525.Az

Prezidentin incəsənət xadimləri ilə görüşü mədəniyyətin inkişafında yeni mərhələ olacaq


 

TANINMIŞ SƏNƏTKARLAR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVANIN MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİNİN BİR QRUPU İLƏ KEÇİRDİYİ GÖRÜŞÜ YÜKSƏK DƏYƏRLƏNDİRİRLƏR

Prezidentin incəsənət xadimləri ilə görüşü mədəniyyətin inkişafında yeni mərhələ olacaq<b style="color:red"></b>

"Xoşbəxt o sənətkardır ki, onu həm xalq sevir, həm də dövlət. Biz xoşbəxt insanlarıq ki, bu gün dövlətimizin qayğısı ilə əhatə olunmuşuq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bunun bir daha şahidi olduq".
 
Bunu "525"ə  açıqlamasında tanınmış xanəndə, professor, "Şöhrət" ordenli Xalq artisti Səkinə İsmayılova deyib.

Dövlət başçısının və birinci xanımın mədəniyyət xadimləri ilə görüşünün, qaldırılan məsələlərin, irəli sürülən təkliflərin çox önəmli olduğunu bildirən Xalq artisti qeyd edib ki, ölkə Prezidentin bu həssas yanaşması incəsənət xadimlərini çox sevindirir. 

Onun qeyd etdiyinə görə, hər hansı bir sahədə problem olanda bu məsələ diqqətdən kənarda qalmır, daim nəzarətə götürülür və həll edilir:

"Bu, bizi çox sevindirməklə yanaşı, ruhlandırır və yeni yaradıcılığa sövq edir. Bizə olan diqqət və qayğıdan bəhrələnərək yaşatdığımız bu sənəti gələcək nəsillərə daha etibarlı şəkildə ötürəcəyik".

Tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova da iştrakçısı olduğu görüşü çox yüksək və çox müsbət dəyərləndirdiyini bildirib:

"İlk dəfə idi ki, məhz belə bir geniş tərkibdə və geniş miqyasda mədəniyyət, incəsənət adamları ilə görüş keçirilirdi. İlk dəfə idi ki, məhz belə bir açıq, səmimi mühitdə görüş baş tuturdu. Yəni bu görüşdə daha çox məhz mədəniyyət və incəsənət adamlarının özlərinin öz dillərindən onları düşündürən, narahat edən məsələlər, onların daşıyıcısı olduğu sahənin problemləri, həllini gözləyən məqamlar dinlənilirdi".

Xalq artisti qeyd edib ki, ümumiyyətlə, Azərbaycan dövləti, xüsusilə, ölkə prezidenti İlham Əliyev və birinci xanım, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman Azərbaycan mədəniyyətinin və incəsənətinin ən böyük dəstəkçisi, himayəçisi olub:

"Onlar hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə, mədəniyyət və incəsənət xadimlərinə, söz-sənət adamlarına, yaradıcı insanlara böyük qayğı və diqqət göstəriblər. Bu məsələdə, bu sahədə elə bir məsələ qalmayıb ki, onlara diqqət yetirilməmiş olsun. Özünüz də şahidsiniz ki, illərdir Azərbaycan muğamının, Azərbaycan mədəniyyətinin inkişafı, dünyaya yayılması ilə bağlı hansı işlər görülür. Ölkəmizdə muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, Azərbaycan muğamları dünyaya yayılır, çatdırılır. Bu işlərdə də Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun xidmətləri, fəaliyyətləri əvəzsizdir, misilsizdir. Məhz Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun sayəsində Azərbaycan muğamı ikinci nəfəsini, ikinci inkişafını yaşamaqdadır. Amma bununla yanaşı, müəyyən məsələlər var ki, onlar da həllini gözləyir və bu görüşün gözəlliyi də onda idi ki, məhz həmin məqamları, məsələlələri dilə gətirmək, qeyd etmək üçün tam açıq, səmimi bir şərait yaradılmışdı. Hər kəs öz fikrini səmimi və sərbəst şəkildə ifadə edir və onlar hamısı bir-bir dövlət rəhbəri tərəfindən qeydə alınırdı. Mən təkcə bir misal çəkəcəyəm. Məsələn, böyük sənətkarımız, Xalq artisti Şəfiqə xanım Məmmədova Azərbaycan kinematoqrafiyasının, Kinematoqrafçılar İttifaqının vəziyyətindən, üzləşdikləri problemlərdən danışdı. "Düzdür, ağlamırıq. Məktublar yazmışam, lakin bəlkə çatmayıb..." deyərək, İttifaqın 6 ildir binasız qalmasını, kirayə binada fəaliyyət göstərdiyini bildirdi və bu məsələnin həlilinə köməklik göstərilməsini istədi. Dərhal, digər təkliflər kimi, həmin təklif də dövlət başçısı tərəfindən diqqətə alındı, yerindəcə göstərişlər verildi. Elə həmin görüşdən sonra dövlət başçısı Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı sərəncam imzaladı. Bununla yanaşı, görüşdə iştirak edən digər yaradıcı insanlarımız onların özləri ilə birbaşa bağlı məsələləri deyil, məhz onların əhatə olunduğu sahənin problemləri ilə bağlı maraqlı təkliflərini səsləndirdilər".

