçün yetərli deyilsə, kreditin qalan hissəsi ucuz kredit vasitəsilə vətəndaş üçün daha uzun müddətə uzadılacaq: “Yox, əgər kreditə görə ödənilən kompensasiyası devalvasiya məbləğindən daha çoxdursa, vətəndaş üçün kart hesabı açılacaq və vəsait oraya yönəldiləcək. Tövsiyəmiz odur ki, vətəndaşlar evlərində rahat otursunlar, Maliyyə Bazarlarına Nəzarət Palatası banklar və Mərkəzi Bankla birlikdə hər bir vətəndaş üzrə adbaad hesablayacaqlar. Əgər kredit qalığı qalırsa, vətəndaş dəvət olunacaq və yeni kredit müqaviləsi bağlanacaq. Öz vəsaiti hesabına həmin krediti bağlayan vətəndaşlar isə kompensasiyanı tam məbləğdə alacaqlar”.

İqtisadçı ekspert Pərviz Heydərov isə prezidentin imzaladığı fərmanın çox mükəmməl olduğunu deyib: “Bu fərmanla dövlət problemli kreditlərin həllində həm əhaliyə güzəşt tədbiq etməklə dəstək olacaq, həm də banklara kredit şərtlərini dəyişdirərkən itkiyə yol verməməmələri, daha da pis vəziyyətə düşməmələri üçün yardım göstərməklə arxa duracaq. Yəni həm bank sektor qorunacaq, həm də əhalinin sosial mənafeyi qorunacaq, nəzərə alınacaq.

Borcunu ödəyib qutarmış vətəndaşlar artıq ödədiklərini geri almaqla yanaşı, borcunu hələ də ödəyən digərləri isə indiyədək artıq ödədiklərini geri ala biləcək, ödəyə bilmədiklərinə görəsə üzləşdikləri və cərimə, dəbbə kimi məbləğlər vermək sarıdan bir çox çətinlik və sədlərdən xilas ola biləcəklər. Qeyd oluna bilər ki, banklara 10 min dollardan yuxarı məbləğdə borcu olanlar niyə nəzərə alınmadı. Məsələ bundadır ki, əhalinin problemli kreditlər adlı yükü belində daşıyan təbəqəsinin 10 min dollardan çox və yaxud 17 min manatdan yüksək borc götürən hissəsi həssas qrup və dairə sayıla bilməz. Bunu rəqəmlər də təsdiq edir. Təqribi hesablamalara görə, prezidentin fərmanı problemli borcu olanların 90-95 % hissəsini əhatə edəcək. Qeyd edilənlər bir daha sənədin çox mütərəqqi xarakter daşımasının ən bariz nümunəsidir”.

İqtisadçı ekspert Ruslan Atakişiyev isə bu fərmanla problemli kreditlərlə dair məhkəmə çəkişmələrinin vətəndaşların xeyrinə həll olunduğuna diqqət çəkib. O bildirib ki, sənədə əsasən 2015-ci ilin fevralın 21-dək olan kredit müqavilələri üçün hər dollara 0.25 manat dövlət tərəfindən ödəniləcək: “2015-ci ilin dekabrın 21-dək başlanan müqavilələrə görə isə hər dollara görə 0.60 manat ödənməsi irəli çəkilib. Bütün bunlar vətəndaşların kredit yükünün xeyli dərəcədə yüngülləməsinə səbəb olacaq”.

Ekspert söyləyib ki, ölkə başçısının fərmanı əsasında banklara güzəştli kreditlər təqdim olunacaq ki, bu banklara maliyyə institutları qarşısında yaranan öhdəlikləri yerinə yetirmək imkanı yaradır: “İkinci bir tərəfdən Mərkəzi Bankın banklara ayrılacağı 682 milyon manat nəticəsində vətəndaşlar aşağı faizlə kredit götürərək borclarını bağlamaq imkanı əldə edirlər”.

R.Atakişiyev qeyd edib ki, ümumilikdə fərman həm kreditlərlə bağlı uzun müddətli problemin aradan qaldırılmasını, həm bank sektorunda tələb və təklifin prinsiplərini pozmadan bu işi həyata keçirmək, həm də son dövrdə bankların düşdüyü ağır vəziyyətdən çıxmağa xidmət edir: “Bunun nəticəsində vətəndaşların uzun müddətdir kreditlərlə bağlı üzləşdiyi bütün problemlərə son qoyulacaq, onların sosial vəziyyəti daha da yaxşılaşacaq”.

PƏRVANƏ

 





02.03.2019    çap et  çap et