525.Az

Ombudsman parlament qarşısında hesabat verdi


 

Ombudsman parlament qarşısında hesabat verdi<b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən plenar iclasında Ombudsman Elmira Süleymanovanın növbəti illik hesabatının müzakirəsi aparılıb.

Ombudsman çıxışında ölkə prezidentinin fevralın 28-də imzaladığı problemli kreditlərlə bağlı fərmanına toxunub. Ombudsman bu məsələnin uzun illər cəmiyyətin ciddi problemlərindən birinə çevrildiyini xatırladaraq qeyd edib ki, bu fərman həm də insanların sosial-iqtisadi güzərlarının yaxşılaşdırılması istiqamətində atılan və böyük humanist addımdır. Ümumiyyətlə, Ombudsmanın hesabatında bir çox məsələlər yer alıb ki, onlardan biri də  pulsuz dərman preparatları məsələsidir. Hesabatda qeyd olunur ki, dövlət hesabına dərman preparatları ilə təmin edilən, imtiyazlı qruplardan olan vətəndaşların şikayəti müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır: "Odur ki, tələbata müvafiq olaraq, hepatit, şəkərli diabet, hemofiliya və talassemiya xəstələri də xüsusi nəzərə alınaraq, "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"nda dövriyyədən çıxarılmışların yeni tövsiyə edilən dərmanlarla əvəz olunması zəruridir".

Hesabatda yer alan məsələlərdən biri də məhkəmə şikayətləri ilə bağlı məsələdir. Qeyd edilib ki, İnsan Hüquqları üzrə Müvəkkilin ünvanına ötən bir ildə  hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı 1 442 müraciət daxil olub. Sonra göstərilib ki, bu müraciətlərdə əsasən, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, o cümlədən, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin vaxtında göndərilməməsi, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb. Ombudsman qeyd edib ki,  bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilməyib, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnib. "Birinci instansiya məhkəməsinin qərarından verilən şikayətin apellyasiya instansiyasına göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olub. Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir".

Hesabatda qeyd olunub ki, İnsan Hüquqları üzrə Müvəkkilin Milli Preventiv Qrupu (MPQ) Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Miqrasiya xidmətlərinin, rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan, ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 240-dək müəssisəyə, o cümlədən, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinə əvvəlcədən xəbərdarlıq etmədən 343 dəfə baş çəkib. Bunların da  220-i planlı, 123-ü isə plandankənar olub. Eyni zamanda, saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb.

Ombudsmanın hesabatından sonra müzakirələrə başlanılıb.

Millət vəkili Tahir Kərimli təklif edib ki, Qəbələ şəhərinin 2500 illiyi qeyd olunsun. O qeyd edib ki, Qəbələ Azərbaycanın və dünyanın ən qədim yaşayış məskənlərindəndir. "Bu barədə tarixi faktlar və sənədlər də var. Ona görə yaxşı olardı ki, Qəbələnin yaranmasının 2500 illiyi qeyd olunsun" - deyə, millət vəkili əlavə edib.

Millət vəkili Fazil Mustafa çıxışında deyib ki, xidmət sektorunda vaxt məsələsi çox ciddi məsələlərdəndir. Millət vəkili qeyd edib ki, insanlar daha çox öz şəxsi problemləri ilə həftənin bazar günləri məşğul olurlar: "Məsələn, avtomobillərin satışı məsələsi daha çox bazar günü həyata keçirilir. İnsanlar iş günləri bununla məşğul ola bilmirlər. Ona görə yaxşı olardı ki, vacib xidmət sektoru ilə  bağlı bazar günlərinə iş salınsın. Yəni onlara həftənin ara günlərindən birində istirahət günü verilsin və bunun əvəzində bazar günləri işləsinlər".

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov isə çıxışı zamanı ölkə prezidentinin hüquqlarının qorunması ilə bağlı Ombudsman qarşısında məsələ qaldırıb. Millət vəkili bildirib ki,  ölkə prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir. "Öncə deyim ki, Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi diqqət yetirilmir. Ölkə başçısı tərəfindən həyata keçirilən işlər Ombudsmanın fəaliyyətini də yüngülləşdirmiş olur" - deyən millət vəkili sonra insan hüquqlarının qorunması ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyərək qeyd edib  ki, Azərbaycan prezidentinin hüquqları qanunla qorunur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insanlar var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara baxır. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab prezidentin hüquqları qanunla qorunduğu kimi, Ombudsman tərəfindən də bu məsələyə diqqət edilməldir".

Millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, İnsan Hüquqları üzrə Müvəkkil təhqir və böhtanlarla bağlı xarici ölkələrin ombudsmanlarına müraciət etməlidir. "Heç bir namuslu kişi söyüş söyməz. Bilir ki, həmin söyüşün 10 qat artığı geri qaytarılır" - deyən millət vəkili qeyd edib ki, bəzi şəxslər ləyaqətlərini satıblar, ona görə də belə işlərlə məşğuldurlar. O, bu istiqamətdə addımlar atılmasını təklif edib.

Müzakirələrdən sonra hesabat təsdiqlənib.

Kamil HƏMZƏOĞLU

 





06.03.2019    çap et  çap et