525.Az

"Qarabağ" küçəsindən... Şuşaya...


 

"Qarabağ" küçəsindən... Şuşaya...<b style="color:red"></b>

Külək məni təntitmişdi. Əlimi qaldıran kimi yanımda saxladı. Mənə elə gəldi ki, havanın qarlı, şaxtalı, yağışlı olmasından istifadə edən fürsətcillər kimi bu taksi sürücüsü də çoxuzun olmayan məsafəyə görə "qiymət oxuyacaq". Əlimdən qaçacaqmış kimi, beş manatı ovcumda bərk-bərk tutmuşdum.

- Hə, qardaşoğlu, hara gedirsən?

- "Qarabağ" küçəsinə, "Yaşıl bazar"ın arxa tərəfinə. Neçəyə apararsan?

- Nə versən...

Düzü, onun bu sözünə təəccübləndim və tez də cavabını verdim:

- 3 manatım var, olarmı?

- Niyə olmur ki...

Yenicə yerimizdən tərpənmişdik ki, sükutu o pozdu:

- Gərək milləti yola verəsən. Dünya dağılır. Yenə şükür, bizdə əmin-amanlıqdır, pis-yaxşı dolanmaq olur. İki qardaşım şəhiddir. Yaxşı imkanlarım olub. İndi çörəyim yoldan çıxır. Özüm Xocavənddənəm. Qocalar gedir, cavanlar qocalır, uşaqlar da asfaltın üstündə böyüyürlər... Başağrısı deyil ki, qardaşoğlu?

- Yox, - dedim.

Çox şahidi olmuşam. Vaxtilə var-dövlət sahibi olan bəzi adamlar nədənsə "pul qazanmağın son duracağı" olan "taksavatlıqda" dayanırlar. Bu xocavəndlinin söhbəti bir neçə gün öncə başqa bir taksiçini yadıma saldı. Böyük radiotexnika mağazalarından birinin yaxınlığında müştəri gözləyir əvvəli milyonçu, sonu taksi sürücüsü olan Vəli dayı. Vaxtilə özünün şadlıq sarayı olub, çoxuna kömək edib, əl tutub, çörək verib.

Taksi sürücüsünün səsi məni xəyaldan ayırdı:

- Mənə "dəli" deyirlər. Bilirsən niyə?

Çiynimi çəkib yenə "yox" dedim.

- Çox vaxt Lökbatan dairəsində dayanıram. Orda da qocalı-cavanlı onlarla taksi sürücüsü var. Hamısı bir parça çörəyə çıxıb. Müştəri "tutmaq" üçün gedəcəkləri rayonların adını çığırırlar: "Salyan", "Masallı", "Lənkəran"... Dayanıb sakitcə qulaq asıram. Ürəyimin başı tökülür ki, bircə kərə "Xocavənd", "Xocalı", "Kəlbəcər"...deyən olaydı. Amma bir dəfə dözməyib maşınımın yanında qışqırmağa başladım: "Xocavənd", "Xocalı", "Cəbrayıl"... Gedən olsa, lap Şuşaya da sürərəm. Sonra maşına oturub hönkür-hönkür ağladım...

Mənim də kövrəldiyimi görüb maşını yolun kənarına çəkdi. "Sənə nə oldu, qardaşoğlu", -deyib əlini çiynimə qoydu.

Mən də yurd itirmişəm. 1988-ci ildə doğulduğum torpaqlardan didərgin  düşmüşəm, - dedim.

Mənzil başına çatanda ovcumdakı beş manatı ona uzatdım. Əlimi geri itələdi. Maşından düşüb üstünə "Qarabağ" küçəsi yazılmış lövhəyə baxıb başını aşağı saldı. Maşına oturmaq istəyəndə: "İşdi, əgər, Şuşaya gedəsi olsan, məni yaddan çıxarma", - dedim.

Bir söz deməyib əllərini göyə qaldırdı...

 





05.03.2019    çap et  çap et