525.Az

Yaponiyada Azərbaycan haqqında növbəti dərs keçirildi


 

Yaponiyada Azərbaycan haqqında növbəti dərs keçirildi<b style="color:red"></b>

Yaponiya məktəblərində Azərbaycanla bağlı dərslər davam etdirilir. Bu dəfə, martın 6-da Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov paytaxt Tokionun Maçida bölgəsində yerləşən məktəbdə şagirdlərlə görüşüb.

Bu barədə “525”ə danışan həmyerlimiz qeyd edib ki, dərsdə Azərbaycanın zəngin və qədim mədəniyyəti, onun tarixi, müstəqillik dövründən sonra əldə edilmiş nailiyyətləri, Azərbaycanın yaponsevərliyi, xalqlarımız arasında olan oxşarlıqlar, mədəni mübadilələr haqqında geniş məlumat verib.

Eyni zamanda, o, Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik olması, bu sahələrdə Yaponiya şirkətlərinin yaxından inkişaf etməsi, ölkəmizin tolerant və multikultural dəyərlərə sadiqliyini vurğulayıb, ölkələrimiz arasında həm siyasi müstəvidə, həm mədəni, həm də biznes müstəvisində əldə olunmuş nailiyyətlər haqqında fikirlər səsləndirib.

Ə.Məmmədov qeyd edib ki, yaponiyalı şagirdlər daha çox Azərbaycanın turizm potensialına böyük maraq göstəriblər. Xüsusilə Naftalanın neft vannaları, Naxçıvanın müalicəvi əhəmiyyətli duz dağı, Yanar Dağ, Palçıq vulkanları, Azərbaycanın milli mətbəxi haqda çoxlu suallar verilib.

Həmyerlimiz bildirib ki, son zamanlar Yaponiya televiziyalarında Azərbaycanla bağlı verilişlərin sayının artması burada ölkəmizin daha geniş tanınmasına gətirib çıxarıb: “Azərbaycanla biznes əlaqələri qurmaq istəyən Yaponiya şirkətlərinin sayı ciddi dərəcədə artıb. Təsadüfi deyil ki, son illər Azərbaycana səfər edən yaponiyalıların sayında 60 faiz artım var”.

Ə.Məmmədov ölkələrimiz arasında əlaqələrin daha da dərinləşəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, son 3 il ərzində həmyerlimiz Yaponiyanın Tokio, Yokohama, Saitama və Çiba şəhərlərində yerləşən məktəblərdə, eləcə də Hokkaido Universitetində Azərbaycanın mədəniyyəti və multikulturalizmi haqqında dərslər keçib.

2018-ci ilin oktyabr ayında isə Ə.Məmmədovun yapon dilində “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı kitabı işıq üzü görüb. Nəşr Yaponiyada kifayət qədər marağa səbəb olub. 

C.ABASOV

 





07.03.2019    çap et  çap et