525.Az

Sosial çözüm: XXI əsr diplomatiyasının çeviklik formulu


 

Sosial çözüm: <b style="color:red">XXI əsr diplomatiyasının çeviklik formulu</b>

"Ötən əsrdə iri dövlətlər kiçik dövlətləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng" dövlətləri "həzm edəcəklər"...

Tomas Fridman 

İqtisadi diplomatiyanın böyük təsir gücünə malik olduğu bir dövrdə yaşayırıq. Beynəlxalq iqtisadi müstəvidə ölkə mövqeyinin möhkəmlənməsi və əhalinin rifahının daha da yaxşılaşması ölkə diplomatiyasının başlıca inkişaf strategiyası kimi qiymətləndirilir. Buna görə də iqtisadi diplomatik fəaliyyətin qurulması və tənzimlənməsi, onun prinsiplərinin qorunması həm mövcud iqtisadi böhranı aradan qaldırmaq üçün, həm də ölkənin beynəlxalq imicinin artması baxımından çox vacib amildir. Bu konteksdə son zamanlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Azərbaycan  prezidentinin verdiyi fərman və sərəncamlar ölkədə çox pozitiv mənzərə yaratmaqla yanaşı, ölkənin beynəlxalq imicini artırmış oldu.

Dörd il öncə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə milli valyutanın beynəlxalq valyuta qarşısında dəyərdən düşməsi nəticəsində bir sıra sosial, iqtisadi çətinliklər yarandı. Bugünə qədər bəzi ölkələrdə həmin devalvasiyanın ciddi fəsadları hələ də davam edir. Yəni bu böhranın baş verdiyi ölkələrin əksəriyyəti hələ də sosial-iqtisadi problemlərin çözüm nöqtəsini tapa bilməyib və təəssüf ki, bu problemlər getdikcə daha çox dərinləşməyə və geniş vüsət almağa başlayır.

Dünyada gedən siyasi proseslər fonunda nəinki bir sıra ölkələr, hətta qabaqcıl ölkələr belə sosial, iqtisadi problemlərlə üz-üz qalır, dövlət başçıları, siyasətçilər, iqtisadçılar vəziyyətdən çıxmağın müxtəlif yollarını axtarır, bu mövzü ətrafında əməlli-başlı baş sındırırlar.

Tanınmış iqtisadçı Adam Smit böhranlardan çıxış yolunu belə qiymətləndirirdi: "Dövlət hər bir əmək qabiliyyətli insana münasib şərait yaratsa, o, heç vaxt cəmiyyətə borclu qalmaz. İnsanların əməyi, yaradıcı fəaliyyəti kənd, qəsəbə, rayon, şəhər, ölkə və dünya miqyasında düzgün təşkil edilməli və istiqamətləndirilməlidir".

Prezidentin fərman və sərəncamlara uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, minimum əməkhaqqının, pensiyaların artırılması onminlərlə ailəyə sevinc bəxş elədi, yüzminlərlə insanın daha yaxşı yaşamasına şərait yaratdı. Xüsusilə manatın devalvasiyası nəticəsində yaranmış problemli kreditlərin həll edilməsi əhalinin maliyyə yükünü xeyli azaltmaqla, onları "bank kabusu"nun cəngindən aldı.

Sosial sahədə belə ciddi addımların atılmasını şərtlədirən ən böyük amil əlbəttə ki, ölkədə gedən iqtisadi islahatlarla bağlıdır. Bu islahatların yerində və vaxtında həyata keçirilməsi dövlət büdcəsinə əlavə vəasitlər qazandırdı. Dövlət bu vəsaitləri ölkədə sosial vəziyyətin yaxşılaşdırılmasına yönəltməklə bir daha xalqın yanında olduğunu göstərmiş oldu.

Prezident İlham Əliyevin ard-arda imzaladığı bir neçə fərman və sərəncam ümumilikdə təxminən üç milyon Azərbaycan vətəndaşını əhatə edir ki, bu da ölkə əhalisinin üçdə biri deməkdir. Kifayət qədər böyük göstəricidir.

Bütün bu məsələlərin fonunda Azərbaycanın beynəlxaq imicinin günü-gündən artdığını, beynəlxalq arenada ölkəmizin yerinin daha da möhkəmləndiyini xüsusilə vurğulamaq lazımdır. İqtisadi diplomatiyanın xarici diplomatiyanın bir hissəsi olduğu burada da özünü qabarıq formada göstərir.

Müxtəlif ölkə başçılarının hər il Azərbaycana rəsmi səfərlərini müşahidə edirik. Bu səfərlərin sayı ildən-ilə artmaqda davam edir. Elə bir neçə gün öncə, 27 fevral tarixində Gürcüstanın yeni prezidentinin Azərbaycana səfərini qeyd etmək olar.

Səfər çərçivəsində Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Azərbaycanla daha böyük miqyaslı layihlər həyat keçirmək niyyətində olduğunu açıqca ifadə etdi. Düzdür, Azərbaycan ilə Gürcüstan arasında tarixi bağlar mövcutdur və iki ölkə arasında əlaqələr, xüsusilə siyasi münasibətlər indi də yüksək səviyyədədir, ancaq bu həm də onu göstərir ki, müəyyən radikal dairələr tərəfindən Qafqazın ən demokratik ölkəsi kimi göstərilən Gürcüstan regionun lider ölkəsi ilə əlaqələri genişlədirmək, müxtəlif sahələrdə yeni əməkdaşlıqlar etmək niyyətindədir.

Ciddi devalvasiya baş vermiş ölkələrin heç birində vətəndaşların sosial şəraitlərinin yaxşılaşdırılmasına hesablanmış belə sosialyönümlü addımlar atılmayıb, analoji hal heç bir MDB ölkəsində baş verməyib. Halbuki bu ölkələrin heç biri bu gün Azərbaycan kimi müharibə şəraitində yaşamır və bu ölkələrin heç birinin bir milyondan çox məcburi köçkün problemi yoxdur.

Bugün ölkədə aparılan siyasi və iqtisadi islahatlar, dövlət strukturlarında ciddi kadr dəyişiklikləri, sosialyönümlü addımların atılması, operativ və effektiv idarəçilik sisteminin yaradılması bilavasitə dövlət başçısının çevik siyasi zəkasının nəticəsidir. Bütün bunlarla yanaşı, ölkdə müxtəlif sahələrdə baş verən canlanma onu deməyə əsas verir ki, ərazi və əhali baxımından o qədər də böyük olmayan Azərbaycan siyasi və iqtisadi baxımdan sürətlə genişlənir və inkişaf edir. Bu yazını soial-demokrat  Karl Marksın məşhur "inkişafın hərəkətverci qüvvəsi maşın və mexanizmlər deyil, insanlardır" fikiriylə bitirmək istəyirəm və onunla tamailə razıyam. Hər gün inkişaf etmək lazımdır.

 





06.03.2019    çap et  çap et