"Ölkə prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüş Azərbaycan mədəniyyəti və incəsənətinin gələcək inkişafında öz müsbət və əvəzsiz rolunu oynacayaq". Bunu isə digər tanınmış sənətkar, Xalq artisti Mənsum İbrahimov deyib.

Ölkənin mədəniyyət və incəsənət aləminin tanınmış insanlarının bir qrupu ilə keçirilən görüşü müsbət qiymətləndirdiyini, tarixi hadisə hesab etdiyini bildirən Xalq artisti qeyd edib ki, bu tipli görüş ilk dəfə idi keçirildi:

"Mən şəxsən bir sənət adamı, muğam ifaçısı kimi bu görüşü tarixi, əvəzsiz bir görüş kimi dəyərləndirirəm. Bu görüş başdan-ayağa səmimiyyət üzərində qurulmuşdu, hər kəsə öz sözünü çatdırmaq, problemləri, narahatlıq doğuran məqamları dilə gətirmək üçün əla şərait yaradılmışdı. Təbii ki, öncə dövlət başçısı özü son illər ərzində görülən işlərdən, o cümlədən, tələbələrin təqaüdlərinin, əməkhaqlarının, pensiyaların artırılmasından, problemli kreditlərlə bağlı analoqu olmayan fərmanın imzalanmasından və digər məsələlərdən danışdı. Hətta qeyd etdi ki, bundan sonra nələr görülməlidir, onu da siz özünüz deməlisiniz. Ölkə başçısı çıxışında muğam müsabiqələrinə xüsusilə toxundu və qeyd etdi ki, canlı yayımda göstərilən muğam müsabiqələri çox böyük auditoriya yığır. O, özünün də həmin müsabiqələri izlədiyini qeyd edərək, "biz də baxırıq, bilirəm ki, vətəndaşların mütləq əksəriyyəti baxır..." - deyə, bildirdi və bununla bir daha Azərbaycan muğamına özünün yüksək münasibətini ortaya qoydu.

Görüşdə həmçinin, yaradıcılıq ittifaqlarının rəhbərləri - Xalq yazıçısı Anar, Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Şəfiqə Məmmədova və digərləri öz sahələrinin problemlərindən danışdılar, təkliflərini səsləndirdilər. Səhv etmirəmsə, Firəngiz xanım özəl televiziyalarda da bədii şuraların yaradılması təklifini səsləndirdi və bu məsələ həssaslıqla qarşılandı, tövsiyə edildi ki, AzTV ilə yanaşı, digər özəl kanallar da bu formatdan istifadə etsinlər. Bildiyiniz kimi, AzTV-də artıq Bədii Şura yaradılıb, fəaliyyətdədir. Amma onu da deyim ki, AzTV-də Azərbaycan mədəniyyəti və insənəti ilə bağlı məsələlər yerli-yerindədir. AzTV-də yüngül, bayağı musiqiyə heç zaman yol verilmir. Bir dənə də olsun belə bir nümunəyə rast gəlmək mükün deyil. Amma orada da bir qədər canlanmaya ehtiyac var. Bağayı musiqilər, bayağı musiqiçilər, bayağı söhbətlər daha çox özəl kanallarda olur, baş verir. İnsanlar da bununla bağlı zaman-zaman öz narahatlıqlarını, etirazlarını ifadə edirlər. Bu baxımdan, artıq özəl kanallarda da belə bədii şuralara ehtiyac var. Bununla yanaşı, görüşdə gənclərin, gənc sənətçilərin, xüsusilə, aktyorların durumu dilə gətirildi. Çünki digər sahənin insanları ilə müqayisədə kino sahəsinin insanları bir qədər çətin durumdadır, əməkhaqları istənilən səviyyədə deyil. Onlar əslində, çox fədakar insanlardır. Bu baxımdan onların da məsələləri dilə gətirildi və dövlət başçısı tərəfindən diqqətə, qeydə, nəzərə alındı. Ona görə hesab edirəm ki, bu görüşün Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında çox böyük rolu olacaq. Özü də maraqlı məqamlardan biri budur ki, dövlət başçısı bu görüşün sonuncu görüş olmadığını, gələcəkdə də davamlı olacağını bildirdi, bu da hər bir mədəniyyət, incəsənət adamına çox böyük ruh verdi".

K.HƏMZƏOĞLU 

 





05.03.2019    çap et  çap et