525.Az

Mədəniyyət sahəsində işlər sistemli qaydada aparılacaq


 

"HEÇ BİR ÖLKƏDƏ MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT XADİMLƏRİNƏ AZƏRBAYCANDAKI QƏDƏR DİQQƏT VƏ QAYĞI GÖSTƏRİLMİR"

Mədəniyyət sahəsində işlər sistemli qaydada aparılacaq<b style="color:red"></b>

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü diqqət mərkəzində olan mövzulardan biridir.

Toplantıda prezidentin ölkə miqyasında həyata keçirilən islahatlar, onların nəticələri, qarşıdakı dövrdə həyata keçiriləcək layihələrlə bağlı çıxışı, mədəniyyət xadimlərinin qaldırdığı məsələlər, eləcə də müəyyən mənada kiçik görünən, lakin böyük işlərin həllinə maneə yaradan nüasnların da aradan qaldırılmasına göstərilən çevik reaksiya cəmiyyətin müxtəlif təbəqələri tərəfindən yüksək qiymətləndirilir, bu formatda digər fəaliyyət sektorlarının nümayəndələriylə də görüşlərin keçirilməsini, davamlı xarakter almasını aktuallaşdırır. Təsadüfi deyil ki, dövlət başçısı giriş nitqində belə görüşlərin keçirilməsinin zəruriliyinə toxunub və fikirlərini bu cür ifadə edib: "Ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilib. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq".

Prezident iqtisadi, sosial, təhsil, səhiyyə, məhkəmə-hüquq, şəhərsalma və digər sahələrdə həyata keçirilən islahatlara toxunub, atılan addımlar müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Eyni zamanda, ölkə rəhbəri mədəniyyət və incəsənət sahəsində görülən işlər, əldə olunan nəticələrdən danışıb, bu sahənin bir qrup görkəmli nümayəndəsi ilə keçirilən görüşən məsələlərə kompleks baxış imkanı verdiyini nitqində ifadə edib: "O ki qaldı, mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq. Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir".

Prezident paytaxtda və bölgələrdə teatr, muzey, məscidlərin təmir-bərpası, yeni mədəniyyət ocaqlarının yardılması, görkəmli şəxsiyyətlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə toxunub, klassiklərin əsərlərinin latın qrafikasında yenidən nəşr olunduğunu qeyd edib: "İndiyədək bu sahədə görülən işlər bundan ibarətdir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz".

Dövlət başçısının bu çıxışından sonra toplantıda iştirak edən mədəniyyət xadimləri fəaliyyət sahələrinə uyğun bir sıra problemləri qeyd edib, görülən işlərdən danışıb, təklif və xahişlərini səsləndiriblər.

Prezident İ.Əliyev qaldırılan məsələlərin hər birinə ayrı-ayrılıqda qiymət verib, xahişlərlə yanaşı, ümumi əhəmiyyət kəsb edən hər bir təklifin ciddi araşdırılaraq həll olunması istiqamətində konkret tapşırıqlarını verib.

Görüşlə bağlı təəssüratlarını bildirən Xalq artisti Afaq Bəşirqızı qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə çox önəmli məsələlər qaldırılıb, mühüm təkliflər irəli sürülüb. O, "Azərtac"a bildirib ki, bu görüş onlarda çox gözəl təəssüratlar yaradıb: "Biz incəsənət xadimləri öz problemlərimizi hər kəsə danışa bilmirik. Buna görə də prezidentimizin də qeyd etdiyi kimi, belə görüşlərin keçirilməsi çox vacibdir".

"Biz sənətdə bu məqama asan gəlib çıxmamışıq, sənət yolunda canımızı qoymuşuq. Amma bu gün biz sənət adamları qazandıqlarımızı öz şəxsi ambisiyalarımız üçün xərcləməməliyik, əldə etdiklərimizi gənc nəsillə paylaşmalıyıq. Mən görüşdə bu məsələni qaldırdım və çox da məmnun qaldım. Prezident də təkliflərimi gözəl qarşıladı, yekun çıxışında bu məsələyə də toxundu. İnanıram ki, nəticələr tez bir zamanda özünü göstərəcək", - deyə Xalq artisti bildirib.

Xalq artisti Samir Cəfərov isə bildirib ki, heç bir ölkədə mədəniyyət və incəsənət xadimlərinə Azərbaycandakı qədər diqqət və qayğı göstərilmir: "Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, dövlət başçısının onların qaldırdıqları məsələləri, irəli sürdükləri təklifləri dinləyərək vacib məsələlərin həlli ilə bağlı tapşırıqlar verməsi bu diqqət və qayğının daha bir əyani göstəricisidir".

Xalq artisti qeyd edib ki, Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin qayğılarını, problemlərini hər zaman diqqətdə saxlayır: "Dövlət başçısı sənət adamlarına mükafatların verilməsi, yubileylərinin keçirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq sərəncamlar imzalayır. Prezidentin bu diqqət və qayğısı həmişə sevinclə və rəğbətlə qarşılanır".

Ceyhun ABASOV

 





05.03.2019    çap et  çap et